Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1369/2025 29.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 305,18 (üç yüz beş manat on səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rəsmi dövlət qeydiyyatına alınmış ekassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün tokenlərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. Token iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında 30 sentyabr 2021-ci il tarixdə NBA-M.E.G-001 və NBA-M.E.G-002 saylı müqavilələr imzalanmışdır. Müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 460,2 (dörd yüz altmış manat iyirmi qəpik) manat məbləğində PAX A620 tipli 1 ədəd e-kassa aparatı satılmışdır. Bundan əlavə kassa aparatına göstərilən aylıq texniki xidmət üçün xidmət haqqı məbləği ƏDV daxil 11,8 (on bir manat səksən qəpik) manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə məxsus kassaya 23 ay ərzində aylıq texniki xidmət göstərilmişdir. Həmin xidmətlər və satılan avadanlıq üzrə Cavabdeh2 ümumilikdə ƏDV daxil 775,18 (yeddi yüz yetmiş beş manat on səkkiz qəpik) manat məbləğində borcu olmuş, o, borcun 470 (dörd yüz yetmiş manat) manatını ödəmiş və 305,18 (üç yüz beş manat on səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Cavabdeh2 qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli NBA-M.E.G-001 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə sifarişçiyə POS terminallar, onlara aid olan ehtiyat hissələrini, proqram təminatını təqdim etməyi, təmir xidmətini göstərməyi, sifarişçi isə icraçı tərəfindən onun sifarişinə əsasən təqdim olunmuş mallara görə bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin malların, xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürür. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli NBA-M.E.G-001 nömrəli müqaviləyə 1 nömrəli əlavə olan qiymət razılaşdırılması protokoluna əsasən 1 ədəd PAX A620 markalı kassa aparatın qiyməti ƏDV daxil 460,2 manat razılaşdırılmışdır. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli NBA-M.E.G-002 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. İş materallarında olan 30 sentyabr 2021-ci il tarixli NBA-M.E.G-002 nömrəli xidmət müqaviləsinə 1 nömrəli əlavə olan texniki xidmət müqaviləsi üçün qiymət razılaşdırılması protokoluna əsasən 1 ədəd nəzarət kassa aparatına göstərilən aylıq servis xidmətinə görə ödəniş məbləği ƏDV daxil 11,80 manat məbləğində razılaşdırılmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 ƏDV daxil 460,2 manat dəyərində PAX A620 markalı kassa aparatının satılması ilə əlaqədar 11 may 2022-ci il tarixli EBBW seriyalı 043955 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında İddiaçı tərəfindən Cavabdeh2 kassa aparatına göstərilən xidmətlər üzrə 27 ədəd elektron qaiməfaktura təqdim olunmuşdur. İş materiallarında olan maliyyə arayışında göstərilir ki, Cavabdeh2 satılmış kassa aparatına və göstərilmiş dəstək xidmətinə görə İddiaçınə cəmi 775,18 (yeddi yüz yetmiş beş manat on səkkiz qəpik) manat borcu olmuş, Cavabdeh2 470 (dörd yüz yetmiş manat) manat ödəmiş, 305,18 (üç yüz beş manat on səkkiz qəpik) manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, icraçı İddiaçı ilə sifarişçi Cavabdeh2 arasında 30 sentyabr 2021-ci il tarixli NBA-M.E.G-001 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə nəzarət kassa aparatı satılmışdır. Eyni zamanda tərəflər arasında 30 sentyabr 2021-ci il tarixli NBA- M.E.G-002 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin nəzarət kassa aparatına xidmət göstərilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək göstərilən xidmətlərin dəyərini tam ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 305,18 (üç yüz beş manat on səkkiz qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2dən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2dan 305,18 (üç yüz beş manat on səkkiz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 335,18 (üç yüz otuz beş manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2dan 305,18 (üç yüz beş manat on səkkiz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 335,18 (üç yüz otuz beş manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1369/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1369/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver