Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-137/2025 13.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nümayəndə və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı “İddiaçı” şirkəti tərəfindən Cavabdeh qarşı verilmiş “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və kompensasiyanın tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli 3-33-1100/000061Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 23 avqust 2024-cü il tarixli AHR**********151 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 99NC345 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********6664 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Puma” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: Puma əmtəə nişanlı 105 ədəd, 105 kq idman kostyumu, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və cavabdehdən 7000 (yeddi min) manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İddiaçı” şirkətinə ünvanladığı 12 sentyabr 2024-cü il tarixli, 3-33-1100/000061Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarına və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” ərizəçiyə və bəyənnaməçiyə verdiyi 14 sentyabr 2024-cü il tarixli, 61Q nömrəli bildirişinə əsasən fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına 23 avqust 2024-cü il tarixli, AHR**********151 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 99NC345 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyənnaməçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********6664 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Puma” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: Puma əmtəə nişanlı 105 ədəd, 105 kq idman kostyumu, **********) kontrafakt olması əlamətləri aşkar olunmuş və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 12 sentyabr 2024-cü il tarixindən 26 sentyabr 2024cü il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 163 saylı qərarınn tələblərinə əsasən malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə, idxalçı (mal sahibi) fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilmişdir. Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli, 3-33-1100/000061Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti “İddiaçı” şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə 14 sentyabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli, 3-33-1100/000069Q nömrəli “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” ərizəçiyə və bəyənnaməçiyə verdiyi 30 sentyabr 2024-cü il tarixli, 69Q nömrəli bildirişinə əsasən həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 27 sentyabr 2024-cü il tarixindən 11 oktyabr 2024-cü il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 163 saylı Qərarınn tələblərinə əsasən malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə, idxalçı (mal sahibi) Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilmiş, eyni zamanda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli 3-33- 1100/000069Q nömrəli “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə 30 sentyabr 2024-cü il tarixdə rəsmən təqdim olunmuşdur. Hüquq sahibi “İddiaçı” şirkətinin etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmış “Puma” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı” şirkətinin ekspertləri buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək həmin malların kontrafakt olması faktını təsdiqləmişlər. Qeyd olunur ki, “İddiaçı” şirkətinə məxsus “Puma” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tanınır və qorunur. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Pumanın əmtəə nişanları tərkibində əqli mülkiyyət hüquqları obyektləri olan mallarının gömrük reyestrinə 22 yanvar 2020-ci il tarixdə daxil edilmişdir və qorunur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 12 sentyabr 2024-cü il tarixli 3-33- 1100/000061Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” bildirişin “İddiaçı” şirkətinə, həmçinin bəyannaməçi və Cavabdeh vaxtında rəsmən təqdim olunmasına və qərarın “qeyd” hissəsində cavabdehin “qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa, yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq bəyannaməçi və ya Cavabdeh özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz istifadə edilən malların yayılması/satışı həm hüquq sahiblərinin müəlliflik və əqli mülkiyyət hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır, həm də “Puma” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal “Puma” malları barədə yanlış təəssürat yaradılmasına, nəticə etibarı ilə isə, daxili istehlak bazarında haqsız rəqabət mühitinin yaradılmasına, keyfiyyətsiz və saxta məhsulların qanunsuz dövriyyəsi kimi mənfi təzahürlərə səbəb olur. “İddiaçı” Şirkətinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən sığortalanıb. “Puma” əmtəə nişanlarından qeyri-qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla Cavabdeh “İddiaçı” şirkətinin əqli mülkiyyət hüquqlarını pozur, “İddiaçı” Şirkətinə, həmçinin “İddiaçı” şirkətinin Azərbaycandakı rəsmi distributorları olan idxalçılara da böyük maddi və mənəvi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal “Puma” məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir göstərməklə, onları nüfuzdan salır. Azərbaycan Respublikasında “İddiaçı” şirkətinin əqli mülkiyyət hüquqlarının qorunması, tanınması üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində şirkətin adı, təsviri müvafiq siniflər üzrə əmtəə nişanları qeydiyyata alınmış və qorunmasına nəzarət edilir. İddia tələbinin kompensasiya ödənilməsi ilə bağlı hissəsində münasibətdə qeyd olunmalıdır ki, cavabdehin əməlləri nəticəsində iddiaçı “İddiaçı” şirkətinin işgüzar nüfuzuna, mənafeyinə xələl gətirilmişdir. İddiaçı “İddiaçı” şirkəti tərəfindən həmin əməllərin qarşısının alınması üçün gömrük orqanında təmsil edilməsi və məhkəmədə iddia qaldırılması onun işgüzar nüfuzuna vurulmuş zərərin müdafiəsi, bərpası kimi qiymətləndirilir. Bu baxımdan iddiaçı “İddiaçı” şirkəti tərəfindən həmin xərclərin əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat məbləğində mənəvi zərərin tələb edilməsi ağlabatandır. Həmçinin hüquqi xidmətlərin göstərilməsi ilə bağlı iddiaçı “İddiaçı” şirkəti tərəfindən vəkilə, nümayəndəyə çəkilən xərclər, pretenziya məktubların göndərilməsi, etibarnamənin hazırlanaraq təsdiq edilməsi, gömrük orqanında iddiaçının iştirakı ilə zəruri sənədləşmənin aparılması, əmtəə nişanının Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatı ilə bağlı rüsumlar və digər bütün xərcləri nəzərə alaraq 2000 (iki min) manat məbləğində, cəmi 7000 (yeddi min) manat məbləğində kompensasiyanın cavabdehdən tutulması ağlabatandır. “İddiaçı” şirkətinin pozulmuş hüququnun bərpa edilməsini və qanunla tanınan və qorunan hüquq və mənafeyinin qorunmasının təmin edilməsi üçün Cavabdeh Azərbaycan Respublikasına idxal etdiyi sözügedən kontrafakt mallarının ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və cavabdehdən kompensasiyanın tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməlidir. İddiaçı “İddiaçı” şirkəti 31 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli 3-33- 1100/000061Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 23 avqust 2024-cü il tarixli AHR**********151 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 99NC345 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********6664 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Puma” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: Puma əmtəə nişanlı 105 ədəd, 105 kq idman kostyumu, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi, cavabdehdən 5000 (beş min) manat məbləğində mənəvi zərər, hüquqi yardım ilə əlaqədar vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, sənədləşmə işlərinin aparılması ilə bağlı ödənilmiş 1600 (min altı yüz) manat olmaqla, cəmi 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Vəkil və nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli 3-33-1100/000061Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” qərarından görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 23 avqust 2024-cü ıl tarixli, AHR**********151 saylı ınvoys sənədi ilə Çin Xalq Respublikasından 99NC345 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********6664 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Puma” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 23 avqust 2024-cü il tarixli, AHR**********151 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 99NC345 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********6664 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, “Puma” əmtəə nişanlı malların buraxılışı 10 (on) iş günü müddətinə dayandırılmışdır. İş materiallarına əlavə edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə ” Bildiriş № 61Q-dan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nümayəndə tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli, 3-33-1100/000061Q nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların 12 sentyabr 2024-cü il tarixindən 26 sentyabr 2024-cü il tarixinədək buraxılışının dayandırıldığı bildirilmişdir: XİFMN üzrə malın adı və kodu: “Puma” əmtəə nişanlı idman kostyumu **********; Malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı: 99NC345 dövlət nömrə nişanlı avtomobil nəqliyyat vasitəsi. Gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasını təsdiqləyən əlamətlər: Baxış zamanı 105 ədəd 105 kq “Puma" əmtəə nişanlı idman kostyumu aşkar olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin malların buraxılışının dayandırılmasının uzadılması haqqında 27 sentyabr 2024-cü il tarixli, 3-33-1100/000069Q nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 23 avqust 2024-cü il tarixli, AHR**********151 saylı ınvoys sənədi ilə Çin Xalq Respublikasından 99NC345 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********6664 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "Puma” əmtəə nişanlı malların buraxılışının dayandırılması daha 10 (on) iş günü müddətinə uzadılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarının tələblərinə əsasən malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə ərizəçi “İddiaçı” şirkətinin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Nümayəndə və bəyannaməçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dərhal yazılı bildiriş göndərilmişdir. İş materiallarında olan “İddiaçı” şirkətinin 23 oktyabr 2024-cü il tarixli bəyənatında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı şəhəri Baş Gömrük İdarəsinin 3-33-1100/000061Q nömrəli qərarına və 12 sentyabr 2024-cü il tarixli 61Q saylı bildirişinə istinadən Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmış “Puma” əmtəə nişanlı malların (idman kostyumları) kontrafakt olması şübhəsi ilə saxlanıldığı bildirilir. Nəqliyyat (yük daşıma) sənədlərində malların mənşəyi “Çin mənşəli” kimi göstərilməsinə baxmayaraq idman geyimlərinin boyun etiketində “Türkiyədə hazırlanmışdır” (“Made in Turkey”) kimi qeyd olunub. Bununla əlaqədar saxlanılmış Çin mənşəli, üzərində “Puma” əmtəə nişanları və simvolları olan malların - idman kostyumlarının şəkilləri araşdırılması üçün təqdim olunmuşdur. Birinci növbədə qeyd olunur ki, əsl (original) “Puma” markalı malların (idman kostyumlarının) etiketlərinin üzərində həmin malların orijinal olduğunu və “İddiaçı” şirkətinə məxsus olduğunu müəyyən və təsdiq edən asma etiketlərdə (və ya məhsulun boyun etiketində) “Puma”-ya məxsus heç bir barkod (“ştrixkod”) olmadan, (bəzi səhvlərlə). “The product which von have bought is (Was) made of (produced) the crowdest cotton and lisuenr" (“Aldığınız məhsul ən sıx pambıq və “ligueur'dən hazırlanmışdır (istehsal edilmişdir)") (burada ‘liguer” sözü əsla ingilis sözü deyil) kimi yazılar mövcüd olmur. Məhsulun keyfiyyət göstəriciləri çox aşağıdır və üzərində “Puma”-ya mənsub müvafiq qoruyucu nişanlar və əsl (orijinal) etiketlər mövcud deyildir. Bundan başqa saxlanılan malların ayaqqabı dillərinin üzərində qeyd olunan “barkodlar” (“Ştrix-kod’lar) “İddiaçı” şirkətinə aid deyildir. Məhsulun boyun etiketindəki hər iki “Puma” və həmçinin “Puma” simvolları çox primitiv şəkildə hazırlanıb (tikilib) və onların keyfiyyəti əsl (orijinal) məhsulların üzərindəki orijinal “Puma” simvollarına uyğun gəlmir. Ona görə də, brend mühafizəsi üzrə ixtisaslaşmış departamentimiz tərəfindən aparılan ekspertiza və təhlillərə əsasən qeyd olunan məhsulların kontrafakt olduğunu təsdiq edirik. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi tərəfindən “İddiaçı” şirkətinin etibarnamə əsasında hüquqi məsələlər üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə ünvanlanan 22 yanvar 2020-ci il tarixli 1000-130/1xx-xx/01221 nömrəli məktubda göstərilir ki, əmtəə nişanları üzərində əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə müraciətiniz nəzərə alınaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 279.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları’na əsasən Komitənin 1000/006 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə müraciətdə qeyd olunmuş ’’Puma” əmtəə nişanı adı altında mallar reyestrə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı X1 “İddiaçı” şirkətinin hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə ünvanlanan 24 sentyabr 2019-cu il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən “İddiaçı” (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) adına qeydiyyata alınan 437626 saylı “Puma” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 18, 25, 28-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 12 aprel 2028-ci il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı X1 “İddiaçı” şirkətinin hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nümayəndə ünvanlanan 24 sentyabr 2019-cu il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) adına qeydiyyata alınan ******* saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 18, 25-ci sinifləri uzrə Azərbaycan Respublikasının ərazisində 02 dekabr 2026-cı il tarixinə qədər qüvvədədir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: -25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. - 26-cı maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. - 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. - 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. - 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. - 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır. - 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır. 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “İddiaçı” şirkətinin nişan sahibi olaraq “Puma” əmtəə nişanının barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Əmtəə nişanın sahibi, iddiaçı “İddiaçı” şirkətinin razılığı olmadan Cavabdeh tərəfindən gətirilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmiş 105 ədəd “Puma" əmtəə nişanlı məhsullar Azərbaycan Respublikasına idxal olunmaqla “Puma" əmtəə nişanından istifadə edilmişdir. Bu isə qeydə alınmış əmtəə nişanına dair iddiaçının hüquqlarının pozulması sayılır. Həmçinin idxal olunmuş 105 ədəd “Puma" əmtəə nişanlı məhsullar həmin əmtəə nişanı ilə qeyri-qanuni təchiz olunduğundan kontrafakt hesab edilir. Belə olan halda iddiaçı pozulmuş hüququnun bərpa olunması üçün cavabdehlər tərəfindən gətirilmiş, hüquq pozuntusunun obyekti olan 105 ədəd 105 kq “Puma" əmtəə nişanlı idman kostyumunun məhv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd olunan normalara məcmu halda qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli 3-33-1100/000061Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 23 avqust 2024-cü il tarixli AHR**********151 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 99NC345 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********6664 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Puma” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: “Puma” əmtəə nişanlı 105 ədəd, 105 kq idman kostyumu, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir. Məhkəmə iddia tələbinin “5000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı ərizədə vurulmuş mənəvi zərərə görə 5000 manat zərər dəyməsini bildirsə də, bu xüsusatları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd olunan mallar mülki dövriyyəyə buraxılmadan, Azərbaycan bazarına idxal edilmədən gömrük orqanları tərəfindən dayandırılmışdır. Belə olan halda iddiaçıya zərər dəyməsi sübut olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulması hissəsində rədd edilməlidir. İddia tələbinin “1600 (min altı yüz) manat məbləğində sənədləşmə işlərinin aparılması ilə bağlı pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissənin əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardımın göstərilməsi haqqında 04 oktyabr 2024-cü il tarixli EM-2462VK-8392/24 nömrəli müqaviləni əlavə etmişdir. Həmin müqavilənin 2.1-ci bəndində hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 400 (dörd yüz) manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli 3-33- 1100/000061Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 23 avqust 2024-cü il tarixli AHR**********151 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 99NC345 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********6664 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Puma” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: “Puma” əmtəə nişanlı 105 ədəd, 105 kq idman kostyumu, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməli, iddiaçı “İddiaçı” şirkəti tərəfindən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin qanunun 9.1.4-cü maddəsinə əsasən, müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli 3-33-1100/000061Q nömrəli “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikasına 23 avqust 2024-cü il tarixli AHR**********151 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 99NC345 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********6664 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “Puma” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: “Puma” əmtəə nişanlı 105 ədəd, 105 kq idman kostyumu, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. İddiaçı “İddiaçı” şirkəti tərəfindən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-137/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-137/2025
13.02.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver