Məhkəmə qərarları › İş №e-2-2(119)-1040/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1040/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1040/2025 04.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyətinə qarşı “borcun indeksasiya olunması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyətinə qarşı “borcun indeksasiya olunması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyətinə qarşı “borcun indeksasiya olunması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 204/2024 nömrəli, 08 may 2025-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyətinə qarşı “pul tələbi” barədə iddiası qismən təmin edilərək cavabdeh Quba rayon İcra Hakimiyyətindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 56262 (əlli altı min iki yüz altmış iki) manat məbləğində borcun tutulması, qalan hissədə iddianın təmin edilməməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumlarının və mediasiya xərcinin onun özünə aid edilməsi qərara alınmışdır. İddiaçı hazırkı iddia ərizəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qeyd olunan qərarı üzrə tutulmalı olan borcun indeksasiya olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, “borcun indeksasiya olunması” tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, buna görə iddiaçı həmin ərizəni iddia icraatı qaydasında yox, məhkəmə qərarlarının icrası qaydasında icraat qaydasında verməlidir (“8” nömrəli indeks ilə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir: " Beləliklə, Konstitusiya və beynəlxalq hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına - nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir". Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddianın yolverilməzliyinə görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba rayon İcra Hakimiyyətinə qarşı “borcun indeksasiya olunması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar