Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1137/2024 24.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 20 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəyə verən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında bağlanmış 04 aprel 2016-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş bir ədəd “D/D” markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində pulun (alınan gündə manata olan məzənnəsi ilə),120 (yüz iyirmi) manat məbləğində vəkil xidmət haqqının və 75 (yetmiş beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 04 aprel 2016-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsəsən dəyəri 1600 ABŞ dolları olan bir ədəd “D/D” markalı soyuducu İddiaçı MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmiş və istifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, “İstifadəçi” əmlakın köhnəlməsi nəzərə alınmaqla, həmin soyuducunun təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. “İstifadəçi” soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyəverənə” cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin, iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh müvafiq “pretenziya” məktubu ilə rəsmi qaydada müraciət olunaraq, 04 aprel 2016-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi bildirilmiş və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Eyni zamanda, həmin məktubda soyuducunun qaytarılmadığı təqdirdə, Müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi də cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, bu günə qədər Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçı MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə 24 sentyabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə baxış iclasına gəlməmişlər. Bununla belə, İddiaçı nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, istifadəyəverən İddiaçı (VÖEN **********) ilə İstifadəçi – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 04 aprel 2016-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilənin şərtlərinə görə, “The Coca-Cola Company”nin icazəsi ilə istehsal və satışı təşkil edilən məhsulların “İstifadəçi” tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi (Müqavilənin 1-ci bəndi) məqsədi ilə “İstifadəyəverən” mülkiyyətində olan bir ədəd soyuducunu, yəni 1600 (min altı yüz) ABŞ dolları dəyərində olan bir ədəd “D/D” markalı soyuducunu “İstifadəçi”yə əvəzsiz istifadəyə vermiş və istifadəyə verilmiş həmin soyuducu üçün heç bir formada istifadə haqqı tələb edilməmişdir (2.1.1-ci bənd). Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən, istifadəyə verilən soyuducu istifadə üçün yararlı, əmtəə görkəmli, heç bir xəsarəti olmayan əmlak olaraq “İstifadəçi”yə təslim edilməlidir. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən, “İstifadəçi” istifadəyə verilən əmlakdan - soyuducudan "xxxx" MMC tərəfindən “The Coca-Cola Company”nin icazəsi ilə istehsal və satışı təşkil edilmiş məhsulların sərinləşdirilmiş şəkildə satılması məqsədi ilə istifadə edir. Əmlakdan digər məhsulların sərinləşdirilib satılmasına yol verilmir. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən, “İstifadəçi” əmlakın qorunub saxlanılmasının və toxunulmazlığını təmin edir. Həmin Müqavilənin 2.2.4-cü bəndinə əsasən, İstifadəyə verilən əmlakın, “İstifadəyəverən”in rəsmi razılığı olmadan özgəninkiləşdirilməsinə, dəyişdirilməsinə, sökülməsinə, rəng dəyişikliyinə və başqa formalarda dəyişiklik edilməsinə yol vermir. Həmin Müqavilənin 2.2.7-ci bəndinə əsasən, müqavilə xitam edildikdə, “İstifadəçi” əmlakı qəbul etdiyi vəziyyətdə, normal köhnəlməsi nəzərə alınmaqla, 3 gün ərzində geri qaytarılmasını təmin edir. Həmin Müqavilənin 2.2.8-ci bəndinə əsasən, Müqavilənin xitamı haqqında “İstifadəçi” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində birgə müəssisəyə cərimə ödəməlidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə “İstifadəyəverən” tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, Müqavilənin 2.1.1-ci bəndində göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. İş materiallarında olan “İstifadəyəverən” (iddiaçı) "xxxx" MMC tərəfindən “İstifadəçi” (cavabdeh) Cavabdeh ünvanlanmış 31 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən 31 yanvar 2024-cü ildə “İstifadəçi”yə (cavabdehə) qarşı dəyəri 1600 ABŞ dolları olan bir ədəd “D/D” tipli soyucudunun “İstifadəyəverən”ə geri qaytarılması haqqında tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinin tələblərinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür və bu öhdəlikləri iştirakçılar əvəzsiz icra edirlər. Həmin Məcəllənin 734.2-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən, kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Həmin Məcəllənin 736-cı maddəsinin tələblərinə görə, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur (maddə 736.1); Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər (maddə 736.2); Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər (maddə 736.3). Həmin Məcəllənin 737-ci maddəsinə əsasən, kirayəyə verən əvəzsiz istifadə müqaviləsini - əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında tərtib edilmiş 04 aprel 2016-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən “istifadəyəverən” "xxxx" MMC tərəfindən 1600 ABŞ dollar dəyərində olan bir ədəd “D/D” markalı soyuducu “istifadəçi” Cavabdeh əvəzsiz istifadəsinə verilmişdir. Lakin, “istifadəyəverən” "xxxx" MMC 31 yanvar 2024-cü il tarixli məktubla istifadəyə verilən həmin əmlakın qaytarılmasını tələb etsə də, “istifadəçi” Cavabdeh həmin soyuducunu qaytarmamış və bununla da, tərəflər arasında bağlanmış Müqavilənin “əvəzsiz istifadəyə verilmiş əmlakın qaytarılması” barədə öhdəliyini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış məlum Müqavilənin 2.2.8-ci bəndinin tələblərinə görə, müqaviləyə istənilən səbəbdən xitam verildiyi halda “İstifadəçi” əmlakın 3 gün ərzində geri qaytarılmasını təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyəverən”ə cərimə ödəməlidir. Buna görə də, hazırkı iddia ərizəsində 04 aprel 2016-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilə üzrə bir ədəd “D/D” markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 3200 ABŞ dolları məbləğində pulun (alınan gündə manata olan məzənnəsi ilə),120 manat məbləğində vəkil xidmət haqqının və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı MMC tərəfindən Dövlət Büdcəsinə 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu və hüquqi yardımla bağlı nümayəndəyə (vəkilə) 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı (“istifadəyəverən”) "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 aprel 2016-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilənin şərtlərinə uyğun olaraq qaytarılmayan 1600 (min altı yüz) ABŞ dolları dəyərində soyuducunun dəyərinin 2 misli həddində hesablanaraq, cərimə kimi müəyyən edilmiş 3200 (üç min iki yüz) ABŞ dolları məbləğində pulun cavabdeh (“istifadəçi”) Cavabdeh tutulmasını tələb edir. Yəni, cavabdehdən tələb olunan pul vəsaiti Müqavilə şərtlərinə əsasən cərimə kimi müəyyən edilmiş pul vəsaitidir. Bu halda isə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə əsasən yüksək dəbbə pulunu (cəriməni və ya penyanı) azalda bilər. Eləcə də, bununla əlaqədar qeyd etmək lazımdır ki, 04 aprel 2016-cı il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən “İstifadəyəverən” "xxxx" MMC-nin özünün istehsal və satışını təşkil etdiyi içkilərin sərinləşdirilmiş şəkildə satılmasını təmin etmək məqsədilə soyuducunun “İstifadəçi”yə əvəzsiz istifadəyə verilməsi, eyni zamanda mahiyyəti etibarilə reklam xarakterli olmaqla, iddiaçının (“İstifadəyəverən”in) məhz istifadəyə verilmiş həmin soyuducunun özündən hərhansı birbaşa gəlir əldə etməsini deyil, cavabdeh (“İstifadəçi”) tərəfindən iddiaçının məhsullarının satılmasını nəzərdə tutur və həmin Müqavilənin şərtlərinə əsasən “soyuducu geri qaytarılarkən onun normal köhnəlməsi” nəzərə alınmalıdır (Mülki Məcəllənin 734.2-ci maddəsinin tələblərinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır). Bütün bu hallara görə müəyyən olunur ki, həm tərəflər arasında bağlanmış müqavilənin əvəzsiz xarakteri, həm də iddiaçı tərəfindən soyuducunun cavabdehə təhvil verildiyi 04 aprel 2016cı il tarixdən geri qaytarılması tələb olunan 31 yanvar 2024-cü il tarixədək olan 7 ildən artıq müddət ərzində soyuducunun normal köhnəlməsi nəzərə alındığı halda, 1600 ABŞ dolları dəyərində soyuducunun dəyərinin 2 misli həddində olmaqla cərimə kimi 3200 ABŞ dolları məbləğində pulun ödənilməsinin tələb edilməsi - cavabdeh tərəfindən icra edilməyən öhdəliyə (soyuducunun qaytarılmamasına) münasibətdə tənasübsüz şəkildə yüksək hesablanmış cərimə məbləğidir. Ona görə də, məhkəmə hesab edir ki, 04 aprel 2016-cı ildə 1600 ABŞ dolları dəyərində qiymətləndirilərək əvəzsiz istifadəyə verilmiş soyuducunun 7 ildən artıq müddət ərzində istifadə olunduqdan sonra qaytarılmamasına görə 3200 ABŞ dolları məbləğində cərimənin tələb edilməsi tənasübsüz surətdə yüksək dəbbə pulunun hesablanmasıdır və bu səbəbdən də, həmin cərimə məbləği azaldılaraq, cavabdehdən soyuducunun məlum Müqavilədə qeyd olunan dəyəri həddində, yəni 1600 (min altı yüz) ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1600 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının və hazırkı iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ümumilikdə hesablanan 47,2 (qırx yeddi manat 20 qəpik) manat hissəsinin əvəzi də Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1600 (min altı yüz) ABŞ dolları məbləğində pul vəsaiti, hüquqi yardımla əlaqədar ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı və 47,2 (qırx yeddi manat 20 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1137/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1137/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver