Məhkəmə qərarları › İş №e-2-2(117)-63/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-63/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-63/2024 15.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “264 manat abunə borcunun və 30 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli 72800 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri- 130 tipli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayışla müəyyən edilmişdir ki, cavabdehin sahibkarlıq fəaliyyəti xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,111 MF markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh arasında da xx.xx.2018-ci ildə 72800 nömrəli müqavilə ilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyini 2018-ci ilin 10 ayı, 2019-cu ilin 10 ayı, 2020-ci ilin 2 ayı yerinə yetirmiş ödənişləri etmiş, sonradan bu öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh tərəfindən 2019-cu ildən 2 ay, 2020-ci ildən 10 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cu ildən 10 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin abunə borcu 264 manat pul məbləği ödənilməmişdir. Bu səbəbdən tələb olunan pulun tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanları üzrə sonuncuya xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2018-ci il tarixli, 72800 nömrəli müqavilə, 11 saylı Ərazi Vergilər Baş İdarəsindən təqdim edilən arayış, Elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış, tərəflərin iradə ifadəsini əks etdirməklə həqiqi hüquqi nəticələr yaratmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC ilə Cavabdeh arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli, 72800 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130 tipli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. Vergi idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan göründüyü kimi cavabdehin sahibkarlıq fəaliyyəti xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaiməyə münasibətdə məhkəmə qeyd edir ki, həmin sənədə əsasən hesablanan 264 manat məbləğ 2019-cu ilin noyabr ayından aralıqlı olaraq 2023-cü ilin noyabr ayınadək olan dövləri də əhatə etməklə hesablanan məbləğdir. İş materiallarında olan və Vergi idarəsindən təqdim edilən arayışdan müəyyən olunduğu kimi cavabdehin sahibkarlıq fəaliyyəti xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Belə olan halda sonuncuya həmin tarixdən sonra da borc hesablanması və bunun elektron qaimə ilə rəsmiləşdirilməsi əsassız olmuşdur. Eyni zamanda həmin elektron qaimələr orada adı qeyd olunan xidmətlərin göstərilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə (arayış və s.) əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehə fəaliyyətinin dayandırıldığı xx.xx.2023-cü il tarixədək xidmət göstərilmiş və sonuncu tərəfindən xidmət müqabilində qismən ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı iddia ərizəsində tələb edilən 264 manat xidmət haqqının 2019-ci ildən 2 ay, 2020-ci ildən 10 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 10 ayı əhatə etdiyini iddia edir. Müəyyən olunduğu kimi cavabdeh xx.xx.2023-cü il tarixdə fəaliyyətini dayandırmışdır ki, iddiaçının ödənişin edildiyini etiraf etdiyi dövrlər nəzərə alındıqda cavabdehin 2019-ci ildən 2 ay, 2020-ci ildən 10 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən isə fəaliyyətini dayandırdığı xx.xx.2023-cü il tarixədək 3 ay təşkil edir. Beləliklə cavabdehin ümumilikdə 39 ay xidmət haqqına görə borcu yaranır ki, aylıq 6 manatla hesablandıqda ödənilməli borc məbləği 234 manat (39 ay*6=234) təşkil edir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən 234 manat xidmət haqqı borcunun tutulması hissəsində təmin edilməli, qalan 30 manat hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə (264 manat) əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 3,41 manat dövlət rüsumu iddiaçıdan, 26,59 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənildiyindən onun dövlət büdcəsinə ödənilməli rüsum xərci qalmamışdır. Beləliklə ödənilməli dövlət rüsumu 20 manat təşkil edir ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı onun tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunu və 20 manat mediasiya xərcini bütövlükdə 30 manat mediasiya xərci olaraq tələb etsə də, məhkəmə həmin məbləğlərə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçı ödədiyi 10 manat dövlət rüsumunu cavabdehdən tələb etdiyindən iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 3,41 manat vəsait onun tərəfindən ödənilmiş 10 manat dövlət rüsumundan çıxılmaqla qalan 6,59 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 20 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 20 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 234 manat məbləğində abunə borcu, 20 manat mediasiya xərci və 6,59 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar