Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1233/2024 31.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2078,11 (iki min yetmiş səkkiz manat on bir qəpik) manat məbləğində əsas borc, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2448,11 (iki min dörd yüz qırx səkkiz manat on bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 fevral 2022-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh Şahməradan oğlu arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 50250 nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Bunun əsasında diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır Lakin dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 aprel 2023-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 mart 2023-cü il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 2981,11 manat (iki min doqquz yüz səksən bir manat on bir qəpik) təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. 21 iyun 2024-cü il tarixli maliyyə arayışına əsasən diler tərəfindən edilən sonuncu ödənişdən sonra 21 iyun 2024-cü il tarixinə olan borcu 2078,11 manat təşkil edir. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır. Belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən 29 mart 2024-cü il tarixində Cavabdeh elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddət də nəzərə alınsa, borclunun öhdəliyi icra etmək vəzifəsi 29 mart 2024-cü il tarixindən başlanmalıdır. İddianın 25 iyun 2024-cü il tarixində göndərildiyi nəzərə alınsa, iddianın gecikdirilməsi üzrə məbləğ 3 ay üzrə ((2078,11*5%)/12)*3=25,97 manat hesablanmalıdır. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: 21 iyun 2024-cü il tarixli maliyyə arayışına əsasən əsas borc məbləği – 2078,11 manat, gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 25 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq (məhkəmə xərci) – 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq- 45 manat olmaqla, cəmi 2448,11 manat. Cavabdeh məhkəməyə 12 iyul 2024-cü il tarixli etiraz təqdim edərək, iddiaçının tələbi ilə razılaşmadığını və etiraz etdiyini, həmçinin onun şirkətə qeyd olunan qədər borcu olmadığını bildirmiş və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(119)-1233/2024 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasın xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, 491 manat məbləğində borcun ödənilməsi ilə bağlı ödəniş qəbzini tapmadığını, buna görə həmin məbləğdə borcu qala biləcəyini demişdir. O, 01 iyun və 01 iyul 2023-cü il tarixli üzləşmə aktlarındakı imzaların onun olmadığını, lakin möhürün ona məxsus olduğunu, üzləşmə aktlarını kimin imzaladığını bilmədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə diler Cavabdeh (VÖEN **********) arasında bağlanmış 18 fevral 2022-ci il tarixli 50250 nömrəli diler müqaviləsinin 1.1-ci bəndinə görə distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. İş materiallarında olan distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə diler Cavabdeh arasında bağlanmış 09 fevral 2023-cü il tarixli 11344 nömrəli diler müqaviləsinin 1.1-ci bəndinə görə distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Həmin müqavilələrin 2.4.6-cı bəndinə əsasən distribütorla bu müqavilə çərçivəsində əməkdaşlıq, səbəbindən asılı olmayaraq dayandırıldıqda, dilerin nağd pulla və ya nisyə alqı-satqı müqaviləsi əsasında və ya tərəflərin razılaşdırdığı digər şərtlər əsasında aldığı və əməkdaşlığın dayandırılma gününə dəyəri ödənilməmiş malların, həmçinin əməkdaşlığın dayandırıldığı günə satılmış malların satışına dair sənədlərin (müqavilələrin və.s.) surətlərini distribütorun ilk tələbi ilə ona təqdim etmək – dilerin öhdəliyidir. Həmin müqavilələrin 2.4.7-ci bəndinin tələblərinə görə distribütordan aldığı mala görə ödənişi - mal dilerə təhvil verildiyi gündən hesablanmaqla 30 gün ərzində həyata keçirilməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq olunduğu gündən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə bir həftə qalmış tərəflərdən hər hansı biri müqavilə müddətinin uzadılmasına etiraz etmirsə müqavilə bir il/illər müddətinə uzadılmış hesab edilir. Distribütor dileri 1 (bir) həftə qabaq məlumat verməklə müqaviləni birtərəfli qaydada xitam edə bilər. Müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə qüvvədə olarkən üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş 01 iyun 2023-cü il tarixli üzləşmə aktından görünür ki, 31 may 2023-cü il tarixinə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcu 2328,11 (iki min üç yüz iyirmi səkkiz manat on bir qəpik) manat təşkil edir. İş materiallarında olan mədaxil çeklərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 20 fevral 2023-cü il tarixdə 500 manat, 02 iyun 2023-cü il tarixdə 200 manat və 16 iyun 2023-cü il tarixdə 50 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş 01 iyul 2023-cü il tarixli üzləşmə aktından görünür ki, 30 iyun 2023-cü il tarixinə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcu 2078,11 (iki min yetmiş səkkiz manat on bir qəpik) manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 21 iyun 2024-cü il tarixli 364 nömrəli maliyyə arayışında göstərilir ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 21 iyun 2024-cü il tarixinə olan borcu 2078,11 manat (iki min yetmiş səkkiz manat on bir qəpik) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında diler müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən diler Cavabdeh tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona təklif olunmuş malların satışını həyata keçirmişdir. Lakin Cavabdeh öhdəliyini icra etməyərək malların dəyərini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə tam ödəməmiş və onun iddiaçıya 2078,11 (iki min yetmiş səkkiz manat on bir qəpik) manat məbləğində borcu yaranmışdır. Buna görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış diler müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanaraq möhürlənmiş 01 iyul 2023-cü il tarixli üzləşmə aktına əsasən 30 iyun 2023-cü il tarixə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcu 2078,11 (iki min yetmiş səkkiz manat on bir qəpik) manat təşkil edir. Cavabdeh həmin üzləşmə aktını imzalamadığını, lakin həmin sənədə vurulmuş möhürün ona məxsus olduğunu bildirmişdir. Göründüyü kimi, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış Cavabdeh ad, soyad, ata adı, Vöeni və s. qeyd olunmuş möhürü vardır. Buna görə də, sözügedən üzləşmə aktının imzanmaqla yanaşı, möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və həmin şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki möhür adətən həmin şəxsin özünə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənən şkaf, seyf və s.) saxlanılır və yalnız həmin şəxs tərəfindən bilavasitə və ya onun etibar etdiyi şəxslər tərəfindən istifadə olunur. Hazırkı işdə üzləşmə aktı imzalanan dövrdə cavabdehin möhürünün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi işin materialları ilə müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, 01 iyul 2023-cü il tarixli üzləşmə aktında müştəri “Cavabdeh” qrafasında imza ilə yanaşı Cavabdeh möhürünün vurulması onun həmin üzləşmə aktından məlumatlı olmasının, yaxud aktı bəyənməsinin, orada göstərilənlərə etirazının olmadığının, habelə üzləşmə aktını imzalamış şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 2078,11 (iki min yetmiş səkkiz manat on bir qəpik) manat məbləğində əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Buna görə iddia tələbi həmin hissədə də, təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 20 iyun 2024-cü il tarixli ödəniş sənədini əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun hazırkı iddia tələbi üzrə ödənilməli olan 41,03 (qırx bir manat üç qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2078,11 (iki min yetmiş səkkiz manat on bir qəpik) manat məbləğində əsas borc, ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 41,03 (qırx bir manat üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2444,14 (iki min dörd yüz qırx dörd manat on dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2078,11 (iki min yetmiş səkkiz manat on bir qəpik) manat məbləğində əsas borc, ödənişin gecikdirildiyinə görə illik 5%-lə hesablanmış 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 41,03 (qırx bir manat üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2444,14 (iki min dörd yüz qırx dörd manat on dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1233/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1233/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver