Məhkəmə qərarları › İş №e-2-2(119)-1127/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1127/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1127/2025 17.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2023-cü il tarixli AXFS-4081 nömrəli kredit müqaviləsi üzrə 14965,96 (on dörd min doqquz yüz altmış beş manat, doxsan altı qəpik) manat məbləğində əsas borc, 1140,09 (min yüz qırx manat, doqquz qəpik) manat məbləğində faiz borcu, 225,35 (iki yüz iyirmi beş manat, otuz beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 16331,4 (on altı min üç yüz otuz bir manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin, bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində rüsumun və 139 (yüz otuz doqquz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.050250 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 179.70 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş həmin pul vəsaitindən Cavabdeh1 kredit müqaviləsi üzrə 16331,4 (on altı min üç yüz otuz bir manat, qırx qəpik) manat məbləğində borcunun və 139 (yüz otuz doqquz) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlarla müəyyən edilir ki, iddia ərizəsində cavabdehlər qismində göstərilmiş Cavabdeh1 və Cavabdeh3 yaşayış yeri üzrə rəsmi qeydə alındığı ünvan Kürdəmir rayonu, Sor-Sor kəndi, Cavabdeh2 yaşayış yeri üzrə rəsmi qeydə alındığı ünvan isə Kürdəmir rayonu, Xırdapay kəndidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 04 nömrəli qərarının 23.11-ci bəndinə əsasən Kürdəmir rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına daxil olan inzibati ərazi vahididir. Göründüyü kimi, şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, cavabdehlər yaşayış yeri üzrə Kürdəmir rayonunda qeydiyyata alınmış və həmin inzibati ərazi vahidi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının yuxarıda istinad edilən qərarına əsasən, Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına daxil deyildir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ərizə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması ərazi aidiyyəti üzrə yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar