Məhkəmə qərarları › İş №e-2-2(119)-1001/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1001/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1001/2024 24.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 29 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10373,3 manat məbləğində əsas borc, gecikdirilmiş dövr üçün hesablanmış 43 manat, hüquqi xidmətin göstərilməsi üzrə 300 manat məbləğində xərc və 123 manat məbləğində məhkəməyə ödənilən dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10839,3 (on min səkkiz yüz otuz doqquz manat 30 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə diler Cavabdeh arasında Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 24 yanvar 2020ci il tarixli №12647 saylı Diler Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında Diler tərəfindən tərəflərin Müqaviləyə və Distribütora məxsus olan malların satışını realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq, həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı və qiyməti malla birlikdə təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 fevral 2024-cü il tarixdə tərəflər arasında imzalanmış sonuncu üzləşdirmə aktının məzmunundan görünür, 31 yanvar 2024-cü il tarixinə diler Cavabdeh distribütor İddiaçı QSC-ə borcu 10373,3 (on min üç yüz yetmiş üç manat 30 qəpik) təşkil edir. Həmçinin, aktın məzmunundan aydın olur ki, Diler yaranmış borcu distribütor İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. 22 aprel 2024-cü il tarixli №362 saylı maliyyə arayışına əsasən diler Cavabdeh tərəfindən borc məbləğindən heç bir ödəniş həyata keçirilmədiyindən, onun 22 aprel 2024-cü il tarixinə olan borcu 10373,3 manat təşkil edir. Həmçinin, Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Həmçinin, kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır. Belə ki, kreditor olaraq "xxxx" QSC tərəfindən 29 mart 2024-cü il tarixində borclu Cavabdeh elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. Eyni zamanda, cavabdeh şəxsin ünvanına öz öhdəliyini yerinə yetirməsi ilə əlaqədar 22 aprel 2024-cü il tarixində kağız daşıyıcıda da “pretenziya” məktubu göndərilmişdir. Lakin, bu müraciətlərin heç bir nəticəsi olmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün “pretenziya”da müəyyən olunmuş müddət nəzərə alınaraq, borclunun öhdəliyi icra etmək vəzifəsi 29 mart 2024-cü il tarixindən başlanmalıdır. İddianın isə 17 may 2024-cü il tarixində göndərilməsi nəzərə alınaraq, iddianın gecikdirilməsi üzrə pulun miqdarı 1 ay üzrə 43,23 manat ((10373,30*5%)/12)*1=43,23) məbləğində hesablanmalıdır. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilmişdir: 22 aprel 2024-cü il tarixli maliyyə arayışına əsasən əsas borc məbləği – 10373,3 manat, gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 43 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq (məhkəmə xərci) – 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq - 123 manat: cəmi: 10839,3 manat. Həmin iddia ərizəsi üzrə başlanmış məhkəmə prosesi zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 24 sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Cavabdeh 9373,3 (doqquz min üç yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş dövr üçün hesablanmış 39 (otuz doqquz) manat, hüquqi xidmətin göstərilməsi üzrə 300 (üç yüz) manat məbləğində xərc və 123 (yüz iyirmi üç) manat məbləğində məhkəməyə ödənilən dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9835,3 (doqquz min səkkiz yüz otuz beş manat 30 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə – hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra Cavabdeh tərəfindən 10 iyul 2024-cü ildə 500 manat və 14 avqust 2024-cü ildə isə 500 manat ödəniş olmaqla, ümumilikdə cəmi 1000 manat məbləğində ödəniş edilməsi və ona görə də, hal-hazırda Cavabdeh iddiaçı "xxxx" QSC-yə cəmi 9373,3 manat məbləğində əsas borcunun olması ilə əsaslandırılmışdır. İş üzrə 24 sentyabr 2024-cü ildə keçirilən sonuncu məhkəmə baxış iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə “əsas borcun və məhkəmə xərclərinin tutulması” hissəsində iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, ilkin iddia ərizəsində tələb edilən “gecikdirilmiş dövr üçün hesablanmış 43 manat məbləğində” və eləcə də, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə tələb edilən “gecikdirilmiş dövr üçün hesablanmış 39 manat məbləğində” pul vəsaitlərinin cavabdehdən tutulmasını müdafiə etmədiyini, yəni həmin hissədə iddia tələbini müdafiə etmədiyini bildirib, hazırkı mübahisə üzrə yalnız 9373,3 manat məbləğində əsas borcun, hüquqi xidmətin göstərilməsi üzrə nümayəndəyə ödənilmiş 300 manat məbləğində xidmət haqqının və iddia ərizəsi verilərkən Dövlət Büdcəsinə ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, Cavabdeh məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan diler Cavabdeh (VÖEN **********) arasında 24 yanvar 2020-ci il tarixli 12647 nömrəli Diler Müqaviləsi bağlanmış və həmin Müqavilənin tələblərinə görə Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə özünə məxsus olan malları təklif edir və Diler isə öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir (1.1-ci bənd). Həmin Müqavilənin 2.4.6-cı bəndinə əsasən, Distribütorla bu müqavilə çərçivəsində əməkdaşlıq, səbəbindən asılı olmayaraq dayandırıldıqda, Dilerin nağd pulla və ya nisyə alqı-satqı Müqaviləsi əsasında və ya tərəflərin razılaşdırdığı digər şərtlər əsasında aldığı və əməkdaşlığın dayandırılma gününə dəyəri ödənilməmiş malların, həmçinin əməkdaşlığın dayandırıldığı günə satılmış malların satışına dair sənədlərin (müqavilələrin və.s.) surətlərini distribütorun ilk tələbi ilə ona təqdim etmək – Dilerin öhdəliyidir. Həmin Müqavilənin 2.4.7-ci bəndinin tələblərinə görə, Distribütordan aldığı mala görə ödənişi - mal Dilerə təhvil verildiyi gündən hesablanmaqla 30 gün ərzində həyata keçirilməlidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə Tərəflərin imza və möhürləri ilə təsdiq olunduğu gündən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə bir həftə qalmış tərəflərdən hər hansı biri müqavilə müddətinin uzadılmasına etiraz etmirsə Müqavilə bir il/illər müddətinə uzadılmış hesab edilir. Distribütor Dileri 1 (bir) həftə qabaq məlumat verməklə müqaviləni birtərəfli qaydada xitam edə bilər. Müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə qüvvədə olarkən üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarında olan “Malların təhvil-qəbul” Aktları ilə müəyyən olunur ki, 24 yanvar 2020-ci il tarixli 12647 nömrəli Diler Müqaviləsi üzrə distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən diler Cavabdeh müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə məhsulların (malların) təhvil verilməsi baş tutmuşdur. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli Üzləşmə Aktından görünür ki, diler Cavabdeh 31 may 2023-cü il tarixinə distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 10374,3 (on min üç yüz yetmiş dörd manat 30 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu olmuşdur. İş materiallarında olan 01 iyul 2023-cü il tarixli Üzləşmə Aktından görünür ki, diler Cavabdeh (VÖEN **********) 30 iyun 2023-cü il tarixinə distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 10373,3 (on min üç yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu olmuşdur. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli Üzləşmə Aktından görünür ki, diler Cavabdeh (VÖEN **********) 31 dekabr 2023-cü il tarixinə distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 10373,3 (on min üç yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu olmuşdur. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli Üzləşmə Aktından görünür ki, diler Cavabdeh (VÖEN **********) 31 yanvar 2024-cü il tarixinə Distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 10373,3 (on min üç yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilərək möhürlənmiş və imzalanmış Ödəniş qəbzlərindən görünür ki, hazırki iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 10 iyul 2024-cü ildə 500 manat və 14 avqust 2024-cü ildə 500 manat məbləğində olmaqla, ümumilikdə cəmi 1000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq (maddə 800.1.1.), bu malları öz adından və öz hesabına başqasına satmaq (maddə 800.1.2.), bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir (maddə 800.1.3.). Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli 12647 nömrəli Diler Müqaviləsi üzrə tərtib edilmiş 01 fevral 2024-cü il tarixli Üzləşmə Aktına əsasən Cavabdeh (VÖEN **********) 31 yanvar 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 10373,3 (on min üç yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu olmuş və buna görə də, İddiaçı QSC 29 may 2024-cü ildə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh 10373,3 manat məbləğində əsas borc, gecikdirilmiş dövr üçün hesablanmış 43 manat, hüquqi xidmətin göstərilməsi üzrə 300 manat məbləğində xərc və 123 manat məbləğində məhkəməyə ödənilən dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10839,3 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, məhkəmə prosesi başlanıldıqdan sonra Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 10 iyul 2024-cü ildə 500 manat və 14 avqust 2024-cü ildə 500 manat məbləğində olmaqla, həmin borcdan cəmi 1000 (bir min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Buna görə də, iddiaçı tərəfindən məhkəməyə "iddia tələbinin dəqiqləşdirilməsi" barədə ərizə təqdim edilərək, “Cavabdeh 9373,3 manat məbləğində əsas borc, gecikdirilmiş dövr üçün hesablanmış 39 manat, hüquqi xidmətin göstərilməsi üzrə 300 manat məbləğində xərc və 123 manat məbləğində məhkəməyə ödənilən dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9835,3 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunması” xahiş edilmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı QSC tərəfindən məhkəməyə 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu və hüquqi yardımla bağlı nümayəndəyə (vəkilə) isə 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, 24 yanvar 2020-ci il tarixli 12647 nömrəli Diler Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə, həmin Müqavilə üzrə alınmış mallar üçün ödənilməmiş cəmi 9373,3 (doqquz min üç yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində əsas borcun Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Lakin, ilkin iddia ərizəsində tələb edilən “gecikdirilmiş dövr üçün hesablanmış 43 manat məbləğində pul vəsaitinin tutulması” və yaxud, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə tələb edilən “gecikdirilmiş dövr üçün hesablanmış 39 manat məbləğində pul vəsaitinin tutulması” hissələrində iddia tələbinin əsaslılığı müəyyən edilməmişdir (iş üzrə 24 sentyabr 2024-cü ildə keçirilən sonuncu məhkəmə baxış iclasında İddiaçı QSC-nin nümayəndəsi də ilkin iddia ərizəsində tələb edilən “gecikdirilmiş dövr üçün hesablanmış 43 manat məbləğində və eləcə də, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə tələb edilən gecikdirilmiş dövr üçün hesablanmış 39 manat məbləğində pul vəsaitlərinin cavabdehdən tutulması” hissəsində iddianı müdafiə etmədiyini bildirmişdir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 9373,3 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 300 (üç yüz) manat məbləğində xidmət haqqının və iddiaçı tərəfindən Dövlət Büdcəsinə ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 9373,3 (doqquz min üç yüz yetmiş üç manat 30 qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 123 (yüz iyirmi üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9796,3 (doqquz min yeddi yüz doxsan altı manat 30 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar