Məhkəmə qərarları › İş №e-2-2(117)-919/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-919/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-919/2025 29.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli, 007/22 nömrəli xidmət göstərilməsi barədə müqaviləyə əsasən yaranmış 13 109 manat xidmət haqqı borcunun, 3277.25 manat əldən çıxmış faydanın, 500 manat hüquqi yardımla bağlı xərcin, ümumilikdə 16 886.25 manat pul vəsaitinin və 141 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X1” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli, 007/22 nömrəli xidmət göstərilməsi barədə müqaviləyə əsasən yaranmış 13 109 manat xidmət haqqı borcunun, 3277.25 manat əldən çıxmış faydanın, 500 manat hüquqi yardımla bağlı xərcin, ümumilikdə 16 886.25 manat pul vəsaitinin və 141 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 007/22 nömrəli xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən icraçı sifarişçinin tapşırığına əsasən aylıq mühasibatlıq və vergi hesabatlarının dövlət orqanlarına təqdim edilməsi, digər hesabatların göndərilməsi, mühasibat və digər konsaltinq xidmətlərinin göstərilməsini, sifarişçi isə göstərilmiş xidmətlərin müqabilində müqavilənin 3.1-ci bəndinə nəzərdə tutulmuş 1000 manat xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür. Tərəflər arasında xx.xx.2024-cü il tarixli 01 saylı “Əlavə razılaşma” bağlanmışdır. Əlavə razılaşmaya əsasən müqavilənin 3.1-ci bəndinə dəyişiklik edilərək qarşılıqlı razılaşma əsasında aylıq xidmət haqqı 1800 manat olaraq müəyyənləşdirilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02 saylı “Əlavə razılaşma”ya əsasən aylıq xidmət haqqının 1500 manat olması barədə razılığa gəlinmişdir. Sonradan tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2024-cü il tarixli, 03 saylı “Əlavə razılaşma”ya əsasən aylıq xidmət haqqı yekun olaraq 1200 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən sözügedən müqaviləyə əsasən xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən qarşılığında ödəniş edilməmişdir. Tərəflər arasında xx.xx.2025-ci il tarixdə tərtib edilən üzləşmə aktına əsasən cavabdehin iddiaçıya həmin tarixə 13.109,00 manat məbləğində borcu vardır. Belə ki, cavabdeh tərəfindən elektronqaimə fakturalar üzrə ödəniş edilməmişdir. Bununla əlaqədar tərəflərindən cavabdehə pretenziya göndərilərək müqaviləyə əsasən yaranmış 13.109,00 manat borcunun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etmişdir. Bildirirlər ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixində həyata keçirilmişdir (bununla əlaqədar bank çıxarışı təqdim edilir), bu səbəbdən şərh edilənlərə əsasən iddiaçı iddia tələbi sürülən tarixədək 5 ay müddətində 13.109,0 manat məbləğində pul vəsaitinin hər ay üzrə 5 faiz hesablanmaqla ümumillikdə 3.277,25 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirləri (əldən çıxmış fayda) cavabdehdən tələb etməyə haqlıdır. Həmçinin, iddiaçı tərəfindən pozulmuş hüququnun bərpası ilə bağlı hüquq yardımın göstərilməsi haqqında müqaviləyə əsasən 500 manat məbləğində ödəniş edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21-ci, 385.1-ci, 386.1-ci, 389.1-ci, 389.3-cü, 425.1-ci, 442-ci, 443.1-ci, 445.3-cü, 448.1-ci, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü, 149-cu maddələri, “AR Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri baxımından AR Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, AR Konstitusiya Məhkəməsinin AR Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il Qərarı göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-919/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

İİ. Tərəflərin mövqeləri:

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı-nin vəkili məhkəməyə ərizə ilə müraciət edərək, başqa məhkəmədə əvvəlcədən təyin edilmiş məhkəmə iclası olduğundan hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasından gec xəbər aldığı üçün iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin təxir barədə vəsatətinin təmin edilməməsi və məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi qərarına gəlmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

V. Sübutların tədqiqi:

15. İddiaçı (icraçı) və Cavabdeh (sifarişçi) arasında bağlanmış 15 iyul 2022-ci il tarixli, 007/22 nömrəli xidmət göstərilməsi barədə müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı, sifarişçinin tapşırığına əsasən aylıq mühasibatlıq və vergi hesabatlarının dövlət orqanlarına təqdim edilməsi, digər hesabatların göndərilməsi, mühasibat və digər konsaltinq xidmətlərinin göstərilməsini öz üzərinə götürür. 1.2. sifarişçi göstərilmiş xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir (müqavilənin 3.1-ci bəndinə əsasən aylıq 1000 manat).

16. xx.xx.2024-cü il tarixli 01 saylı Əlavə razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdən aylıq xidmət haqqı məbləği 1800 manat, xx.xx.2024-cü il tarixli 02 saylı Əlavə razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdən aylıq xidmət haqqı məbləği 1500 manat, xx.xx.2024-cü il tarixli 03 saylı Əlavə razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdən aylıq xidmət haqqı məbləği 1200 manat razılaşdırılmışdır. Aylıq xidmət haqq üzrə e-qaimə təqdim edilir, işlərin təhvil təslimi e-qaimə ilə rəsmiləşdirilir. Həmin müqaviləyə əlavələr tərəflərin nümayəndələri və ya şəxsən imzalarıyla təsdiq edilmişdir.

17. 08.06.2024-cü il tarixli EBED seriyalı 882110 nömrəli (iyun, 1800 manat), MT2406 seriyalı 10407330 nömrəli (fevral, mart, aprel, 2400 manat), xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 10522195 nömrəli (iyul, 1800 manat), xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 10405975 nömrəli (avqust, 1800 manat), xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 10529095 nömrəli (sentyabr, 1800), xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10383788 nömrəli (oktyabr, 1800 manat), xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10462436 nömrəli (noyabr, 1500 manat), xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 10302691 nömrəli (dekabr, 1200 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalardan göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh göstərdiyi xidmətlərlə bağlı elektron qaydada qaimə faktura göndərilmişdir.

18. Elektron Məhkəmə İnformasiya Sisteminə əlavə edilmiş asandoc vasitəsilə imzalanmış 11 mart 2025-ci il tarixli üzləşmə aktından göründüyü kimi Cavabdeh İddiaçıyə olan əsas borcunun məbləği həmin tarixə 13109 manat təşkil edir. Həmin akt Cavabdeh və İddiaçı tərəfindən asan imza vasitəsilə imzalanmışdır.

Vİ. Məhkəmənin mövqeyi:

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimləyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

23. Məhkəmə müəyyən edir ki, tərəflər arasında müvafiq xidmətlərin göstərilməsinin təşkili və həyata keçirilməsi ilə bağlı iddiaçı və cavabdeh arasında müqavilə bağlanmışdır. Mülki qanunvericilikdə tərəflərin bağladıqları qeyd edilən müqavilənin xarakteri və hüquqi əsasları baxımından podrat münasibətlərinə uyğundur. Belə ki, müvafiq muzd müqabilində Sifarişşçinin İcraçıya göstərdiyi xidmətlərin təşkili ilə bağlı hüquqi münasibət yaranmışdır. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında 15 iyul 2022-ci il tarixli, 007/22 nömrəli xidmət müqaviləsinin bağlanmasından və 11 mart 2025-ci il tarixli qarşılıqlı üzləşmə aktının imzalanmasından ibarətdir.

24. İşin mübahisələndirilən halına isə görülmüş işlərə görə cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.

25. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi tərəflər arasında xidmət müqaviləsinin bağlanması, tərəflər arasında bağlanmış 11 mart 2025-ci il tarixli üzləşmə aktı ilə cavabdehin qalıq borcunun 13109 manat təşkil etməsi öz təsdiqini tapır. Qeyd edilən üzləşmə aktı hər iki tərəfin asan imza logini tərəfindən imzalandığı müəyyən edilir (işə əlavə edilmişdir). Bundan başqa iddiaçı tərəfindən iş materiallarına elektron qaimə-fakturalarda əlavə edilmişdir ki, həmin elektron qaimələr sadəcə özlüyündə xidmətlərin göstərilməsini birbaşa təsdiq etməsə də, üzləşmə aktı ilə birlikdə təhlil edildikdə xidmətin göstərildiyi öz təsdiqini tapır.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 13 109 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır. Göründüyü kimi iddiaçı tərəf öz iddiasını əsaslandıraraq ilkin sübutlarını təqdim etmiş, cavabdeh isə qeyd edilən halların əksini sübut edəcək hər hansısa sübutunu, etirazını məhkəməyə təqdim etməmiş və heç bir münasibət bildirməmişdir. Eyni zamanda cavabdeh tərəf məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasından gec xəbər aldığını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, məhkəmə bildirişi və sənədləri cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilmiş, həmçinin, məhkəmə iclasları barədə məlumatlar sms bildirişlər vasitəsilə göndərilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən cavabdehin məhkəmə iclasının təxirə salınması barədə vəsatəti təmin edilməmişdir. Qeyd edilən hallarla əlaqəli olaraq məhkəmə əlavə araşdırma apara bilməmiş və təqdim edilən sübutlar əsasında yekun məhkəmə qərarı çıxarılması nəticəsinə gəlmişdir.

28. Bundan başqa məhkəmə iddia tələbinin “əsas borcun gecikdirilməsinə görə hesablanmış 3277.25 manat əldən çıxmış faydanın cavabdehdən tutulması” hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

29. İddiaçı iddia tələbini bu hissədə belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixində həyata keçirilmişdir, bu səbəbdən şərh edilənlərə əsasən iddiaçı iddia tələbi sürülən tarixədək 5 ay müddətində 13.109,0 manat məbləğində pul vəsaitinin hər ay üzrə 5 faiz hesablanmaqla ümumillikdə 3.277,25 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirləri (əldən çıxmış fayda) cavabdehdən tələb etməyə haqlıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

31. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında xidmət göstərilməsi barədə müqavilə bağlanmış, iddiaçı cavabdehin sifarişi ilə müvafiq aylıq xidmətlər göstərilməsini öz üzərinə götürmüş, bunun əvəzində isə cavabdeh tərəfindən ödəniləcək aylıq ödənişin məbləği həmin müqavilə və ona əlavələrə əsasən müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı həmin ödənişin konkret olaraq hansı müddət ərzində ödənilməsi müqavilə və ona əlavələrlə müəyyən edilə bilməsə də, iş materiallarından göründüyü kimi tərəflər aylıq xidmət haqqı üzrə e-qaimə təqdim edilməsi ilə bağlı razılaşmışlar və sonuncu e-qaimə xx.xx.2024-cü il tarixində yerləşdirilmiş, eyni zamanda bundan sonra iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı pretenziya məktubu da göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya olan borcu hazırkı tarixə kimi ödənilməmişdir. Buradan da göründüyü kimi cavabdeh tərəfindən hər bir halda əsas borcun ödənilməsi gecikdirildirildiyindən iddiaçı bu əsasla əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi iddia tələbi sürülən tarixədək 5 ay müddətində olan əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb edir ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən iddia tələbinə uyğun olaraq qeyd edilən həcmdə əldən çıxmış faydanın tələb edilməsinin əsaslı olub-olmadığına baxılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı, AR Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən, iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixədək olan 5 ay müddət üçün 273.1 manat (13 109 manat*5/100 = 655.45 manat – 1 il üçün, 655.45/12 ay = 54.62 manat – 1 ay üçün, 54.62*5 ay = 273.10 manat) məbləğində əldən çıxmış faydanın tutulmasını tələb etməkdə haqlıdır.

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 13 109 manat xidmət haqqı borcu və 273.1 manat əldən çıxmış faydanın tutulmasını tələb etməkdə haqlıdır.

33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

34. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

35. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

36. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

37. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir.

38. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, Cavabdeh 13 109 manat xidmət haqqı borcu və 273.1 manat əldən çıxmış fayda tutularaq İddiaçı-yə ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

39. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə 114.14 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməli, rüsum digər hissədə iddiaçıya aid edilməlidir.

40. Vəkil xidmətinə görə ödənilmiş 500 manat pulun vəkilin məhkəmə iclasında iştirakı və fəallığı halları, təqdim etdiyi qəbz nəzərə alınmaqla 300 manat hissəsi cavabdehdən tutulub İddiaçı-yə ödənilməlidir.

Vİİİ Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13 109 manat xidmət haqqı borcu, 273.1 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 13382.1 manat, 300 manat hüquqi yardımla bağlı xərc və 114.14 manat dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar