Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1044/2025 04.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 22 may 2024-cü il tarixli AZT/UTT/2224 nömrəli xidmət müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 44387,84 (qırx dörd min üç yüz səksən yeddi manat, səksən dörd qəpik) manat məbləğində əsas borc, 7989,81 (yeddi min doqquz yüz səksən doqquz manat, səksən bir qəpik) manat məbləğində ƏDV borcu, 5409,58 (beş min dörd yüz doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 57787,23 (əlli yeddi min yeddi yüz səksən yeddi manat, iyirmi üç qəpik) manat məbləğində borcun və 264 (iki yüz altmış dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 22 may 2024-cü il tarixli AZT/UTT/2224 nömrəli xidmət müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehin tapşırığı ilə Ağdam şəhərində qazıntı və torpaq işlərini icra etməli, cavabdeh isə bu işlərin dəyərini iddaçıya ödəməli idi. Bu xidmət müqaviləsi üzrə cavabdeh öhdəliklərini pozaraq müqavilə üzrə ödənişlərini icra etməmişdir. Dəfələrlə iddiaçı cavabdehə borcun ödənilməsi üçün müraciət etsə də o, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Tərəflər arasında 20 dekabr 2024-cü il tarixində imzalanmış üzləşmə aktına görə, cavabdehin iddiaçıya ƏDV daxil olmaqla, cəmi 52377,65 manat məbləğində borcu olmasını tərəflər təsdiqləmişdirlər. Tərəflər arasında bu üzləşmə aktı imzalandıqdan sonra da cavabdeh iddiaçıya hansısa ödəniş etməmişdir. Həmçinin tərəflər arasında imzalanmış 22 may 2024-cü il tarixli AZT/UTT/2224 nömrəli müqavilənin 4.2-ci bəndinə əsasən, xidmət haqqının ödənilməsi cavabdeh tərəfindən gecikdirildikdə, o, iddiaçıya hər gecikdirilən gün ödənilməli olan məbləğin 1%-i miqdarında cərimə ödəməlidir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 22 may 2024-cü il tarixli AZT/UTT/2224 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı (iddiaçı) müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin (cavabdehin) taprşırığına əsasən Ağdam rayonu ərazisində sifarişçinin tapşırdığı yerdə **-AD-*** qeydiyyat nişanlı, EKSKAVATOR HYUNDAİ R210W-9S markalı nəqliyyat vasitəsi ilə qazıntı və torpaq işlərini icra etməyi, sifarişçi isə icraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində müqavilə ilə müəyyən edilmiş muzdu (işin dəyəri/haqqı) icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, bu müqavilə üzrə gördüyü işlərin dəyərinin bu müqavilədə nəzərdə tutulmuş qaydada və vaxtında ödənilməsini tələb etmək icraçının hüququdur. Həmin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, icraçının gördüyü işlərin dəyərini bu müqavilə ilə nəzərdə tutulan müddət ərzində ödəmək sifarişçinin vəzifəsidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, sifariş olunan işin icrasına görə xidmət haqqının məbləği elektron qaimə fakturalarla və ya Əlavə Razılaşmalarla müəyyən olunur. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, yerinə yetirilmiş işlərin təhvil verilməsi və qəbul edilməsi tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunan elektron qaimə və ya təhvil-təslim aktı əsasında rəsmiləşdirilir. Təhvil-təslim aktı müqavilənin şərtlərinə uyğun olaraq icraçı tərəfindən sifarişçi üçün görülmüş işlərin lazımi qaydada yerinə yetirildiyini təsdiq edən sənəddir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə Əlavə razılaşmalarla və ya elektron-qaimələrlə nəzərdə tutulan xidmət haqqının ödənişi sifarişçi tərəfindən gecikdirildikdə, sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməli olan məbləğin 1%-i miqdarında icraçıya cərimə ödəyir. Həmin müqavilə üzrə tərtib edilmiş 22 may 2024-cü il tarixli 1 saylı Əlavə Razılaşmanın 1-ci bəndinə əsasən, hazırki Əlavə Razılaşma üzrə icraçı Cədvəl 1-də qeyd edilmiş xidməti (qazıntı və torpaq işlərinin icrası) icra etməyi, sifarişçi isə göstərilmiş aylıq xidmət haqqını (10000 manat+ƏDV) icraçıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilə üzrə tərtib edilmiş 12 iyul 2024-cü il tarixli 2 saylı Əlavə Razılaşmanın 1-ci bəndinə əsasən, hazırki Əlavə Razılaşma üzrə icraçı Cədvəl 1-də qeyd edilmiş xidməti (qazıntı və torpaq işlərinin icrası) icra etməyi, sifarişçi isə göstərilmiş aylıq xidmət haqqını (cəmi 12500 manat+ƏDV) icraçıya ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli təhvil-təslim aktı üzrə 1906,05 manat; 04 iyun 2024-cü il tarixli təhvil-təslim aktı üzrə 4447,6 manat; 03 iyul 2024-cü il tarixli təhvil-təslim aktları üzrə 5146,34 manat və 11800 manat; 03 avqust 2024-cü il tarixli təhviltəslim aktları üzrə 5718,39 manat, 2723,03 manat və 2064,91 manat; 05 avqust 2024-cü il tarixli təhvil-təslim aktı üzrə 1143,63 manat; 02 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktları üzrə 4130 manat və 10620 manat; 25 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktı üzrə 635,36 manat; 30 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktı üzrə 2042,28 manat məbləğində olmaqla, cəmi 52377,59 manat dəyərində işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarından görünür ki, 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10048232 nömrəli elektron qaimə-faktura üzrə 1906,05 manat, 06 iyun 2024-cü il tarixli EBED seriyalı 815383 nömrəli elektron qaimə-faktura üzrə 4447,61 manat, 03 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10128542 nömrəli elektron qaimə-faktura üzrə 11800 manat, 03 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10129518 nömrəli elektron qaimə-faktura üzrə 5146,34 manat, 22 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11437675 nömrəli elektron qaimə-faktura üzrə 1143,63 manat, 22 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11438228 nömrəli elektron qaimə-faktura üzrə 2723,03 manat, 05 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10189495 nömrəli elektron qaimə-faktura üzrə 5718,39 manat, 05 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10189742 nömrəli elektron qaimə-faktura üzrə 2064,91 manat, 02 sentyabr 2024cü il tarixli MT2409 seriyalı 10045152 nömrəli elektron qaimə-faktura üzrə 4130 manat, 02 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 10055874 nömrəli elektron qaimə-faktura üzrə 10620 manat, 25 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 11656217 nömrəli elektron qaimə-faktura üzrə 635,35 manat, 30 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 11963357 nömrəli elektron qaimə-faktura üzrə 2042,28 manat məbləğində olmaqla, cəmi 52377,59 manat dəyərində görülmüş işlərlə bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixindən 20 dekabr 2024-cü il tarixinədək olan dövrü əhatə edən, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya 20 dekabr 2024-cü il tarixinə 52377,65 manat məbləğində borcu vardır. İş materiallarına, həmçinin 01 may 2024-cü il tarixindən 01 avqust 2025-ci il tarixinə qədər olan dövrü əhatə edən hesabdan çıxarış əlavə edilmişdir. Hesabdan çıxarışın məzmununda qeyd edilən dövr ərzində cavabdehdən iddiaçıya hər hansı ödəniş edilməsi öz əksini tapmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 29 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq Ağdam rayonu ərazisində sifarişçinin tapşırdığı yerdə qazıntı və torpaq işlərini icra etmiş, lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Qeyd edilənlər yuxarıda istinad edilən sübutlarla (22 may 2024-cü il tarixli xidmət müqaviləsi, eynitarixli 1 saylı və 12 iyul 2024-cü il arixli 2 saylı Əlavə Razılaşma, təhvil-təslim aktları, elektron qaimə-fakturalar, üzləşmə aktı və 01 may 2024-cü il tarixindən 01 avqust 2025-ci il tarixinədək dövrü əhatə edən hesabdan çıxarış) tam təsdiqlənməkdədir. Göstərilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə 52377,65 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 5409,58 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 5409,58 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 2619 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan əlavə, iddia tələbinin 264 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 16 may 2025-ci il tarixli **********85 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 264 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 254,99 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 52377,65 manat məbləğində bоrc, 2619 manat məbləğində cərimə və 254,99 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 55251,64 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 52377,65 (əlli iki min üç yüz yetmiş yeddi manat, altmış beş qəpik) manat məbləğində bоrc, 2619 (iki min altı yüz on doqquz) manat məbləğində cərimə və 254,99 (iki yüz əlli dörd manat, doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 55251,64 (əlli beş min iki yüz əlli bir manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1044/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1044/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver