Məhkəmə qərarları › İş №e-2-2(119)-1229/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1229/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1229/2024 15.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 23 sentyabr 2022-ci il tarixli 15743 nömrəli diler müqaviləsinə əsasən 1979,79 (min doqquz yüz yetmiş doqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olmaqla hesablanmış 24 (iyirmi dörd) manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin əvəzi və 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2347,79 (iki min üç yüz qırx yeddi manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 23 sentyabr 2022-ci il tarixli 15743 nömrəli diler müqaviləsinə əsasən, iddiaçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən cavabdehə özünə məxsus olan malları təklif edir, bunun əsasında cavabdeh tərəfindən həmin mallar üzrə satış həyata keçirilir. Bununla əlaqədar cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçıya 1979,79 manat borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış 23 sentyabr 2022-ci il tarixli 15743 nömrəli diler müqaviləsinin 1.1-ci bəndinə əsasən, distribütor (İddiaçı QSC) və diler (Cavabdeh) arasında münasibətlər bu müqavilənin şərtlərinə əsasən tənzimlənəcəkdir. Bu müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir, diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distribütor təqdim edəcək, həmçinin malın dilerə çatdırılmasını distribütor öz hesabına həyata keçirəcək. Malların dilerə çatdırılmasını tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə öz əksini tapacaq. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, diler bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən distribütorun agenti və ya səlahiyyətli nümayəndəsi kimi yox, məhz malların satışı üzrə müstəqil diler kimi fəaliyyət göstərəcək və bu müqavilədən irəli gələn öhdəliklərinə görə hər hansı üçüncü tərəflər qarşısında məsuliyyət daşıyacaq. Həmin müqavilənin 2.1.4-cü yarımbəndinə əsasən, müqavilə üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədikdə, bu haqda dilerə rəsmi xəbərdarlıq verməklə dilerlə bu müqavilə çərçivəsində əməkdaşlığı dayandırmaq və onun distribütorla tam hesablaşmasını tələb etmək distrübutorun hüququdur. Həmin müqavilənin 2.4.7-ci yarımbəndinə əsasən, distribütordan aldığı mala görə ödənişi öncədən həyata keçirmək dilerin öhdəliyidir. Bu bəndlə müəyyən edilmiş ödəniş şərtlərindən fərqlənən hər hansı digər ödəmə şərtləri tərəflər arasında ayrıca razılaşdırılaraq müqaviləyə əlavə olunacaqdır. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli 15743 nömrəli diler müqaviləsinə Əlavənin 1-ci hissəsinə əsasən, cəmiyyət dilerlərə 1 ay qabaqcadan məlumat verməklə, borcun sıfırlanmasını tələb edə bilər. Həmin Əlavənin 5-ci hissəsinə əsasən, dilerə düstrübyutordan aldığı mallara görə ödəniş üçün malların alındığı gündən hesablanmaqla 14 gün möhlət verilir. Həmçinin dilerin möhlətli ödəniş hüququ olan malların ümumi dəyəri 3000 manatdan çox olmamalıdır. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 30 noyabr 2023-cü il tarixinin sonuna 2400,79 manat məbləğində borcunun olmasını tərəflər razılaşdırmışlar. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli N 505 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya həmin tarixə 1979,79 manat məbləğində borcu vardır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 24 (iyirmi dörd) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 10 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almağı, bu malları öz adından və öz hesabına başqasına satmağı və bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmağı öhdəsinə götürür. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında alqı-satqı və konsessiya müqavilələrinin elementlərindən ibarət olan diler müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən diler qismində çıxış edən cavabdeh distrübutor qismində çıxış edən iddiaçıdan satmaq məqsədilə aldığı malların dəyərini tam ödəməyərək öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya 1979,79 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1979,79 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə iddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün 24 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4.7-ci yarımbəndindən göründüyü kimi, distribütordan aldığı mala görə ödənişi öncədən həyata keçirmək dilerin öhdəliyidir. Müqaviləyə Əlavənin 5-ci hissəsinə əsasən isə dilerə düstrübyutordan aldığı mallara görə ödəniş üçün malların alındığı gündən hesablanmaqla 14 gün möhlət verilir. İş materiallarındakı 01 dekabr 2023cü il tarixli üzləşmə aktından görünür ki, tərəflər öz aralarında cavabdehin iddiaçıya 2400,79 manat məbləğində borcunun olduğunu razılaşdırmışlar. Müqavilənin 2.4.7-ci yarımbəndinin və müqaviləyə Əlavənin 5-ci hissəsinin şərtləri nəzərə alınmaqla cavabdehdən qalıq ödənişin tələb edilib-edilməməsi, müsbət halda, bunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırkı müqavilə üzrə iddiaçının gecikdirilmiş vaxta görə faiz borcunu tələb etmək hüququ o zaman yarana bilərdi ki, o özü müqavilənin tərəfi kimi gecikmənin qarşısını almaq üçün həmin məbləği cavabdehdən tələb etdiyini sübuta yetirsin. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 300 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 20 iyun 2024-cü il tarixli 006XOH********** nömrəli ödəniş qəbzi ilə və 19 iyun 2024-cü il tarixli MT2406 seriyalı, 10832551 nömrəli elektron qaimə ilə müəyyən edilir ki, göstərilən hüquqi yardıma görə iddiaçı tərəfindən “Sirius” Vəkil bürosuna 300 manat məbləğində ödəniş edilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 300 manat pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 300 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 150 manat məbləğində pul tutulmalıdır. Bundan başqa, iddia tələbinin 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə iş materiallarında olan 02 iyul 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 39,79 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1979,79 manat məbləğində əsas borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar 150 manat məbləğində pul vəsaitinin əvəzi və 39,79 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2169,58 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1979,79 (min doqquz yüz yetmiş doqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin əvəzi və 39,79 (otuz doqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2169,58 (iki min yüz altmış doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar