Məhkəmə qərarları › İş №e-2-2(119)-1081/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1081/2024

14.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1081/2024 14.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X12 qızının katibliyi, iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X3, cavabdeh "xxxx" Şirkətinin qanuni təmsilçisi X2 iştirakı ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh "xxxx" Şirkətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi 10 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Şirkətinə (VÖEN **********) qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəyə verən Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Şirkəti arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 ləğv edilməsi, cavabdeh "xxxx" Şirkəti tərəfindən iddiaçı Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan ünvan 3 ərazisində yerləşən sahəsi 80,4 kvadrat metr təşkil edən torpaq sahəsinin boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə geri qaytarılması və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin cavabdeh "xxxx" Şirkətinin hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin 13 aprel 2007-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 2-ci Paralel küçəsi ərazisində yerləşən 56 kvadrat metr torpaq sahəsi kommersiya obyektinin tikintisi məqsədi ilə "xxxx" Şirkətinə ayrılmış və Sumqayıt Bələdiyyəsi ilə "xxxx" Şirkəti arasında 11 yanvar 2007-ci il tarixdə 36 saylı X9 bağlanılmışdır. Qeyd olunan İcarə Müqaviləsinin qüvvədə olma müddəti 31 dekabr 2009cu il tarixədək nəzərdə tutulmuşdur. Sonradan tərəflər arasında 27 dekabr 2012-ci il tarixdə 217 saylı yeni İcarə Müqaviləsi bağlanılaraq icarənin müddəti 31 dekabr 2110-cu ilədək uzadılmışdır. Lakin, cavabdeh X4 şərtlərinə zidd olaraq Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan əlavə torpaq sahəsini zəbt edərək, həmin torpaqdan bu günədək qanunsuz istifadə etməkdə davam edir və o, qeyd olunan torpaq sahəsində özbaşına tikinti işləri apararaq 80,4 kvadrat metr torpaq sahəsində qeyri-yaşayış obyekti inşa etmişdir. Belə ki, Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən aparılmış yoxlamalar zamanı müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" Şirkəti tərəfindən Bələdiyyə mülkiyyətində olan əlavə torpaq sahəsi zəbt edilərək orada 80,4 kvadrat metr sahəni əhatə edən qanunsuz qeyri-yaşayış binası tikilmişdir. Sadalanan bütün bu hallar mübahisəli torpaqla bağlı tərəflər arasında bağlanılmış X4 şərtlərinin cavabdeh tərəfindən aşkar pozulduğunu göstərir ki, bununla əlaqədar olaraq Sumqayıt Bələdiyyəsi öz pozulmuş hüququnun qorunması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Həmin iddia ərizəsi üzrə başlanmış məhkəmə prosesi zamanı cavabdeh "xxxx" Şirkəti tərəfindən 13 avqust 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh "xxxx" Şirkətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, həmin iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunan hallar cavabdeh tərəfindən araşdırılmış və iddia ərizəsində həqiqətə uyğun olmayan faktlar aşkar edilmişdir. Belə ki, iddia ərizəsində qeyd olunan tikili 80,4 kv.m. yox, məhz ayrılan torpaq sahəsinin ölçülərinə uyğun olaraq 56 kv.m sahəni əhatə etmişdir. 03 iyun 2024-cü il tarixdə iddiaçı Sumqayıt Bələdiyyəsinin əməkdaşları tərəfindən qeyriqanuni olaraq, qabaqcadan məlumat verilmədən və yazılı qaydada xəbərdarlıq edilmədən icarədə olan daşınmaz əmlaka qanunsuz baxış keçirilmiş və akt tərtib edilmişdir. Sözügedən inzibati akt Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş impertaiv normalara zidd çəkildə tərtib edilmiş, icarə obyektinin mülkiyyətçisi icarədara xəbər verilmədən yerli baxış keçirmiş və həqiqəti əks etdirməyən akt tərtib edilmişdir. Sözügedən aktda qeyd edilən məqamları sübut edən sənədlər həmin akta əlavə edilməmişdir. İcarəçi "xxxx" Şirkətinə icarəyə verilən obyekt 56 kv.m təşkil edir və 03 iyun 2024-cü il tarixli akta qeyd edilən məlumatlar yalandır və həqiqəti əks etdirmir. İnzibati- Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən icarəyə verilən obyektin 56 kv.m olmadlğını sübut etmək vəzifəsi Sumqayıt Şəhər Bələdiyyəsinin üzərinə düşür. Əlavə olaraq, iddia ərizəsində İcarə Müqaviləsinin şərtlərinin pozulduğunun müəyyən edilməsi qeyd olunmuşdur. Lakin, İcarə Müqaviləsinin xitam əsasları bölməsinə nəzər yetirdikdə belə bir halın mövcud olmadığı müşahidə olunur. Həmin iddia ərizəsi üzrə başlanmış məhkəmə prosesi zamanı iddiaçı Sumqayıt Bələdiyyəsi 13 avqust 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə təqdim edərək, icarəyə verən Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Şirkəti arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 ləğv edilməsi və cavabdeh "xxxx" Şirkəti tərəfindən Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan ünvan 3 ərazisində yerləşən sahəsi 80,4 kvadrat metr təşkil edən torpaq sahəsinin boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizəni - “hazırkı iş üzrə məhkəmə araşdırması gedişatında mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinin naməlum şəxslər tərəfindən sökülərək, torpaq sahəsinin söküntü materiallarından azad edilməsi və bununla da ilkin iddia tələblərindən biri olan “özbaşına tikilinin sökülməsi” tələbinin məhkəmədənkənar qaydada öz həllini tapması” ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin azaldılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və icarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Şirkəti arasında bağlanılmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 ləğv edilməsi və cavabdeh "xxxx" Şirkəti tərəfindən iddiaçı Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan ünvan 3 ərazisində yerləşən sahəsi 80,4 kvadrat metr təşkil edən torpaq sahəsinin boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X1 cavab olaraq bildirdi ki, icarəyə verən Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Şirkəti arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X7 əsasən sonuncunun icarəsinə 56 kv/metr torpaq sahəsi verilmiş olsa da, Sumqayıt Bələdiyyəsinin Memarlıq-tikinti və Mülkiyyətə Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən 03 iyun 2024-cü ildə keçirilən yerində baxış zamanı tərtib edilmiş Akt əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İcarəçi tərəfindən 56 kv.m. sahədə deyil, daha artıq sahədə, yəni 80,4 kv.m. sahədə özbaşına tikili tikilmiş və bununla da İcarəçi trəfindən İcarə Müqaviləsinin tələbləri birtərəfli qaydada pozulmuşdur. Bundan əlavə, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və eləcə də, 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X7 əsasən icarəyə verilmiş torpaq sahəsi üzrə İcarəçinin icarə və istifadə hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan və mübahisə üzrə məhkəmə araşdırması başlandıqdan sonra isə həmin mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış obyekti iddiaçı tərəfə məlum olmayan şəxslər tərəfindən sökülərək, torpaq sahəsi söküntü materiallarından təmizlənmişdir. Ona görə də, iddia tələbi azaldılaraq, məhkəmədən 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 ləğv edilməsi və cavabdeh "xxxx" Şirkəti tərəfindən iddiaçı Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan ünvan 3 ərazisində yerləşən sahəsi 80,4 kvadrat metr təşkil edən torpaq sahəsinin boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh "xxxx" Şirkətinin qanuni təmsilçisi X6 iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğuna görə iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh "xxxx" Şirkətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini – iddiaçı tərəfin iddia ərizəsində istinad etdiyi halların əsassız olması, iddiaçı Sumqayıt Bələdiyyəsinin əməkdaşları tərəfindən 03 iyun 2024-cü ildə cavabdehin icarəsinə verilmiş torpaq sahəsinə keçirilən yerli baxış zamanı tərtib edilmiş Aktın qanunsuz olması, həmin Aktın cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilməsi və İcarəçi tərəfindən icarəyə götürülmüş torpaq sahəsində olan tikilinin sahəsinin Sumqayıt Bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 03 iyun 2024-cü il tarixli Aktda qeyd olunan 80,4 kv.m. deyil, 56 kv.m olması ilə əsaslandırmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin azaldılması” barədə ərizəni, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 13 aprel 2007-ci il tarixli 10 nömrəli Qərarından görünür ki, Sumqayıt Bələdiyyəsi tərəfindən "xxxx" Şirkətinə ünvan 3 ərazisində kommersiya obyektinin tikintisi məqsədilə 56 (əlli altı) kv.m. torpaq sahəsi ayrılmışdır. İş materialları ilə müəyyən olunur ki, icarədar (icarəyəverən) Sumqayıt Bələdiyyəsi (VÖEN **********) ilə icarəçi "xxxx" Şirkəti (VÖEN **********) arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 1.2-ci bəndinə əsasən, İcarədar Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli 67 №-li qərarına əsasən Sumqayıt Bələdiyyəsinin 13 aprel 2007-ci il tarixli protokol № 10 saylı qərarı əsasında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisi, 2-ci Paralel küçəsində yerləşən ümumi sahəsi 56,0 kv.m. (ha) olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. “İcarəçi” onu qəbul edir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu Müqavilə İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır, "İcarəçiyə” torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, ümumi sahəsi 56 kvadrat metr olan torpaq sahəsi 1 (bir) kvadrat metrinə görə illik olaraq 0,2 (20 qəpik) manat icarə haqqı olmaqla və Müqavilə üzrə illik ümumi icarə haqqı cəmi 11,2 (on bir manat 20 qəpik) manat məbləğində hesablanmaqla İcarəçiyə icarəyə verilir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “İcarədar”ın - icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək (“a” yarımbəndi), İcarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək (“b” yarımbəndi) və icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə icarəçidən məlumatlar almaq (“v” yarımbəndi) hüquqları vardır. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, “İcarəçi”nin - torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək (“a” yarımbəndi), icarədarın razılığı ilə icarəyə götürülmüş torpaq sahələrindən torpaqdan təyinatı üzrə səmərəli, istifadə etmək məqsədi ilə tikililər və avadanlıqlar quraşdırmaq (“v” yarımbəndi) hüquqları vardır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “İcarəçi”nin icarəyə verilən torpaq sahəsindən bu müqavilədə göstərilən məqsədlər üçün istifadə etmək (“a” yarımbəndi), torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər məcburi ödənişləri vaxtında ödəmək (“b” yarımbəndi), icarəyə götürdüyü torpaq sahəsini ancaq “İcarədar”ın razılığı əsasında subicarəyə vermək (“v” yarımbəndi) və icarəyə verilən torpaq sahəsini yararlı vəziyyətdə saxlamaq, torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucusu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, torpaqların mühafizəsi sahəsində torpağın münbitliyinin digər xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi kimi lazımı tədbirləri həyata keçirmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək (“q” yarımbəndi), torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada torpaq üzərində qoyulmuş servitutlara əməl etmək (“d” yarımbəndi), “İcarədar”ın razılığı olmadan icarəyə götürülmüş torpaq sahəsində heç bir əlavə tikinti və quraşdırma işləri aparmamaq (“e” yarımbəndi), torpaq sahəsindən müvəqqəti icarə müddəti başa çatdıqdan sonra onun tərəfindən ucaldılmış müvəqqəti tikilini öz hesabına sökmək (“ə” yarımbəndi), başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin hüquqlarını pozmamaq (“j” yarımbəndi), qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək (“z” yarımbəndi) vəzifələri vardır. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, torpağın icarəyə verilməsi bu torpaq üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmur, ancaq icarə hüququ yaradır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “İcarəçi” bu Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş icarə haqqını hər rübün əvvəlində “İcarədar”ın hesabına və yaxud xəzinəsinə ödəyir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, “İcarəçi”nin fəaliyyəti nəticəsində icarəyə verilmiş torpaq sahəsinin vəziyyəti pisləşdikdə və ya torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə (4.3-cü yarımbəndi), istifadə və icarə müqaviləsinin şərtlərinə əməl edilmədikdə (4.7-ci yarımbəndi), Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda (4.10-cu yarımbəndi) - müqaviləyə xitam verilir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu icarə müqaviləsi “ 01 “ yanvar 2012-ci il tarixdən “31” dekabr 2110-cu il tarixə qədər bağlanılmışdır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin Memarlıq-tikinti və Mülkiyyətə Nəzarət Şöbəsi tərəfindən tərtib edilmiş 03 iyun 2024-cü il tarixli Aktdan görünür ki, Sumqayıt şəhəri Polis İdarəsinin Dövlət Yol Polis sahəsinin ərazisi dairəsində xidməti araşdırmalar aparılarkən müəyyən edilmişdir ki, (X=38642319; Y=4********) qeyri-yaşayış sahəsində vətəndaş tərəfindən Bələdiyyə mülkiyyətinə aid olan 80,4 kv. metr torpaq sahəsi qanunsuz zəbt edilərək, özbaşına tikinti işləri aparılmışdır. Tərəfdən edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq vətəndaş zəbt edilmiş torpaq sahəsini boşaltmaqdan və torpaq sahəsini əvvəlki vəziyyətə qaytarmaqdan imtina etmişdir. (Qeyd: ƏMDX-nin 2 saylı Əİ-nin 22 may 2024-cü il tarixli 2/706 nömrəli məktubuna əsasən həmin torpaq sahəsində tikilmiş qeyri-yaşayış binası dövlət reyestrində qeydiyyata salınmamışdır). İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin Memarlıq-tikinti və Mülkiyyətə Nəzarət Şöbəsi tərəfindən 04 iyun 2024-cü ildə Sumqayıt Bələdiyyəsinə ünvanlanmış Təqdimatda göstərilir ki, Sumqayıt Bələdiyyəsinin sahə nəzarətçiləri tərəfindən reyd keçirilərkən Sumqayıt şəhəri Polis İdarəsinin Dövlət Yol Polis sahəsinin ərazisi dairəsində naməlum şəxs tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilməsi və orada sahəsi 80,4 kv.m olan qeyri-yaşayış binasının qanunsuz inşa edilməsi faktı aşkar edilmişdir. Bələdiyyə qulluqçuları tərəfindən naməlum şəxslərə torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətə qaytarılması və qanunsuz tikilmiş qeyri-yaşayış binasının sökülməsi barədə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmamış və yekunda Bələdiyyə qulluqçuları tərəfindən yerində akt tərtib edilmişdir. Torpaq sahəsinin zəbt edilməsini və icazəsiz inşaat işlərinin aparılmasını nəzərə alaraq, fakt üzrə məhkəmə qaydasında iddianın qaldırılması üçün sənədlərin Hüquq Şöbəsinə göndərilməsi təklif olunur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə "xxxx" Şirkətinin Sumqayıt İnzibati Məhkəməsinə verilmiş “Sumqayıt Bələdiyyəsi tərəfindən qəbul edilən 3 iyun 2024-cü il tarixli aktın ləğv edilməsi barədə” iddia ərizəsinin surəti, İcarə Müqaviləsinin surəti, İnşaat pasportunun surəti və digər sənədlər təqdim olunsa da, həmin təqdim olunan sənədlərlə 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X9 əsasında icarəsində olan mübahisəli torpaq sahəsi üzrə İcarəçinin icarə və istifadə hüquqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və eyni zamanda, həmin torpaq sahəsinin üzərində olan tikilinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatının aparılması müəyyən olunmamışdır. İş materiallarından görünür ki, 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X9 ilə əlaqədar yaranmış hazırkı mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunsa da, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə həll edilməsi mümkün olmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ - müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir; Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir; İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1) və icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (maddə 700.2). Həmin Məcəllənin 706-cı maddəsinin tələblərinə görə, 706.1. torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (maddə 706.1), torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər (maddə 706.2) və torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər (maddə 706.3). Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən edilir ki, icarədar (iddiaçı) Sumqayıt Bələdiyyəsinin 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X9 əsasında ünvan 3 ərazisində yerləşən 56 kvadrat metr torpaq sahəsi müvəqqəti istifadə üçün icarəçi (cavabdeh) "xxxx" Şirkətinin icarəsinə verilmiş və sonuncu həmin torpaq sahəsində qeyri-yaşayış binası tikmişdir. Lakin, icarəyə verən Sumqayıt Bələdiyyəsinin sahə nəzarətçiləri tərəfindən 03 iyun 2024-cü ildə keçirilən baxış zamanı icarəçi (cavabdeh) "xxxx" Şirkəti tərəfindən 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X9 ilə icarəyə verilmiş 56 kvadrat metr sahədə deyil, daha artıq sahədə, yəni 80,4 kvadrat metr sahədə qeyri-yaşayış binasının tikilərək istifadə olunduğu müəyyən edilmişdir. Eyni zamanda, aparılan araşdırma zamanı tərəflər arasında imzalanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 1.3-cü bəndinin və müvafiq qanunvericilik normalarının (“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin) tələblərinə uyğun olaraq 01 yanvar 2012-ci il tarixdən 31 dekabr 2110-cu il tarixə qədər bağlanmış İcarə Müqaviləsi əsasında icarəyə verilmiş 56 kvadrat metr torpaq sahəsi üzərində icarə hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmamış və həmin Reyestrdən Çıxarışla rəsmiləşdirilməmişdir. Eləcə də, icarəyə verilmiş torpaq sahəsi (56 kv.m.) də daxil olmaqla, daha böyük ərazidə (80,4 kv.m. sahədə) inşa edilərək istifadə olunan tikili də müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmamışdır. Odur ki, iddiaçı qismində icarəyəverən Sumqayıt Bələdiyyəsi 10 iyun 2024cü ildə cavabdeh qismində icarəçi "xxxx" Şirkətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəyə verən Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Şirkəti arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 ləğv edilməsi, cavabdeh "xxxx" Şirkəti tərəfindən iddiaçı Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan ünvan 3 ərazisində yerləşən sahəsi 80,4 kvadrat metr təşkil edən torpaq sahəsinin boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə geri qaytarılması və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin cavabdeh "xxxx" Şirkətinin hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, həmin iddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra iddiaçı Sumqayıt Bələdiyyəsi “məhkəmə araşdırması gedişatında mübahisəli torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinin naməlum şəxslər tərəfindən sökülərək, torpaq sahəsinin söküntü materiallarından azad edilməsi və bununla da ilkin iddia tələblərindən biri olan “özbaşına tikilinin sökülməsi” tələbinin məhkəmədənkənar qaydada öz həllini tapması” əsası ilə 13 avqust 2024-cü ildə məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə təqdim edərək, icarəyə verən Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Şirkəti arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 ləğv edilməsi və cavabdeh "xxxx" Şirkəti tərəfindən Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan ünvan 3 ərazisində yerləşən sahəsi 80,4 kvadrat metr təşkil edən torpaq sahəsinin boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıda təsvir olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" Şirkəti tərəfindən ünvan 3 ərazisində 56 kv.m. torpaq sahəsinin icarəsi ilə əlaqədar 31 dekabr 2110-cu il tarixinədək bağlanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X5 nəzərdə tutulmayan 80,4 kv.m sahədə qeyri-yaşayış binası inşa edilməklə istifadə olunmuş və eyni zamanda, həmin torpaq sahəsi üzrə icarə hüququ və inşa edilmiş qeyriyaşayış binası qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmamış və həmin Reyestrdən Çıxarışla rəsmiləşdirilməmişdir. Bu kimi hallar isə - 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 1.2-ci bəndində (icarəyə 56,0 kv.m. torpaq sahəsinin verilməsi), 1.3-cü bəndində (icarə hüquqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması) və 2.4-cü bəndində (“İcarəçi”nin icarəyə verilən torpaq sahəsindən bu müqavilədə göstərilən məqsədlər üçün istifadə etmək, icarəyə verilən torpaqdan müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək, torpaq sahəsi ilə bağlı öhdəliklərə və məhdudiyyətlərə əməl etmək, “İcarədar”ın razılığı olmadan icarəyə götürülmüş torpaq sahəsində heç bir əlavə tikinti və quraşdırma işləri aparmamaq, başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin hüquqlarını pozmamaq) nəzərdə tutulan şərtlərin İcarəçi olaraq cavabdeh "xxxx" Şirkəti tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (maddə 5.3), mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1), hüquqdan sui-istifadəyə yol verilmir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2) və qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə kimi qəbul edilən hərəkətlərdir (maddə 560.3). Həmçinin, qeyd etmək lazımdır ki, 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 2.1-ci bəndində “İcarədar”ın icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək hüququnun olması da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Həmin Məcəllənin 721.1-ci maddəsinə əsasən, əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər. Həmin Məcəllənin 722.1-ci maddəsinə əsasən, müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi “icarəyə verən Sumqayıt Bələdiyyəsi ilə icarəçi "xxxx" Şirkəti arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X4 ləğv edilməsi” hissəsində tam əsaslı, “cavabdeh "xxxx" Şirkəti tərəfindən Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan ünvan 3 ərazisində yerləşən sahəsi 80,4 kvadrat metr təşkil edən torpaq sahəsinin boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə geri qaytarılması” hissəsində isə qismən əsaslıdır. Çünki, məhkəmə araşdırması zamanı tərəflər arasında imzalanmış məlum İcarə Müqaviləsi əsasında iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən icarəyə verilən torpaq sahəsinin 56 kv.m. olması təsdiq olunsa da, həmin icarə sahəsindən artıq sahənin, yəni iddia tələbində qeyd olunan “80,4 kv.m.” sahənin “56 kv.m.” sahəyə daxil olmayan hissəsinin (24,4 kv.m. hissəsini) iddiaçının mülkiyyətində və yaxud iddiaçının sahibliyində olan torpaq sahəsi olması və həmin sahənin də “56 kv.m.” sahə ilə birlikdə iddiaçıya qaytarılmalı olması məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki, iddia tələbində boşaldılaraq geri qaytarılması tələb olunan “80,4 kv.m.” sahənin İcarə Müqaviləsində nəzərdə tutulan “56 kv.m.” icarə sahəsindən əlavə hissəsinin də, yəni 24,4 kv.m (80,4 – 56 = 24,4 kv.m.) hissəsinin tələb edilməsinə subyektiv hüququnun olması iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı mötəbər sübutlarla sübut edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı Sumqayıt Bələdiyyəsi ilə cavabdeh "xxxx" Şirkəti (VÖEN **********) arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X9 ləğv edilməli və 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X9 üzrə icarə obyekti olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi cavabdeh "xxxx" Şirkəti (VÖEN **********) tərəfindən boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə geri qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, cavabdeh "xxxx" Şirkətindən dövlət nəfinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Sumqayıt Bələdiyyəsi ilə cavabdeh "xxxx" Şirkəti (VÖEN **********) arasında bağlanmış 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X9 ləğv edilsin. 27 dekabr 2012-ci il tarixli 217 nömrəli X9 üzrə icarə obyekti olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi cavabdeh "xxxx" Şirkəti (VÖEN **********) tərəfindən boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Şirkətindən dövlət nəfinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar