Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1245/2025 15.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 166250,03 (yüz altmış altı min iki yüz əlli manat, üç qəpik) manat məbləğində əsas borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 456,25 (dörd yüz əlli altı manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 28 sentyabr 2024-cü il tarixli 28/24 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən iddiaçı cavabdehə Heydər Əliyev adına X2 ərazisində xidmətlər göstərməyi, cavabdeh isə iddiaçıya həmin xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmişdir. Lakin işin sifarişçi tərəfindən dayandırılması nəticəsində ərazidə olan iddiaçıya məxsus maşın və avadanlıqların, həmçinin işçi heyətinin xərcləri cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, müqavilənin 5.4-cü bəndinə əsasən, sifarişçi tərəfindən iş dayandırıldıqda həmin gündən başlayaraq sahədə olan texnika, avadanlıq və işçi heyətinin günlük xərcləri, yəni icarə haqqı sifarişçi tərəfindən ödənilir. Bundan başqa, müqavilənin 5.5-ci bəndinə əsasən, xidmətlərin icra olunması qrafiki pozulduğu halda sifarişçi və icraçı tərəfindən bununla bağlı təhvil-təslim aktına qeyd daxil edilir. Tərəflər arasında imzalanmış 31 yanvar 2025-ci il tarixli 2 nömrəli işlərin təhvil-təslimi aktından və 15 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11267827 nömrəli elektron qaimə-fakturadan göründüyü kimi, cavabdehin iddiaçıya 166250,03 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş 31 yanvar 2025-ci il tarixli 2 nömrəli işlərin təhvil-təslimi aktında müqavilə nömrəsi və tarixi səhv qeyd edilmişdir. Belə ki, 28 sentyabr 2024-cü il tarixli 28/24 nömrəli xidmət müqaviləsi əvəzinə səhvən 09 sentyabr 2024-cü il tarixli 06/09 nömrəli icarə müqaviləsi qeyd edilmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 28 sentyabr 2024-cü il tarixli 28/24 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən icraçı (iddiaçı) müqavilənin 1 saylı Qoşması - “Xidmətlərin həcmi”ndə göstərilmiş xidmətləri müqavilənin 2 saylı Qoşması - “Xidmətlər üzrə X1”nda göstərilən şərtlər əsasında həyata keçirir, sifarişçi (cavabdeh) isə xidmətlərin lazımi şəkildə icrası üçün müvafiq şərait yaradır və xidmət haqqının vaxtında ödənilməsini təmin edir. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, müqavilə üzrə ödənişlərin vaxtında ödənilməsini tələb etmək icraçının hüququdur. Həmin müqavilənin 2.2.5-ci yarımbəndinə əsasən, icraçı tərəfindən görülmüş xidmətlərin haqqının vaxtında ödənilməsini təmin etmək sifarişçinin vəzifəsidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, xidmətlərin dəyəri 2 saylı Qoşmaya uyğun olaraq müəyyən edilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, müqavilə üzrə ödəniş müqavilə imzalandıqdan və xidmətlərin tam yerinə yetirilməsi ilə bağlı qarşılıqlı imzalanmış təhviltəslim aktı, müvafiq hesab-fakturanın imzalı, möhürlü əsli və elektron qaimə-faktura təqdim edildikdən sonra 30 (otuz) təqvim günü ərzində icraçının bu müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, əgər sifarişçi tərəfindən iş dayandırıldıqda (həmən gündən başlayaraq) sahədə olan texnika, avadanlıq və işçi heyyətinin günlük xərcləri (icarə) sifarişçi tərəfindən ödənilir (Sənədləşmə əlavə 5.5 bəndinə əsasən). Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, xidmətlərin icra olunması qrafiki pozulduğu halda sifarişçi və icraçı tərəfindən bununla bağlı ikitərəfli qaydada qüsur aktı tərtib edilir və ya aylıq təhvil-təslim aktına bununla bağlı qeyd daxil edilir. Həmin müqavilənin “Tərəflərin ünvanları və rekvizitləri” adlanan 11-ci bölməsində Cavabdeh MMC-nin bank hesabı “Kapital Bank ASC 28 may filialı”, İddiaçı MMC-nin bank hesabı isə “ "xxxx" ASC” olaraq qeyd edilmişdir. Həmin müqaviləyə 01 nömrəli Qoşma ilə tərəflər “Xidmətlərin həcmi”, 02 nömrəli Qoşma ilə xidmətlərin dəyəri (ümumilikdə ******* manat məbləğində olmaqla) barədə razılığa gəlmişdirlər. İş materiallarından görünür ki, 15 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11267827 nömrəli elektron qaimə-faktura üzrə 166250,03 manat dəyərində görülmüş işlərlə bağlı həmin elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan imzalanaraq hər iki hüquqi şəxsin möhürü ilə möhürlənmiş 31 yanvar 2025-ci il tarixli 02 nömrəli işlərin təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 166250 manat məbləğində dəyəri olan işlər təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 08 sentyabr 2025-ci il tarixli PB/VB-OUT-03927-2025 nömrəli arayışın məzmununda “01 yanvar 2024-cü il tarixindən Cavabdeh MMC şirkəti tərəfindən hər hansı bir mədaxil mövcud deyildir” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 28 sentyabr 2024-cü il tarixli 28/24 nömrəli podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsi və həmin müqaviləyə 1 və 2 nömrəli Əlavələr bağlanılmış, həmin müqavilə və Əlavələr üzrə icraçı qismində iştirak edən iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq sifarişçi qismində çıxış edən cavabdehin sifarişinə əsasən onun tapşırdığı yerdə razılaşdırılmış xidmətləri icra etmiş, lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuş və 166250,03 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə 166250,03 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 17 iyul 2025-ci il tarixli ödəniş qəbzi ilə müəyyən olunur ki, vəkilin göstərdiyi yardıma görə “Alfa” Vəkil bürosunun bank hesabına 300 manat məbləğində ödəniş olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bunlardan əlavə, iddia tələbinin 456,25 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 30 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 456,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia təmin edildiyindən ödənilmiş 456,25 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 166250,03 manat məbləğində əsas bоrc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 456,25 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 167006,28 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 166250,03 (yüz altmış altı min iki yüz əlli manat, üç qəpik) manat məbləğində əsas borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və 456,25 (dörd yüz əlli altı manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 167006,28 (yüz altmış yeddi min altı manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1245/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1245/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver