Məhkəmə qərarları › İş №e-2-2(117)-788/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-788/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-788/2024 25.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “282 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Servis Texniki Xidmət Mərkəzinin (STXM) İddiaçı MMC (bundan sonra mətndə İddiaçı) ilə Cavabdeh (bundan sonra mətndə-Cavabdeh) arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli 007400 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli, 00149156 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehlakçının STXM-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, cavabdehin təsərrüfat subyektinə xx.xx.2018-ci il tarixdə Merkuri-130 F01 tipli 149153 nömrəli nəzarət kassa aparatı quraşdırılmışdır. Tərəflər arasında mübahisə həllini tapmadığından iddaçı məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh (VÖEN: **********) arasında da xx.xx.2018-ci il tarixli 007400 nömrəli müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyi xx.xx.2019-cu ilə tarixinədək yerinə yetirmiş, daha sonra heç bir ödəniş etməmişdir. Beləliklə, Cavabdeh tərəfindən 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022ci ildən 12 ay, 2023-cü ildən 11 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 47 ay abunə borcu 282 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin, məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir. Bu səbəbdən tələb olunan pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri ünvanı üzrə şəxsən xx.xx.2024-cü il tarixdə təqdim olunmasına baxmayaraq Cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış hər hansısa etiraz təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2018-ci il tarixli 007400 nömrəli müqavilə, Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsindən təqdim edilən məlumat, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 752.1, 752.2) İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında sonuncuya servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli 007400 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli, 00149156 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, cavabdehin təsərrüfat subyektinə xx.xx.2018-ci il tarixdə Merkuri-130 F01 tipli 149153 nömrəli nəzarət kassa aparatı quraşdırılmışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə Merkuri-130F-01 tipli, 00149156 nömrəli nəzarət kassa aparatına xidmət göstərilməsi razılaşdırılmışdır. Hazırki vəziyyətdə Vergi orqanından əldə edilmiş məlumatlardan göründüyü kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdehin təsərrüfat subyektinə Merkuri 130F-01 markalı, zavod nömrəsi 149153 olan quraşdırılmış nəzarət kassa aparatı xidmət göstərmişdir. Göründüyü kimi vergi orqanından təqdim edilmiş arayışa əsasən cavabdehin tərəflər arasında bağlanmış müqavilədə göstərilən Merkuri-130 F01 tipli, 00149156 nömrəli nəzarət kassa aparatı mövcud deyildir və tərəflər arasında həmin kassa aparatı vasitəsilə xidmət göstərilməsi ilə əlaqədar münasibətlər yaranmamışdır. Belə olan halda cavabdehə göstərilməyən kassa aparatı xidmətinə görə pulun tələb edilməsi əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “282 manat abunə borcu, 35 manat qeydiyyatdan çıxma aktı və 30 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar