Məhkəmə qərarları › İş №e-2-2(117)-738/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-738/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-738/2025 09.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 469,80 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi bu müqavilə ilə müştərilərin təşkilatçıda apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə bank və təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində bank kartlarının sahiblərinə bu Müqavilənin 1 saylı əlavəsində göstərilən miqdarda və bu üqavilənin 2 saylı əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı əlavəsində endirimin miqdarı cəmi 5%, endirimləri təqdim edən obyektləri kimi isə Cavabdeh göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən bankın müştəriləri endirim kampaniyasından yararlanmaq üçün bank kartlarını təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən bank endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, təşkilatçının müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək təşkilatçının Digər bankda olan bank hesabına mədaxiledilir. Endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi Bankın hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini bank öz hesabından müştəriyə ödəiyi üçün, endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, təşkilatçının sərəncamı əsasında onun hesabından bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən endirim kampaniyası çərçivəsində təşkilatçının digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini təşkilatçıdan tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq banka ödəmək vəzifəsi vardır. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan arayışına əsasən Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən borcu aşağıdakı səbəblərdən yaranmışdır. Müqavilə şərtlərinə əsasən kartmane kart müştəriləri betüldə ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 5% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin, tərəfdaş bu məbləği banka geri ödəniş etməmişdir. Cavabdeh xx.xx.2025- ci il tarixinə banka olan borcu 469,80 manatdır.

İİ. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə əvvəlki iclas vaxtlarında ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında “Endirim kampaniyasında iştirak edilməsi haqqında” 374 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə ilə müştərilərin təşkilatçıda apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə bank və təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. 4.2.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində bank kartlarının sahiblərinə bu Müqavilənin 1 saylı əlavəsində göstərilən miqdarda və bu üqavilənin 2 saylı əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. 3.4-cü bəndinə əsasən bankın müştəriləri endirim kampaniyasından yararlanmaq üçün bank kartlarını təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən bank endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, təşkilatçının müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək təşkilatçının digər bankda olan bank hesabına mədaxil edilir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edilmiş və etibarsız olmamışdır.

7. İş materiallarında olan 374 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə əlavə olaraq imzalanmış 1 saylı əlavədən görünür ki, müqavilə üzrə cavabdeh özünə məxsus obyektə və özünə məxsus RT1540005 nömrəli post terminal vasitəsi ilə müştərilərə 5 % endirim kampaniyasında iştirak etməyi öhdəsinə götürmüşdür. Həmin əlavə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

8. Cavabdeh məxsus **********3944 nömrəli hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh məxsus RT1540005 nömrəli post terminal vasitəsi ilə müxtəlif bank kartları vasitəsi ilə ödənişlər edilmişdir.

9. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, RB- 02/1565 nömrəli maliyyə arayışından görünür ki, müqavilə şərtlərinə əsasən kartname kart müştəriləri ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 5 % qədərini tərəfdaş adından müştərilərə geri qaytarmışdır. Daha sonra qaytarılmış bu məbləğ tərəfdaş tərəfindən banka geri ödənin edilməli idi. Lakin tərəfdaş Cavabdeh bu məbləği banka ödəməmiş və nəticədə 469,80 manat borcu yaranmışdır.

10. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Vl. Məhkəmənin mövqeyi:

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

13. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış endirim kampaniyasında iştirak edilməsi haqqında (xidmət) müqavilədən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya qeyd olunan müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Cavabdehin müqavilədən irəli gələn öhdəliklərini tam icra etməməsi səbəbindən iddiaçıya 469,80 manat borcu yaranmış və cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.

14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

15. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış 374 nömrəli, xx.xx.2020-ci il tarixli üzrə “Endirim kampaniyasında iştirak edilməsi haqqında” müqavilə üzrə 469,80 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə qeyd edir ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

17. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.

Vİl. Nəticə:

18. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 469,80 manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar