Məhkəmə qərarları › İş №e-2-2(119)-1097/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1097/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1097/2025 29.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı2 nümayəndələri ASKER GUSEİNOVun və Nümayəndə1 iştirakları ilə, İddiaçı2 tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 20 iyul 2024-cü il tarixli UNİ-HS-07-24 nömrəli xidmət müqaviləsi üzrə cavabdehdən 16980,01 (on altı min doqquz yüz səksən manat, bir qəpik) manat məbləğində borcun və iddianın verilməsi üçün ödənilmiş 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17121,01 (on yeddi min yüz iyirmi bir manat, bir qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20 iyul 2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən, cavabdehin yazılı sifarişinə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və göstəricilərə (xüsusiyyətlərə) uyğun avadanlıq, mexanizm və qurğular, xüsusi nəqliyyat vasitələri vasitəsilə cavabdehə spesifıkasiya(lar)da müəyyən edilən obyektdə, yerlərdə və müddətlərdə xidmətlər göstərir və cavabdeh bu xidmətlər müqabilində iddiaçıya müvafiq haqq ödəyir. Xidmətlərin icrası və bunun başa çatması cavabdehin təsdiq etdiyi təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Müqavilənin digər şərtlərinə əsasən “bu Müqavilə üzrə xidmətlərin qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da müəyyən edilir. Müqaviləyə əlavə edilən 20 iyul 2024-cü il tarixli spesifikasiyaya əsasən 20 iyul 2024-cü il tarixdən 01 mart 2025-ci il tarixədək Salyan rayonunda “Doosan solar 300LC-V markalı” **-BC-*** dövlət qeydiyyat nişanlı yükləyici ekskavator vasitəsi ilə qazıntı işləri görülməlidir. Həmçinin Spesifikasiyaya əsasən 1 m3 üçün 3,37 manat olmaqla günlük təxminən 102 m3, maksimum 26 gün üçün isə 2670,62 m3 olmaqla 9000 manat məbləğində təşkil edəcəkdir. İddiaçı üzərinə götürdüyü öhdəliyi icra edərək spesifikasiyada qeyd olunan yükləyici ekskavator vasitəsilə 2670,62 m3 ərazidə qazıntı işləri həyata keçirmişdir. Qeyd olunan xidmətin görülməsini təsdiq edən elektron qaimə-fakturaya əsasən cavabdeh tərəfindən 16980,0146 manat məbləğində xidmət haqqı ödəməli olsa da, öhdəliyini icra etməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi ASKER GUSEİNOV iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, tərəflər arasında təhviltəslim aktı imzalansa da, akt iddiaçıya təqdim edilməmişdir. İddiaçı tərəfindən müvafiq xidmətlər 13 iyun 2024-cü il tarixindən 01 oktyabr 2024-cü il tarixinədək olan müddət ərzində həyata keçirilmişdir. İddiaçının nümayəndəsi ASKER GUSEİNOV göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, xidmət müqaviləsinə Əlavədə qeyd edilmişdir ki, hər 26 gündən bir hər m3-ə görə 3,37 manat olmaqla görülmüş işlərin dəyəri hesablanmalı idi. İddiaçıya məxsus ekskavator 13 iyun 2024-cü il tarixindən 01 oktyabr 2024-cü il tarixinədək Salyan rayonunda olmuşdur. Ekskavator 01 oktyabr 2024-cü il tarixdə geri gətirilsə də, faktiki olaraq 10 sentyabr 2024-cü il tarixinədək işləmişdir. Belə ki, bu müddət ərzində ekskavatorun nasaz olduğu vaxt istisna olmaqla, qalan müddətdə ekskavator cavabdehin istifadəsində olmuşdur. Ümumilikdə, 5400 m3 və 18198 manat məbləği dəyərində iş görülmüşdür. Cavabdeh şirkətin rəhbəri iddiaçıdan müəyyən məbləğdə güzəştin edilməsini xahiş etdiyindən iddiaçı hazırda 16980 manat məbləğini tələb edir. İddiaçı bilavasitə özü xidmət göstərməmişdir, yalnız ekskavator iddiaçıya məxsusdur. Ekskavatoru idarə etmək üçün sürücünü isə tərəflər arasında aparılan danışıqlardan asılı olaraq iddiaçının özü və ya qarşı tərəf təmin edir. Hazırkı iş üzrə sürücünü cavabdeh cəlb etmişdir. Müvafiq eskavator 2024-cü ilin iyul ayından sentyabr ayınadək müvafiq ərazidə olmuşdur. Eyni zamanda cavabdeh təşkilatın məsul şəxsi ilə əlaqə saxlanan zaman borcu olduğunu qəbul etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı2 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20 iyul 2024-cü il tarixli UNİ-HS-07-24 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, sifarişçinin (cavabdehin) yazılı sifarişinə əsasən icraçı (iddiaçı) müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və göstəricilərə (xüsusiyyətlərə) uyğun avadanlıq, mexanizm və qurğular, xüsusi nəqliyyat vasitələri (“texnikalar”) vasitəsilə sifarişçiyə spesifikasiya(lar)da müəyyən edilən obyektdə, yerlərdə və müddətlərdə xidmətlər göstərir və sifarişçi bu xidmətlər müqabilində icraçıya müvafiq haqq ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, xidmətlərin icrası və bunun başa çatması sifarişçinin təsdiq etdiyi təhvil-təslim aktı ilə rəsmiyyətə salınır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə xidmətlərin qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, qiymətin ödəniş forması və qaydası bu müqaviləyə spesifikasiya(lar)da müəyyən edilir. Həmin müqavilənin 3.1.4-cü yarımbəndinə əsasən, sifarişçi icraçının göstərdiyi xidmətləri qəbul edir, təhvil-təslim aktını tam həcmdə və keyfiyyətli şəkildə rəsmiləşdirir və imzalayır. Həmin müqavilə üzrə tərtib edilmiş “Spesifikasiya və Xüsusi şərtlər” adlanan 20 iyul 2024-cü il tarixli 1 saylı Əlavə Razılaşmanın 1-ci və 2-ci bəndlərinə əsasən, xidmətlər Salyan rayonunda göstərilir. Xidmətlərin göstərilməsi müddəti 20 iyul 2024-cü il tarixdən 01 mart 2025-ci il tarixlərinədək nəzərdə tutulmuşdur. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən, icraçı (iddiaçı) isə sifarişçinin (cavabdehin) müəyyən etdiyi qaydada qeyd olunan xidmətləri (qazma) “Doosan solar 300LC-V” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yükləyici ekskavator vasitəsilə göstərməyi öhdəsinə götürür. Həmin Razılaşmanın 4-cü bəndinə əsasən, xidmətlərin qiyməti 1 m3 üçün 3,37 manat günlük təxminən 102 m3 təşkil edir, maksimum 26 gün üçün 2670,62 m3 9000 manat olacaq. Həmin Razılaşmanın 5-ci bəndinə əsasən, xidmətlərin EQF əsasən köçürmə yolu ilə ödənilə bilər. İş materiallarından görünür ki, 10 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 10656208 nömrəli elektron qaimə-faktura üzrə 16980,01 manat dəyərində görülmüş işlərlə bağlı həmin elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş ASADOV AKİF ifadəsində bildirmişdir ki, 2024-cü ilin iyun ayının ortalarında ASKER GUSEİNOV ona ekskavatorunun xarab olduğunu bildirdiyinə görə, onunla birlikdə radiator axtarmış və birlikdə Salyan rayonuna yollanmışdırlar. Ekskavatorun olduğu müvafiq ərazidə qazıntı işləri aparılmışdır. Həmin gün geri qayıtmış və bir daha həmin yerə getməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Məhəmməd Məmmədov ifadəsində bildirmişdir ki, cavabdeh şirkətin rəhbəri Aqil adlı şəxslə 1 ay daha əvvəldən əməkdaşlıq etmişdir. Cavabdeh ona ekskavator lazım olduğunu bildirmiş, o, iddiaçı ilə tanış olduğu üçün cavabdehə iddiaçını təklif etmişdir. Onun vasitəsilə iddiaçı və cavabdeh arasında müqavilə bağlanmışdır. İddiaçıya məxsus texnika 2024-cü ilin iyun ayından oktyabr ayına qədər işləmişdir. Daha sonra əvvəlcə o, daha sonra isə iddiaçının atası ASKER GUSEİNOV texnikaları Bakıya gətirmişdir. Hətta iddiaçıya məxsus ekskavatorun akkumulyatorları da cavabdeh tərəfindən dəyişilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 20 iyul 2024-cü il tarixli UNİ-HS-07-24 nömrəli podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsi və həmin müqaviləyə 1 nömrəli Əlavə bağlanılmış, həmin müqavilə və Əlavə üzrə icraçı qismində iştirak edən iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq Salyan rayonu ərazisində sifarişçi qismində çıxış edən cavabdehin sifarişinə əsasən onun tapşırdığı yerdə qazıntı işlərini icra etmiş, lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Belə ki, tərəflər müqaviləyə 20 iyul 2024-cü il tarixli 1 saylı Əlavə Razılaşma ilə xidmətlərin qiymətinin 1 m3 üçün 3,37 manat olmaqla günlük təxminən 102 m3 təşkil edəcəyi, maksimum 26 gün üçün 2670,62 m3 olmaqla dəyərinin 9000 manat olacağı barədə razılığa gəlmişdirlər. İddiaçının nümayəndələrinin və şahidlərin izahatları ilə müəyyən edilmişdir ki, qazma işlərinin görülməsi üçün 2024-cü ilin iyun ayının ortalarından etibarən iddiaçıya məxsus texnika tikinti sahəsində olmuş, 10 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 10656208 nömrəli elektron qaimə-fakturanın cavabdehə göndərildiyi tarixədək müqavilədə nəzərdə tutulan dəyərə uyğun və miqdarda işlər icra edilmiş, bununla əlaqədar 16980,01 manat məbləğində işlərin görülməsi ilə bağlı yuxarıda qeyd edilən elektron qaimə-faktura cavabdehə göndərilsə də, cavabdeh görülən işlərin dəyərini ödəməmişdir. Göstərilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə 16980,01 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bunlardan əlavə, iddia tələbinin 141 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 09 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 141 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, 16980,01 manat məbləğində bоrc, 141 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17121,01 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 16980,01 (on altı min doqquz yüz səksən manat, bir qəpik) manat məbləğində bоrc və 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17121,01 (on yeddi min yüz iyirmi bir manat, bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar