Məhkəmə qərarları › İş №e-2-2(119)-1336/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1336/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1336/2025 25.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı verilmiş "borcun silinməsi" tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 188503,69 (yüz səksən səkkiz min beş yüz üç manat, altmış doqquz qəpik) manat məbləğində borcun və 478,5 (dörd yüz yetmiş səkkiz manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh istifadə edilən təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə üzərinə öhdəlik götürsə də, müqavilə öhdəliklərinə əməl etməyərək istifadə edilən qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 30 iyun 2025-ci il tarixinə iddiaçıya 188503,69 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi üçün cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh "xxxx" MMC 30 iyul 2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, abonent saldosundan da göründüyü kimi İddiaçı İB tərəfindən 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli akta əsasən 25779,36 manat məbləğində sayğac göstəricilərindən əlavə olaraq borc hesablanmışdır. Cavabdehin aktın nə zaman və kim tərəfindən tərtib edilməsi barədə məlumatı olmamışdır. İlkin iddia üzrə iddiaçı bu halı iddia ərizəsində göstərməmişdir. Bu da öz növbəsində qarşılıqlı iddia üzrə cavabdehin öz qanunsuz əməllərinin gizlədilməsinə cəhd kimi qiymətləndirilməlidir. Həmin akt guya istifadədə olan qaz sayğacının elektron hissəsinin işləmədiyinə görə tərtib edilmişdir. Lakin qazpaylayıcı tərəfindən qaz sayğacının işləmədiyinə dair hansısa sübut akta əlavə edilməmişdir. Abonent saldosundan da göründüyü kimi 2025-ci il ərzində sayğac göstəriciləri istifadəyə uyğun hər ay dəyişir (sayğac işləməsəydi göstəricilər dəyişməz olaraq qalardı) bu da sayğacın tam işlək vəziyyətdə olması deməkdir. Bundan başqa, əlavə borc 2025-ci ilin mart ayında yazılmış və həmin aydan sonrakı ayda da eyni sayğac vasitəsilə təbii qazdan istifadə edilmişdir. Əgər sayğac işləməsəydi, növbəti ayda da əlavə hesabat gedərdi və ya qaz sayğacı çıxarılaraq yenisi ilə əvəzlənərdi. Görünən isə odur ki, hazırda da istifadədə olan qaz sayğacı 19 oktyabr 2022-ci il tarixdə quraşdırılmış və hər hansı qüsuru olmamışdır. Qarşılıqlı iddia üzrə cavabdeh heç bir hüquqi əsası olmadan əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktdan göründüyü kimi İddiaçı İB özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz tərzdə, ümumilikdə 25779,36 manat məbləğində əlavə borc hesablamışdır. Belə bir hesablama düsturunun və hüququnun hansı qanunla müəyyən olunduğu məlum deyildir. Qarşılıqlı iddia üzrə cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcların ödənilməsini tələb edir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. İddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" MMC göstərilənlərin nəzərə alınaraq məhkəmədən İddiaçı İB tərəfindən "xxxx" MMC-yə akt əsasında hesablanmış 25779,36 (iyirmi beş min yeddi yüz yetmiş doqquz manat, otuz altı qəpik) manat məbləğində borcun **********00021 nömrəli abonent kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, qarşılıqlı iddianı qəbul etmir. Cavabdehlə iddiaçı arasında üzləşmə aktı tərtib edilmiş və cavabdeh borcu qəbul etmişdir. Belə ki, mütəmadi olaraq iddiaçı təşkilatın əməkdaşları tərəfindən sayğac göstəriciləri qeydə alınır və müvafiq hərəkətlər həyata keçirilir. Müayinə və texniki xidmət 3,6,9,12 aydan bir keçirildiyi halda, sayğac sərfiyyatına baxış hər ay keçirilir. Əməkdaşların növbəti belə baxışında elektron və mexaniki sayğac arasında fərq aşkarlanmışdır. Cavabdehin nümayəndəsi dəvət edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na əsasən, cavabdeh təşkilat hüquqi şəxsdir və sayğac onun hesabına işlək saxlanılmalıdır. Yəni fərq aşkarlandığı üçün sayğac laboratoriyaya göndərilməlidir. Cavabdeh tərəf bildirmişdir ki, səhvi qəbul edir, hazırda maddi vəziyyəti yaxşı deyildir, həmin səhvi aradan qaldırıb borcu da ödəyəcəkdir. Məhkəməyə təqdim edilmiş 31 mart 2025-ci il tarixli akt cavabdeh şirkətin nümayəndəsi tərəfindən də imzalanmışdır. Aktı imzalayan şəxs hər ay sayğaca baxış keçirərkən bu prosesdə iştirak edən şəxs olmuşdur. Qarşılıqlı razılaşmaya əsasən, müvafiq borc 2025-ci ilin mart ayı üçün saldoya daxil edilmişdir. Hazırda isə cavabdeh məhz bu borcu əlavə sərfiyyat yaxud da cərimə kimi qiymətləndirmək istəyir. Məhkəməyə təqdim edilmiş abonent saldosunda elektron və mexaniki sayğac arasında fərqlər aylar üzrə öz əksini tapmışdır. Bu fərq digər aylar üzrə ortalama eyni olsa da, mart ayında tamamilə fərqli olduğundan diqqəti cəlb etmişdir. Həmin ay üzrə 107414 m3 qaz sərfiyyatı qeydə alınmışdır. Bu da 25779,36 manat məbləği dəyərində təbii qazdan istifadəni göstərir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materialları: İş materiallarında olan paylayıcı İddiaçı ilə istehlakçı "xxxx" MMC arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə ilə müəyyən edilir ki, cavabdehin Abşeron rayonunda yerləşən sahibkarlıq obyektində (abonent kodu: **********00021) müvafiq qaydada G-400 markalı 80127171 nömrəli qaz sayğacı quraşdırılmaqla təbii qazla təchiz edilmişdir. Həmin müqavilənin “Müqavilənin predmeti” adlanan 1-ci bəndində göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan 26 avqust 2025-ci ildə çap olunmuş abonentin saldosu ilə müəyyən olunur ki, cavabdehə məxsus Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 188503,69 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli aktın məzmununda “Abşeron rayonu Hökməli qəsəbəsində "xxxx" MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80127171 nömrəli qaz sayğacının elektron hissəsinin düzgün işləmədiyi aşkar edildi və hesabat bu qaydada aparılacaq: mexaniki fərq: 3113***-*******=54530; 9328***-*******=56176; 54530x3 (keçən qazın təzyiq əmsalı)=163590; 163590-56176=107414m3” qeyd edilmişdir. Həmin akt iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) əməkdaşları və “İbrahimov C.” adlı şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) 31 may 2025-ci il tarixinə 251362,81 manat məbləğində borcu olduğunu tərəflər nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq etmişdirlər. İş materiallarına həmçinin çap tarixi 26 avqust 2025-ci il olan abonent saldosu əlavə edilmişdir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş X3 izahatında bildirdi ki, sayğacın mexaniki və elektron göstəricilərinin nisbəti əmsalı göstərir. Əgər əlavə qaz işlədici cihazlar qoşulursa, həmin ay üçün elektron sayğac o hissəni qeydə almır. Buna görə də sərfiyyat hesablanarkən mexaniki göstəriciyə əsaslanılır və sonda elektronun qeydə aldığı sərfiyyat çıxılır. Sayğac müəssisədə qaz işlədici cihazların sayına uyğun olaraq quraşdırılır. Müəssisə tərəfindən müqavilədə nəzərdə tutulmayan qazişlədici cihazlardan istifadə edilərsə, bu elektron göstəricilərə təsir edəcəkdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə istixanalarda istehlak edilən hər m3 təbii qazın qiyməti 0,24 manat məbləğində olduğundan, alınmış sərfiyyat miqdarı yekunda 0,24 manata vurulur. Təqdim edilmiş 31 mart 2025-ci il tarixli akt cavabdeh şirkətlə razılaşdırılmışdır və cavabdeh şirkət hesabatın bu formada getməsinə razılıqlarını bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən, zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Həmin Məcəllənin 207.1-ci və 207.2-ci maddələrinə əsasən, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinin tələblərinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsinə uyğun olaraq 18 sentyabr 2022-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi bağlanılmış, quraşdırılmış sayğac vasitəsilə iddiaçı (İddiaçı İB) cavabdehə ("xxxx" MMC-yə) məxsus Abşeron rayonunda yerləşən sahibkarlıq obyektini (abonent kodu: **********00021) həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq təbii qazla təchiz etmiş, cavabdeh isə qaz sayğacının göstəricilərinə uyğun olaraq istifadə etdiyi qazın dəyərini iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməli olsa da, həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun 188503,69 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, istifadə olunmuş təbii qaza görə 188503,69 manat məbləğində borcun cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) tutularaq iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) ödənilməsi barədə tələb əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 478,5 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) xeyrinə tutulması hissəsinə gəldikdə, iş materiallarında olan 17 iyul 2025-ci il tarixli **********47 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən məhkəməyə müraciət edilən zaman 478,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia təmin edildiyindən, 478,5 manat məbləğində pul vəsaiti cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) xeyrinə tutulmalıdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İB tərəfindən "xxxx" MMC-yə akt əsasında hesablanmış 25779,36 manat məbləğində borcun **********00021 nömrəli abonent kodundan silinməsini xahiş etsə də, iş materialları ilə qarşılıqlı iddia ərizəsinin əsaslılığı müəyyən edilmir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddia üzrə iddiaçının iş materiallarında olan 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli aktdan tərtibindən məlumatsız olması göstərilsə də, aktın məzmununa əsasən, "xxxx" MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G-400 markalı 80127171 nömrəli qaz sayğacının elektron hissəsinin düzgün işləmədiyi aşkar edilmiş, həmin hala əsasən dəymiş zərərin həcmi 107414m3 (107414x0,24=25779,36 manat) hesablanmış və həmin akt ilkin iddia üzrə iddiaçının nümayəndələri ilə yanaşı, qarşılıqlı iddia üzrə iddiaçının qanuni təmsilçisi “İbrahimov C.” tərəfindən də imzalanmışdır (məhkəmə tədqiqatı zamanı “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatla "xxxx" MMC-nin qanuni təmsilçisinin X1 olduğu müəyyən edilmişdir). İş materiallarındakı çap tarixi 26 avqust 2025-ci il tarixli, saatı 10:25:59 olan abonent saldosunun elektron/mexaniki əmsal sütununun məzmununa diqqət yetirdikdə, müvafiq göstəricilərin qeydə alındığı 2024-cü ilin fevral, mart, aprel, may, noyabr, dekabr, 2025-ci ilin yanvar, fevral və aprel aylarında əmsalın 2,65-3,6 aralığında olduğu görünür. Lakin aktın tərtib edildiyi 2025-ci ilin mart ayında bu əmsal digərlərindən fərqli olaraq 1,03-dür. İddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, sayğac sərfiyyatına baxış hər ay keçirilir və qaz sərfiyyatının dəyəri müəyyən edilərək istehlakçıya təqdim edilir. İddiaçı İBnin nümayəndələri 2025-ci ilin mart ayına təsadüf edən bu cür aylıq baxışda cavabdehə məxsus sayğacda elektron və mexaniki sayğac arasında məhz digər aylardan fərqlənən bu 1,03-lük fərqi müəyyən etdiyindən akt tərtib edilmişdir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş Muxtar Qurbanov işin bu halı ilə bağlı izahatında bildirmişdir ki, əmsal dedikdə, sayğacın mexaniki və elektron göstəricilərinin nisbəti başa düşülür. Sayğac müəssisədə qaz işlədici cihazların sayına uyğun olaraq quraşdırılır. Müəssisə tərəfindən müqavilədə nəzərdə tutulmayan qazişlədici cihazlardan istifadə edilərsə, bu elektron göstəricilərə təsir edir. Belə ki, əgər müəssisədə əlavə qazişlədici cihazlar qoşulursa, həmin ay üçün elektron sayğac bu qurğuların işlətdiyi sərfiyyatı qeydə almır. Buna görə də sərfiyyat hesablanarkən mexaniki göstəriciyə əsaslanılır və sonda elektronun qeydə aldığı sərfiyyat çıxılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə istixanalarda istehlak edilən hər m3 təbii qazın qiyməti 0,24 manat məbləğində olduğundan, cavabdehə münasibətdə alınmış sərfiyyat miqdarı yekunda 0,24 manata vurulmuşdur. İş materiallarında olan 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli akt və çap tarixi 26 avqust 2025-ci il olan abonent saldoları qarşılıqlı təhlil edildikdə, müəyyən edilir ki: 1) əvvəlcə sayğacın qaz sərfinə görə qeydə aldığı 2025-ci il mart ayı ilə həmin ilin fevral ayı üzrə mexaniki göstəricilərinin fərqi tapılmış (3113494 - ******* = 54530); 2) daha sonra sayğacın qaz sərfinə görə qeydə aldığı 2025-ci il mart ayı ilə həmin ilin fevral ayı üzrə elektron göstəricilərinin fərqi tapılmış (9328134 - ******* = 56176); 3) cari və əvvəlki ayların mexaniki göstəricilərinin fərqi 3-ə (keçən qazın təzyiq əmsalına) vurulmaqla sərfiyyat hesablanılmış (54530 x 3 = 163590 m3); 4) həmin göstəricidən cari və əvvəlki ayların elektron göstəricilərinin fərqi çıxılmaqla, yekun sərfiyyat miqdarı müəyyən edilmiş (163590 m3 - 56176 = 107414 m3); 5) alınmış sərfiyyat məbləği isə qazın dəyərinə - 0,24 manata vurulmaqla 25779,36 manat əldə edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş tərəflərin hər ikisinin möhürü ilə təsdiqlənmiş və nümayəndələri (qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi qismində, 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli aktda olduğu kimi “İbrahimov C.” (X1) tərəfindən imzalanmışdır) tərəfindən imzalanmış 31 may 2025-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının və çap tarixi 26 avqust 2025-ci il, saatı 10:25:59 olan və eynitarixli, saatı 09:09:18 olan abonent saldolarının birgə tədqiqi zamanı müəyyən edilmişdir ki, üzləşdirmə aktının “Debet” sütununun 2025-ci ilin mart ayı üçün ayrılmış qrafasında borcun məbləğinin 39261,6 manat məbləğində olması razılaşdırılmışdır. Abonent saldolarının “Sərfin məbləği” və “Qalıq və aktlar” sütununda isə 2025-ci ilin mart ayı üzrə müvafiq olaraq 13482,24 manat və 25779,36 manat məbləğləri qeyd edilməklə, 2025-ci ilin mart ayı üçün ümumi borcun 39261,6 (13482,24+25779,36) manat məbləğində olması müəyyən edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı məzmununda 2025-ci ilin mart ayı üzrə 39261,6 manat sərfiyyat məbləğinin qeyd edildiyi qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktını imzalayıb möhürləməklə, başqa sözlə təsdiq etməklə 31 mart 2025-ci il tarixli xx-xx/2025 nömrəli akt üzrə hesablanmış 25779,36 manat məbləğində borcla da razılaşmış və qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı verilmiş "borcun silinməsi" tələbi barədə qarşılıqlı iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməli, cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) 188503,69 manat məbləğində borc və 478,5 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 188982,19 manat məbləğində pul vəsaiti iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) İddiaçı İB-nin xeyrinə tutulmalı, iddiaçı (ilkin iddia üzrə cavabdeh) tərəfindən cavabdehə (ilkin iddia üzrə iddiaçıya qarşı verilmiş "borcun silinməsi" tələbi barədə qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 188503,69 (yüz səksən səkkiz min beş yüz üç manat, altmış doqquz qəpik) manat məbləğində borc və 478,5 (dörd yüz yetmiş səkkiz manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 188982,19 (yüz səksən səkkiz min doqquz yüz səksən iki manat, on doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xeyrinə tutulsun. İddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı verilmiş "borcun silinməsi" tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar