Məhkəmə qərarları › İş №e-2-2(119)-1262/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1262/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1262/2024 03.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı verilmiş “müqavilə üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək aralarında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə üzrə 95 aylıq abunə haqqı üzrə 570 (beş yüz yetmiş) manat məbləğində borc və qeydiyyatdan çıxma aktının qarşılığı qismində 35 (otuz beş) manat olmaqla, cəmi 605 (altı yüz beş) manat məbləğində pul vəsaitinin, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 06 may 2016cı il tarixli 010407 nömrəli müqavilə imzalanmış və nəzarət kassa aparatı qeydiyyata alınaraq onun istifadəsinə icazə verilmişdir. Cavabdeh tərəfindən 2016-cı ildən 6 ay, 2017ci idən 12 ay, 2018-ci ildən 12 ay, 2019-cu idən 12 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay, 2024-cü ildən isə 5 ay olmaqla aylıq 6 manat məbləğində olan xidmət haqqı ödənilməmişdir. Ümumilikdə, cavabdehin 95 aylıq 570 manat məbləğində abunə borcu və qeydiyyatdan çıxma aktına görə 35 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh 23 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etirazla müraciət etmiş və etirazda bildirmişdir ki, iddiaçının ərizəsində qeyd etdikləri əsassızdır. Belə ki, o, 2016-cı ildə vergi ödəyicisi kimi qeydiyyata alındıqdan sonra kassa aparatı əldə etmək üçün Servis Texniki Xidmət Mərkəzinə müraciət etmiş və “Merkuri 130 F-01” tipli zavod nömrəsi 00200913 olan kassa aparatını müqavilə əsasında əldə etmişdir. Bu zaman Mərkəzin rəhbərinin qəbulunda olmuş, həmin şəxs ona izah edərək bildirmişdir ki, nəzarət kassa aparatına hər ay texniki xidmət göstərilməsindən ötrü əlavə aylıq 6 manat məbləğində ödəniş edilməlidir. O, bununla razılaşaraq əvvəlcə 2 dəfə olmaq şərtilə 20 manat məbləğində, ümumilikdə 40 manat məbləğində ödəniş etmişdir. Təxminən 3 ay keçdikdən sonra kassa aparatının adapteri sıradan çıxmış, servis mərkəzinə müraciət edərək yaranmış problemin aradan qaldırılmasını xahiş etmiş, servisdən işlənmiş adapter verilməsi üçün 25 manat, yenisi üçün 35 manat məbləğində ödəniş tələb edilmişdir. O, aylıq servis haqqı kimi 6 manat məbləğində ödəniş etdiyini qeyd etdiyi zaman ona bildirilmişdir ki, bu məsələnin ona aidiyyəti yoxdur. O, həmin adapteri telefon ustasına 2 manat məbləğində ödəniş etməklə təmir etdirmiş, daha sonra servisə gələrək, servis haqqından imtina etmək istədiyini bildirmiş və bu barədə ona ərizə yazdırılmışdır. Ona ərizənin nüsxəsi təqdim edilməsə də, həmin ərizə əsasında sistemdə bu barədə qeydiyyat aparılmışdır. Bununla da, iddiaçı ilə aralarında bağladığı müqaviləyə 2016-cı ildən xitam verilmişdir. Bir müddət keçdikdən sonra o, vergi ödəyicisi kimi fəaliyyətini dayandırmaq üçün müraciət etmiş və fəaliyyəti dayandırılmışdır. Ondan sonra heç bir fəaliyyət göstərməmiş, heç bir vergi ödənişi etməmişdir. İddiaçının tələb etdiyi servis haqqı məbləği həm də ona görə tamamilə əsassızdır ki, artıq 8 ildir ki, “Merkuri” kassa aparatları dövriyyədən çıxarılmışdır və bu kassa aparatları işləmir. Bu yaxınlarda o, vergi orqanına müraciət etmiş, adına olan VÖEN bağlı olsa da, kassa aparatının mövcud olması barədə xəbərdar olmuş, həmin kassa aparatının adından çıxarılması üçün servisə müraciət etdikdə, ona servis haqqına görə borcunun olduğunu, ödəniş etmədiyi təqdirdə kassa aparatının adından çıxarılmayacağını bildirmişlər. O, müqavilə bağlandıqdan bir neçə ay sonra imtina etməsi barədə ərizə yazdığını əməkdaşa bildirmiş, əməkdaş müvafiq elektron sistemdə imtina ərizəsinin olduğunu qeyd etsə də, hər bir halda ödəniş edilməli olduğunu bildirmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya ona “MT********** nömrəli elektron qaimə-faktura göndərilmişdir. Bu qaimə vergi ödəyicisi tərəfindən təsdiqlənərək qəbul edilmişdir”. Lakin onun həmin elektron qaimədən məlumatı olmamış və həmin qaiməni təsdiq etməmişdir. İddiaçının göndərdiyi həmin elektron qaimənin çıxarışında da “təsdiq gözləyir cari” statusunda olması qeyd edilmidşir. Həmçinin 2016-cı ildən servis haqqına görə hər hansı bir borcun qalması barədə onun nə ünvanına, nə də mobil nömrəsinə hər hansı bir xəbərdarlıq daxil olmamışdır. Bundan əlavə, həmin iddia tələbi tamamilə əsassız olması ilə yanaşı, eyni zamanda bu iddia üzrə iddia müddəti də tamamilə ötürülmüşdür. Çünki 2016cı ildən artıq 8 il ötmüşdür. İddiaçının sadələşdirilmiş icraat qaydasında etdiyi müraciət tamamilə əsassızdır və həmin iddia rədd edilməlidir. Əks təqdirdə, bu işə sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(119)-1262/2024 nömrəli qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı 05 avqust 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “Etiraza cavab” adlandırdığı sənədlə müraciət etmiş, etirazın əsassız olduğunu qeyd etmiş və bildirmişdir ki, aparatın adapteri xarab olan zaman cavabdehə pullu xidmət təklif olunmuş, ödəyicisi isə xidmət haqqı ödəməmişdir. Ödəyici 2016-cı ildən xidmət haqqı ödəmir və adapterlə akkumulyator pulsuz xidmətə daxil deyildir. 05 sentyabr 2024-cü ildə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı təşkilat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Qərarına əsasən fəaliyyət göstərmişdir. İddiaçı MMC kassa aparatlarına kənar müdaxilələrin edilməməsi üçün məsuliyyət daşıyır, buna görə də həmin kassa aparatlarının plomblanması iddiaçı təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir. Cavabdeh kassa aparatının akkumulyatorunun təmiri zamanı iddiaçı təşkilatın əməkdaşları tərəfindən ondan ödəniş tələb edilməsini əsas gətirərək məhkəməyə etiraz təqdim etmişdir. İddiaçı təşkilatın vəzifəsi kassa aparatını cavabdehin öz hesabına plomblamaqdan ibarətdir, lakin kassa aparatından kənarda yerləşən akkumulyatorun və adapterin sazlığı üçün iddiaçı təşkilat məsuliyyət daşımır və buna görə akkumulyatorun təmiri zamanı cavabdehdən əlavə ödəniş tələb edilmişdir. İddiaçı təşkilat tərəfindən kassa aparatı plomblanaraq plomb aktı yazılır. Həmin plomb aktı Dövlət Vergi Xidmətinə göndərilir. Kassa aparatında nasazlıq aşkar edilərsə, 36 saat ərzində iddiaçı təşkilat tərəfindən kassa aparatındakı nasazlıq aradan qaldırılmalıdır. Əgər bu müddət ərzində nasazlığı aradan qaldırmaq mümkün olmazsa, vergi ödəyicisinə ehtiyat fonddan plomblanmış kassa aparatı təqdim edilməlidir. İldə iki dəfə vergi ödəyicisinin kassa aparatındakı saatı tənzimləmək zərurəti yaranır, həmin xidmət də iddiaçı təşkilat tərəfindən göstərilir. Göstərilmiş xidmətlərlə bağlı təhvil-təslim aktı və ya üzləşmə aktları olmamışdır. Elektron qaimə-fakturalar mövcud olmuşdur. Cavabdehin borcları ödəməsi üçün məcburiyyət tədbiri kimi kassa aparatının fəaliyyətini dayandırmağa cəhd edilsə də, Dövlət Vergi Xidməti kassa aparatının fəaliyyətinin dayandırılmasına icazə verilmədiyini və vergi ödəyicisi ilə iddiaçı təşkilat arasında borcla bağlı yaranmış problemin başqa yolla həll edilməli olduğunu bildirmişdir. Hər rüb Dövlət Vergi Xidmətinin məktubu əsasında vergi ödəyicisinin hesabatı iddiaçı təşkilat tərəfindən təsdiq edilmişdir və həmin sənəd təhviltəslim aktına bərabər tutulur. Həmçinin vergi ödəyicilərinin sayı həddindən çox olduğundan üzləşmə aktı tərtib edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə davam etdiyinə görə, iddia müddətinin tətbiqi düzgün deyildir. Cavabdeh 2022-ci il noyabr ayından etibarən kassa aparatından istifadə edilmədiyini bildirmişdir. Cavabdeh həmin kassa aparatını iddiaçı təşkilata gətirmiş, vurulmuş son çekin 2022-ci ilin noyabr ayına aid olduğu müəyyən edilmişdir. Kassa aparatı yalnız qeydiyyatdan çıxarıldığı halda, qeydiyyatdan çıxma aktı təqdim oluna bilər. Cavabdeh məhkəmə iclaslarının (iddiaçı, o cümlədən sonrakı məhkəmə iclaslarının) vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, cavabdehin etirazını, iddiaçının etiraza cavabını və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 06 may 2016-cı il tarixli 010407 nömrəli müqavilənin 1-ci bəndinə əsasən, istehlakçı (Cavabdeh) “Merkuri-130F-01” markalı və zavod nömrəsi 00200913 olan nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi servis texniki xidmət mərkəzinə (İddiaçı MMC-yə) tapşırır, servis texniki xidmət mərkəzi isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən, servis texniki xidmət mərkəzi tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində nəzarət kassa aparatının fasiləsiz işləməsinə imkan yaradır. Həmin müqavilənin 5-ci bəndinə əsasən, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün, istehlakçı tərəfindən servis texniki xidmət mərkəzinə (STXM) hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə nəzarət kassa aparatına göstərilən texniki xidmət və təmirin dəyəri STXM-nin üzərinə düşür. Həmin müqavilənin 6-cı bəndinə əsasən, şərtlər pozulduqda müqavilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ləğv edilir və bu barədə Vergilər Nazirliyinə məlumat verilir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya aylıq abunə haqqını (6 manat) borclu olduğu dövr xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixlərini əhatə etməklə, ümumilikdə 95 ay təşkil edir və bununla əlaqədar 570 manat məbləğində, o cümlədən qeydiyyatdan çıxmaya görə olan 35 manat məbləğində borc olmaqla, cəmi 605 manat məbləğində borcu vardır. İş materiallarında olan 06 may 2016-cı il tarixli 010407 nömrəli nəzarət kassa aparatının istismara verilmə aktına əsasən, “Merkuri-130F-01” markalı və zavod nömrəsi 00200913 olan nəzarət kassa aparatı ünvan 1 ünvanında quraşdırılaraq cavabdehin istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 570 manat dəyərində “Merkuri-130F-01” markalı nəzarət kassa aparatına xidmət göstərilməsi ilə əlaqədar 08 iyul 2024-cü il tarixli MT**********09 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. Həmin sənədin məzmununda sənədin “Təsdiq gözləyir” statusunda olması görünməkdədir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri X1 üzrə Baş İdarəsinin arayışına əsasən, cavabdehin vergi ödəyicisi kimi fəaliyyəti 18 aprel 2020-ci il tarixindən etibarən dayandırılmışdır. İş materiallarına cavabdeh tərəfindən üzərində “Yazılış tarixi”, “Əməliyyat adı”, “Əməliyyat növü” və “Ödəmə tarixi” başlıqları altında müxtəlif məlumatların əks olunduğu sənəd təqdim edilmişdir. Həmin sənədin “Vergilər üzrə” olan hissəsindən görünür ki, cavabdehin fəaliyyəti ilə bağlı sonuncu vergi hesablaması xx.xx.2019-cu il tarixində, “Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə” sonuncu hesablama isə xx.xx.2019-cu il tarixində aparılmışdır. Həmin sənədin özü isə xx.xx.2024-cü il tarixində çap edilmişdir. İş materiallarında olan üzərində cavabdeh barədə məlumatların (Adı, soyadı, VÖENi, sahibkarlıq obyektinin ünvanı və təyinatı) əks olunduğu xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində çap edilmiş nəzarət kassa aparatından çıxarılmış fiskal hesabatların məzmunundan müəyyən edilir ki, sonuncu kassa əməliyyatı xx.xx.2019-cu il tarixədək olan dövrü əhatə edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət ... ilə məşğul olan fiziki şəxslər ... tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə daxildir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.1-ci, 1.7-ci və 1.12-ci bəndlərinə əsasən, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, həmin maddədə orqan (qurum) dedikdə, birinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının Dövlət Reyestri”ndə "Merkuriy 15 F,-01, -02, -03" markalı nəzarət-kassa aparatlarını sifariş verən təşkilat qismində "Billur" Elm-İstehsalat Birliyi göstərilmişdir. Bu akt “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə”də hazırkı iş üzrə iddiaçının da aid olduğu Servis texniki xidmət mərkəzlərinin və hazırkı iş üzrə cavabdehin aid olduğu nəzarət-kassa aparatlarının istehlakçılarının hüquq və vəzifələri, fəaliyyət qaydası nəzərdə tutulmuşdur. Bu akt “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilmişdir. Həmin aktın Qeyd hissəsinin 1-ci bəndinə əsasən, bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir. X4 hissəsinin 2-ci bəndinə əsasən, bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq, quraşdırılacaq nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir. X3 təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatlarının Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməli olduğu və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməli olduğu müddət cavabdehin də fəaliyyət göstərdiyi Bakı şəhəri üzrə digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) üçün 2021ci il 1 aprel tarixədək müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 06 may 2016-cı il tarixli 010407 nömrəli servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanılmış, iddiaçı cavabdehin istifadəsində olan “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatına servis texniki xidmətlər göstərməyi, cavabdeh isə bunun müqabilində aylıq 6 manat məbləğində abunə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 2-ci hissəsində nəzarət-kassa aparatlarına dair tələblər, 3-cü hissəsində isə nəzarət-kassa aparatlarının operatoru kimi qeydiyyatdan keçmək üçün hüquqi şəxsə aid edilmiş tələblər müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qüvvədən düşmüş olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının Dövlət Reyestri”nə əsasən "Merkuriy 15 F,-01, -02, -03" markalı nəzarət-kassa aparatlarının sifarişçisi və həmin nəzarət-kassa aparatlarına münasibətdə servis texniki xidmət mərkəzi qismində çıxış etmiş İddiaçı MMC hazırda hər hansı nəzarət-kassa aparatlarının operatoru deyildir və iddiaçının vaxtilə operatoru olduğu həmin kassa aparatı hazırda dövriyyədə istifadə edilmir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi portalı olan https://e-kassa.gov.az/az internet səhifəsində e-kassa operatorlarının və e-kassa modellərinin siyahısı göstərilmişdir və həmin siyahıda operator qismində hazırkı iddiaçının, e-kassa modeli qismində isə hazırkı iddiaçıya məxsus olan “Merkuri 130 F-01”, o cümlədən “Merkuri” markasına məxsus digər modellərin adı yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nə əsasən vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməli olduğu müddət cavabdehin də fəaliyyət göstərmiş olduğu Bakı şəhəri üzrə digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) üçün 2021ci il 1 aprel tarixədək müəyyən edilmişdir. Digər tərəfdən, müəyyən edildi ki, cavabdeh özünə məxsus olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə sonuncu dəfə 2019-cu ilin yanvar ayından sonra hər hansı əməliyyat həyata keçirməmişdir. Bu fakt, onun iş materiallarına əlavə etdiyi sənədlərlə birbaşa təsdiq edilməkdədir. Belə ki, nəzarət kassa aparatından çıxarılmış fiskal hesabatların məzmunu ilə müəyyən edilir ki, cavabdeh tərəfindən sonuncu kassa əməliyyatı xx.xx.2019-cu il tarixədək olan dövrü əhatə edir. İş materiallarındakı üzərində “Yazılış tarixi”, “Əməliyyat adı”, “Əməliyyat növü” və “Ödəmə tarixi” başlıqları altında müxtəlif məlumatların əks olunduğu sənədin “Vergilər üzrə” olan hissəsindən görünür ki, cavabdehin fəaliyyəti ilə bağlı sonuncu vergi hesablaması xx.xx.2019-cu il tarixində aparılmışdır. Nəhayət, iş materiallarındakı Bakı şəhəri X1 üzrə Baş İdarəsinin arayışına əsasən, cavabdehin vergi ödəyicisi kimi fəaliyyəti 18 aprel 2020-ci il tarixindən etibarən dayandırılmışdır. Bu göstərilənləri ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı ilə 06 may 2016-cı il tarixli 010407 nömrəli servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlayan və iddiaçının operatoru olduğu “Merkuri 130 F-01” markalı nəzarət kassa aparatına sahib olmuş cavabdeh 2019-cu ilin yanvar ayınadək olan dövr daxil olmaqla həmin nəzarət-kassa aparatından istifadə etmiş, həmin vaxtdan sonra məhz həmin nəzarət kassa aparatından çıxarılmış hesabatlara və əməliyyat tarixçəsinə əsasən həmin aparat vasitəsilə hər hansı əməliyyat icra etməmiş, onun vergi ödəyicisi kimi fəaliyyəti isə 18 aprel 2020-ci il tarixindən etibarən dayandırılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında, həmçinin iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia tələbində cavabdehdən 2016-cı ildən 6 ay, 2017-ci idən 12 ay, 2018-ci ildən 12 ay, 2019-cu idən 12 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023cü ildən 12 ay, 2024-cü ildən isə 5 ay olmaqla aylıq 6 manat məbləğində olan xidmət haqqının ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırda 2016-cı ildən başlayaraq, ilk növbədə həmin ildən 6 ay olmaqla ödənilməmiş xidmət haqqını tələb edirsə, deməli həmin tələb üzrə iddia müddəti 2019-cu ilin iyun ayından başlamış sayılmalıdır. Bu müddətdən isə artıq 3 ildən çox müddət keçdiyinə görə iddia müddəti ötürülmüşdür. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, analoji hallarda son üç illik müddət üçün tutmanın aparılması mümkün olsa da, iddiaçının məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etdiyi və bununla da son üç ilin xx.xx.2021-ci ilədək olan dövrü əhatə etdiyi müəyyən edilir. Bu müddət üçün də cavabdehdən tutmanın aparılması əsassızdır, çünki yuxarıda qeyd edildiyi kimi, cavabdeh 2019-cu ilin yanvar ayına kimi həmin kassa aparatından istifadə etmiş, vergi ödəyicisi kimi fəaliyyəti isə 18 aprel 2020-ci il tarixindən etibarən dayandırılmışdır. Yəni kassa aparatının fəaliyyət göstərmədiyi və istifadə edilmədiyi dövr üçün həmin aparata görə tutmanın aparılması yolverilməzdir. İddia tələbində iddiaçı, həmçinin qeydiyyatdan çıxma aktının qarşılığında cavabdehdən iddiaçının xeyrinə 35 manat məbləğində pulun tutulması xahiş edilmişdir. Məhkəmə, bununla əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən qeydiyyatdan çıxma aktının qarşılığında cavabdehdən 35 manat pulun tələb edilməsinə baxmayaraq, həmin aktın özü iş materiallarına əlavə edilməmişdir, bununla da məhkəmə həmin aktın həqiqətən tərtib edilib-edilməməsi, tələb edilən məbləğin həmin aktın məzmununda qeyd edilib-edilməməsi, cavabdehin həmin aktla tanış olub-olmaması və bu kimi digər məsələləri, yəni iddia tələbinin bu hissəsinin əsaslılığını yoxlamaq imkanından məhrum olmuşdur. Digər tərəfdən, tərəflər arasında bağlanmış və iş materiallarına əlavə edilmiş 06 may 2016-cı il tarixli müqavilənin məzmununda da bununla bağlı, yəni nəzarət kassa aparatına texniki xidmətin göstərilməsi başa çatdıqda, yəni servis texniki xidmət mərkəzi istehlakçıya müqavilə üzrə görməli olduğu öhdəliyin icrasını başa çatdırdığı halda və ya müqaviləyə əsasən istehlakçı qismində çıxış edən cavabdeh aylıq 6 manat məbləğində vəsaiti ardıcıl olaraq ödəmədiyi halda qeydiyyatdan çıxma ilə əlaqədar hər hansı məbləğin ödənilməsinin nəzərdə tutulması ilə əlaqədar müddəalar qeyd edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, qeydiyyatdan çıxma aktının qarşılığında cavabdehdən 35 manat məbləğində pulun tutulması ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, həmin aktın özü və ya bunu təsdiqləyə biləcək digər hər hansı sənəd iş materiallarına əlavə edilmədiyindən, o cümlədən tərəflər arasında bağlanmış müqavilənin məzmununda da bu barədə hər hansı müddəa nəzərdə tutulmadığından, bununla da həmin hal iş materialları ilə sübut edilmədiyindən iddia tələbinin 35 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərcinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “müqavilə üzrə borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar