Məhkəmə qərarları › İş №e-2-2(119)-1093/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1093/2021

20.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1093/2021 20.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı verilmiş “torpaq sahəsində aparılmış yaşıllaşdırmanın ləğv edilməsi və əldən çıxmış faydanın tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsində aparılmış yaşıllaşdırmanın ləğv edilməsi və əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “iddiaçının xüsusi mülkiyyətində olan Xızı rayon Giləzi kəndi ərazisində yerləşən 5 (beş) hektar torpaq sahəsində qanunsuz olaraq zəbt etmiş Xızı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi tərəfindən aparılmış yaşıllaşdırmanın cavabdehin öz vəsaiti hesabına ləğv edilməsi və iddiaçının mülkiyyətində olan torpaq sahəsində Xızı rayon İcra Hakimiyyəti tərəfindən zəbt olunaraq ağaclar əkdiyi üçün torpaq sahəsindən istifadə hüququ məhdudlaşdırıldığına görə əldən çıxmış fayda kimi 800000 (səkiz yüz min) manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, həmin iddia ərizəsində qeyd olunan tələblə əlaqədar Sumqayıt Kommersiya Məhkəməsinə deyil, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət oluna bilər. Ona görə də, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmadığı üçün yolverilməzliyə görə İddiaçı tərəfindən cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı verilmiş “torpaq sahəsində aparılmış yaşıllaşdırmanın ləğv edilməsi və əldən çıxmış faydanın tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 6.1-ci bəndində məhkəmələrə izah edilir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Plenum qərarının 7.1-ci bəndinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə də, yuxarıda qeyd olunanlardan görünür ki, hazırkı iddia ərizəsində qeyd olunan tələblə əlaqədar müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Kommersiya Məhkəməsinə deyil, müvafiq İnzibati Məhkəməyə müraciət oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı verilmiş “torpaq sahəsində aparılmış yaşıllaşdırmanın ləğv edilməsi və əldən çıxmış faydanın tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya izah olunsun ki, “torpaq sahəsində aparılmış yaşıllaşdırmanın ləğv edilməsi və əldən çıxmış faydanın tutulması” barədə müraciətindən inzibati orqan imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət oluna bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar