Məhkəmə qərarları › İş №e-2-2(117)-752/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-752/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-752/2024 24.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" firmasının Cavabdeh qarşı “14350 manat məbləğində pul vəsaitinin, 133 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mübahisəyə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : "xxxx" firması ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə daşınma xidmətlərinin göstərilməsi haqqında BYD0104/23 nömrəli müqavilə tərtib olunsa da, həmin müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq olunmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında yazılı müqavilə mövcud olmamışdır. Eyni zamanda müqaviləyə 1 nömrəli Əlavədə görüləcək işlərin dairəsi 41 gediş, hər gedişin sayı 350 manat olmaqla ümumi dəyər 14000 manat kimi göstərilsə də həmin əlavə də tərəflərin imza və möhürləri mövcud olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 288598 nömrəli elektron-qaimə fakturadan görünür ki, 1 gedişin qiyməti 350 manat, gedişin sayı 41 olmaqla cəmi göstərilməli daşıma xidmətlərinin həcmi 14350 manat təşkil etmiş və həmin qaimə əsasında xx.xx.2023-cü il tarixə olan bank hesabından çıxarışdan da göründüyü kimi 14350 manat dəyərində pul vəsaiti cavabdehə ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 14350 manat vəsait cavabdehin Kapital Bank ASC-də olan AZ08AİİB410400D**********177 nömrəli hesabına ödənilmişdir. Göründüyü kimi 1 gedişin qiyməti 350 manat, gedişin sayı 41 olmaqla cəmi daşıma xidmətlərinin göstərilməsinə görə cavabdehə 14350 manat pul verilmiş, lakin bunun müqabilində sonuncu tərəfindən heç bir xidmət göstərilməmişdir. İddiaçı tərəfindən pretenziya ilə cavabdehdən borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Firması ilə Cavabdeh arasında “Daşınma xidmətlərinin göstərilməsi haqqında” BYD0104/23 nömrəli, 02 yanvar 2023-cü il tarixli müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən iddiaçı qum və çınqıl daşınması xidmətlərinin göstərilməsini sifariş verib və cavabdehə razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada daşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7-ci bəndinə əsasən materiallar (qumçınqıl) Salyan rayonu, Bəhramtəpə kəndində yüklənilirək Neftçala rayonu, Bankə qəsəbəsinə daşınır və bir reysin qiyməti 350 manat təşkil edir. Bildirmişdir ki, iddiaçı "xxxx" Firması ilə Cavabdeh arasında bağlanmış “Daşınma xidmətlərinin göstərilməsi haqqında” BYD0104/23 nömrəli, 02 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 288598 nömrəli, 20 iyul 2023-cü il tarixli qaimə ilə iddiaçı tərəfindən 14350 manat pul vəsaiti qabaqcadan cavabdehin bank hesabına ödənilmişdir. Lakin pul vəsaiti cavabdehin bank hesabına köçürülsə də, cavabdeh bu günədək heç bir daşınma xidmətini iddiaçıya göstərməmişdir. Bununla da Cavabdeh iddiaçı "xxxx" Firması qarşısında 14350 manat pul vəsaiti miqdarında borcu yaranmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək 14350 manat məbləğində borc pul vəsaitinin 7 gün ərzində qaytarılması xahiş olunmuşdur. Lakin cavabdeh qeyd olunan borc pul vəsaitini geri qaytarmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında daşıma xidmətlərinin bağlanması haqqında müqavilə bağlanmış, cavabdeh həmin müqaviləni imzalamasa da, müqaviləyə istinadən onlara 14350 manat dəyərində qum-çınqıl daşınması üçün elektron qaimə vermişdir. Təqdim edilmiş bank çıxarış hesabından da görünür ki, tərəflərindən 14350 manat cavabdehin hesabına ödənilmişdir. Lakin cavabdeh xidmətləri göstərməkdən imtina edir və pulu da qaytarmır. İddianın tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Müqaviləyə 1 nömrəli Əlavə, Elektron qaimə-faktura, Ödəniş tapşırığı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 752-ci maddənin 1-ci və 2-ci bəndləri ). Məhkəmə əvvəlcə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə daşınma xidmətlərinin göstərilməsi haqqında BYD0104/23 nömrəli müqavilə tərtib olunsa da, həmin müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq olunmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında yazılı müqavilə mövcud olmamışdır. Eyni zamanda müqaviləyə 1 nömrəli Əlavədən də göründüyü kimi həmin Əlavədə də tərəflərin imza və möhürləri mövcud olmamışdır. Göründüyü kimi tərəflər arasında yazılı qaydada müqavilə mövcud olmasa belə, iş materiallarının araşdırılması zamanı həmin materiallar elektron qaimə ilə birlikdə qiymətləndirildikdə müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi qaydada podrat müqaviləsindən yaranan münasibətlər mövcud olmuş və iddiaçı cavabdehə daşıma xidmətlərinin göstərilməsi üçün pul ödəmiş, cavabdeh isə daşıma xidməti göstərməyi öhdəsinə götürmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixli, 288598 nömrəli elektron-qaimə fakturadan göründüyü kimi 1 gedişin qiyməti 350 manat, gedişin sayı 41 olmaqla cəmi göstərilməli daşıma xidmətlərinin həcmi 14350 manat təşkil etmiş və həmin qaimə əsasında xx.xx.2023-cü il tarixə olan bank hesabından çıxarışdan da göründüyü kimi 14350 manat dəyərində pul vəsaiti cavabdehə ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından göründüyü kimi 14350 manat vəsait cavabdehin Kapital Bank ASC-də olan AZ08AİİB410400D**********177 nömrəli hesabına ödənilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı öhdəliyini yerinə yetirsə və xx.xx.2023-cü il tarixli, 288598 nömrəli elektron-qaimə faktura əsasında cavabdehə xidmət haqqını ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş, göstərilməli xidmətin qarşılığının ödənilməsinə baxmayaraq iddiaçıya heç bir daşıma xidməti göstərməmiş, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə hər hansısa münasibətini bildirməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia tələbi təmin edilərək 14350 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 133 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 133 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş və iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etdiyndən 133 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14350 manat pul vəsaiti və 133 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" firmasına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar