Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1138/2024 16.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı "pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli, 24695 nömrəli müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 1 ədəd “Cooler SDVC” markalı soyuducunun dəyərinin iki misli həcmində - 2000 (iki min) ABŞ dolları məbləğində pul vəsaitinin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının və 54 (əlli dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli, 24695 nömrəli müqaviləyə uyğun olaraq dəyəri 1000 ABŞ dolları olan 1 ədəd “Cooler SDVC” markalı soyuducu İddiaçı tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəyəverən tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. istifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, sözügedən müqaviləyə xitam verildiyi bildirilmiş və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçı əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 02 sentyabr 2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən 14 sentyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə baxış iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan istifadəyəverən "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə istifadəçi Cavabdeh arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli 24695 nömrəli müqaviləyə əsasən istifadəyəverən özünün istehsal və satışını təşkil etdiyi alkoqolsuz spirtsiz içkilərin və çayların istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək məqsədi ilə bu müqavilənin 2.1.1-ci bəndində reklam xarakterli soyuducuları istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə görə istifadəyəverən müqavilə şərtlərinə əsasən mülkiyyətində olan dəyəri 1000 ABŞ dolları olan 1 ədəd “Cooler SDVC” markalı reklam xarakterli soyuducunu istifadəçiyə əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb etmir. Həmin müqavilənin 2.1.2-ci bəndinə görə istifadəyəverən soyuducunu istifadəyə yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə Əlavə № 1-də göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil verir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 (üç) gün ərzində geri qaytanlmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyə verənə cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - 734.2-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. - 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. - 736-cı maddəsinin tələblərinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli 24695 nömrəli müqaviləyə əsasən istifadəyəverən "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1000 ABŞ dolları dəyərində bir ədəd 1 ədəd “Cooler SDVC” soyuducu istifadəçi Cavabdeh əvəzsiz istifadəsinə verilmişdir. Lakin istifadəçi Cavabdeh həmin soyuducunu qaytarmamış və bununla da tərəflər arasında bağlanmış müqavilə üzrə “əvəzsiz istifadəyə verilmiş əmlakın qaytarılması” barədə öhdəliyini yerinə yetirməmişdir. Buna görə "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən əvəzsiz istifadəyə verilmiş soyuducunun qaytarılması barədə öhdəliyini yerinə yetirməmişdir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı (istifadəyəverən) "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli 24695 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq qaytarılmayan 1000 (min) ABŞ dolları dəyərində soyuducunun dəyərinin 2 misli həddində hesablanaraq cərimə kimi müəyyən edilmiş 2000 ABŞ dolları məbləğində pulun Cavabdeh tutulmasını tələb edir. Yəni cavabdehdən tələb olunan pul vəsaiti müqavilə şərtlərinə əsasən cərimə kimi müəyyən edilmiş pul vəsaitidir. Bu halda isə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə əsasən yüksək dəbbə pulunu (cəriməni) azalda bilər. Qeyd etmək lazımdır ki, “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən istifadəyəverən "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünün istehsal və satışını təşkil etdiyi alkoqolsuz spirtsiz içkilərin və çayların istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək məqsədi ilə soyuducuların istifadəçiyə əvəzsiz istifadəyə verilməsi, mahiyyəti etibarilə iddiaçının məhz istifadəyə verilmiş həmin soyuducunun özündən hər hansı birbaşa gəlir əldə etməsini deyil, əksinə cavabdeh tərəfindən iddiaçının məhsullarının satılmasını nəzərdə tutur və həmin müqavilənin şərtlərinə əsasən “soyuducu geri qaytarılarkən onun normal köhnəlməsi” nəzərə alınmalıdır. Bütün bu hallara əsasən müəyyən olunur ki, həm tərəflər arasında bağlanmış müqavilənin əvəzsiz xarakteri, həm də iddiaçı tərəfindən soyuducunun cavabdehə təhvil verildiyi tarixlərdən məhkəmə mübahisəsi vasitəsilə geri qaytarılması tələb olunan 20 iyun 2024-cü il tarixədək olan müddət ərzində soyuducuların normal köhnəlməsi nəzərə alındığı halda 1000 ABŞ dolları dəyərində soyuducuların dəyərinin 2 misli həddində cərimə kimi 2000 ABŞ dolları məbləğində pulun ödənilməsinin tələb edilməsi - cavabdeh tərəfindən icra edilməyən öhdəliyə (soyuducunun qaytarılmamasına) münasibətdə tənasübsüz şəkildə yüksək hesablanmış cərimə məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, 07 noyabr 2022-ci il tarixdə 1000 (min) ABŞ dolları dəyərində qiymətləndirilərək əvəzsiz istifadəyə verilmiş soyuducunun təxminən 2 ilədək müddət ərzində istifadə olunduqdan sonra qaytarılmamasına görə 2000 ABŞ dolları məbləğində cərimənin tələb edilməsi tənasübsüz surətdə yüksək dəbbə pulunun hesablanmasıdır və bu səbəbdən həmin cərimə məbləği azaldılaraq cavabdehdən soyuducunun müvafiq müqavilədə qeyd olunan dəyəri həddində, yəni 1000 (min) ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş Abşeron rayon Vəkil Bürosu ilə "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Hüquqi yardımın göstərilməsi haqqında” 24 iyun 2024-cü il tarixli, 676 nömrəli müqavilədən görünür ki, "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi yardım göstərilməsi üçün 100 (yüz) manat məbləğində xidmət haqqı müəyyən olunmuşdur. Buna görə iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı tutularaq "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “ödənilmiş 54 (əlli dörd) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli 24695 nömrəli müqaviləyə əsasən 1000 (min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, hüquqi yardımla əlaqədar vəkil ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli 24695 nömrəli müqaviləyə əsasən 1000 (min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, hüquqi yardımla əlaqədar vəkil ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "Azerbaijan Coca-Cola Bottlers” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1138/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1138/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver