Məhkəmə qərarları › İş №e-2-2(119)-1176/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1176/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1176/2025 08.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12831,83 (on iki min səkkiz yüz otuz bir manat səksən üç qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş dövr üçün əsas borca münasibətdə illik beş faiz hesablanmış 481 (dörd yüz səksən bir) manat, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 131 (yüz otuz bir) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13743,83 (on üç min yeddi yüz qırx üç manat səksən üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2018-ci il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən ******* nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir və bunun əsasında diler tərəfindən razılaşdırılmış şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti distribütor qismində Cavabdeh 01 mart 2024-cü il tarixli üzləşmə aktında qeyd olunan malları təhvil vermiş və üzləşmə aktı hər iki tərəfdən imzalanmışdır. Lakin buna baxmayaraq cavabdeh bu günə qədər təqdim edilmiş malların dəyərini ödəməmişdir. Belə ki, 01 mart 2024-cü il tarixdə tərəflər rasında imzalanmış üzləşmə aktının məzmunundan görünür ki, 29 fevral 2024-cü il tarixinə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 12831,83 (on iki min səkkiz yüz otuz bir manat səksən üç qəpik) manat təşkil edir. Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə üəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri aytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır, belə ki, kreditor olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 03 sentyabr 2024-cü il tarixində Cavabdeh elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. 12 iyun 2025-ci il tarixli maliyyə arayışına əsasən həmin tarixə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 12831,83 manat məbləğindədir. Göründüyü kimi borclu öz öhdəliyini müqavilə ilə müəyyən edilmiş müddətdə icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər editor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alınarsa borclunun öhdəliyi icra etmək vəzifəsi 03 sentyabr 2024-cü il tarixindən başlanmalıdır. İddianın gecikdirilməsi üzrə məbləğ 9 ay əsasında ((12831,83*5%)/12)*9=481 manat müəyyən edilməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında 01 iyul 2022-ci il tarixli üzləşmə aktındakı imzanın ona məxsus olduğunu, savadsızlığından istifadə edilərək ona həmin sənədə imza çəkdirildiyini qeyd etmişdir.O, 01 iyul 2022-ci il tarixdən sonra da ödəniş etdiyini, borcunun qaldığından məlumatı olmadığını və 01 mart 2024-cü il tarixli üzləşmə aktını imzalamış Hüseyn adlı şəxsi tanımadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə diler Cavabdeh arasında bağlanmış 27 sentyabr 2018-ci il tarixli ******* nömrəli diler müqaviləsinin 1.1-ci bəndinə görə distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Həmin müqavilənin 2.4.6-cı bəndinə əsasən distribütorla bu müqavilə çərçivəsində əməkdaşlıq, səbəbindən asılı olmayaraq dayandırıldıqda, dilerin nağd pulla və ya nisyə alqı-satqı müqaviləsi əsasında və ya tərəflərin razılaşdırdığı digər şərtlər əsasında aldığı və əməkdaşlığın dayandırılma gününə dəyəri ödənilməmiş malların, həmçinin əməkdaşlığın dayandırıldığı günə satılmış malların satışına dair sənədlərin (müqavilələrin və.s.) surətlərini distribütorun ilk tələbi ilə ona təqdim etmək – dilerin öhdəliyidir. Həmin müqavilələrin 2.4.7-ci bəndinin tələblərinə görə distribütordan aldığı mala görə ödənişi mal dilerə təhvil verildiyi gündən hesablanmaqla 30 gün ərzində həyata keçirilməlidir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları və Hüseyn adlı şəxs tərəfindən imzalanmış 01 mart 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 29 fevral 2024-cü tarixinə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcu 12831,83 (on iki min səkkiz yüz otuz bir manat səksən üç qəpik) manat təşkil edir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş 01 iyul 2022-ci il tarixli üzləşmə aktında 14 iyul 2022-ci il tarixinə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcunun 8218 (səkkiz min iki yüz on səkkiz) ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur. İş materiallarında olan mədaxil çekindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 07 iyun 2023-cü il tarixdə 300 manat ödənilmişdir. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 867 manat məbləğində güzəşt edilərək ümumi borc məbləğindən silinmişdir. İş materiallarında olan kontragentlə qarşılıqlı hesablaşmalar üzrə cədvəldən görünür ki, Cavabdeh 8740 ABŞ dolları borcundan 05 iyul 2022-ci il tarixdə 885,56 manat, 01 dekabr 2023-cü il tarixdə 867 manat silinmiş və 07 iyun 2023-cü il tarixdə cavabdeh 300 manat ödəniş etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 09 oktyabr 2025-ci il tarixli 0910 nömrəli maliyyə arayışında göstərilir ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 09 oktyabr 2025-ci il tarixinə olan borcu 12831,83 (on iki min səkkiz yüz otuz bir manat səksən üç qəpik) manat təşkil edir. İş materiallarında olan Maraqlı şəxs1in 10 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən “Əmək və məşğulluq” altsisteminə 2015-2024-cü illər ərzində X1, X3, X4, X5 və X6 əmək müqavilələri daxil edilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 19 dekabr 2025-ci il tarixli 4/1871 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş kommersiya işinin 81-ci vərəqində olan 01 iyul 2022-ci il tarixli üzləşmə aktında “İmzalar:” bölməsində “Müştəri:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Üzləşmə aktında “Əlavə qeydlər:” qrafasında olan “14 iyul 2022-ci il olan borcumuz 8218 $ təşkil edir” əlyazmaları və “İmzalar:” bölməsində “Müştəri:” qrafasındakı “Cavabdeh” əlyazmaları- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 27 sentyabr 2018-ci il tarixli ******* nömrəli diler müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən diler Cavabdeh tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona təklif olunmuş malların satışını həyata keçirmişdir. Lakin Cavabdeh öhdəliyini icra etməyərək malların dəyərini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə tam ödəməmiş və buna görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış diler müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş 01 iyul 2022-ci il tarixli üzləşmə aktında Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcunun 8218 (səkkiz min iki yüz on səkkiz) ABŞ dolları təşkil etdiyi qeyd olunur. Kontragentlə qarşılıqlı hesablaşmalar üzrə cədvəldən Cavabdeh borcundan 05 iyul 2022-ci il tarixdə 885,56 manat, 01 dekabr 2023cü il tarixdə 867 manat silindiyi və 07 iyun 2023-cü il tarixdə cavabdeh tərəfindən 300 manat ödəniş edildiyi görünür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən iddiaçının xeyrinə 12831,83 manat məbləğində əsas borcun tutulması” hissəsində qismən təmin edilməli və Cavabdeh 11918,04 (8218 ABŞ dolları – 885,56 manat – 300 manat – 867 manat = 11918,04 manat) manat məbləğində əsas borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Lakin iddia tələbi “gecikdirilmiş dövr üçün əsas borca münasibətdə illik beş faiz hesablanmış 481 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində də qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 11918,04 manat əsas borca münasibətdə illik beş faiz hesablanmaqla ((11918,04*5%)/12 ay)*9 ay=447 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 04 sentyabr 2024-cü il tarixli ödəniş sənədini əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi əsaslı olduğundan təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 131 (yüz otuz bir) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 131 (yüz otuz bir) manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə uyğun olaraq hesablanmış 127,10 (yüz iyirmi yeddi manat on qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11918,04 (on bir min doqquz yüz on səkkiz manat dörd qəpik) manat məbləğində əsas borc, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 447 (dörd yüz qırx yeddi) manat, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 127,10 (yüz iyirmi yeddi manat on qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 12792,14 (on iki min yeddi yüz doxsan iki manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11918,04 (on bir min doqquz yüz on səkkiz manat dörd qəpik) manat məbləğində əsas borc, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 447 (dörd yüz qırx yeddi) manat, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 127,10 (yüz iyirmi yeddi manat on qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 12792,14 (on iki min yeddi yüz doxsan iki manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar