Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1393/2025 25.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “Aztəsərrüfat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Aztəsərrüfat" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə 3135,9 (üç min yüz otuz beş manat, doxsan qəpik) manat məbləğində borc, 156,8 (yüz əlli altı manat, səksən qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3292,7 (üç min iki yüz doxsan iki manat, yetmiş qəpik) manat məbləğində pulun, ödənilmiş 52,93 (əlli iki manat, doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 06 mart 2023cü il tarixli 81 nömrəli “xam pambığın alqı-satqısına dair” müqaviləyə əsasən, cavabdeh 10 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 16132,2 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Həmin müqavilənin 2.1.10-cu bəndinin şərtlərinə əsasən, satıcının alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı sonuncuya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə, o halda satıcı həmin yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməyərək iddiaçıya tam formada xam pambıq təhvil verilməmiş (ümumilikdə cavabdeh 16245.400 kq olmaqla, 12996,3 manat dəyərində xam pambıq təhvil vermişdir), bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Belə olan halda, cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə münasibətdə iddiaçıya 3135,9 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən tərəflər arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin müvafiq bəndlərinə əsasən, satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığa münasibətdə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 156,8 manat təşkil edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Eyni zamanda, göndərilmiş zərfin poçt xidməti tərəfindən cavabdehə çatdırılması mümkün olmadığından 15 avqust 2025-ci il tarixində ona məxsus mobil telefona zəng edilərək iddia ərizəsinin məzmunu barədə məlumat verilmiş və olduğu təqdirdə iddia ilə bağlı əsaslandırılmış etirazını irəli sürmək hüququ izah edilmişdir. Cavabdeh qeyd edilənlərin ona aydın olduğunu və iddia ərizəsində qeyd edilmiş borc məbləği ilə bağlı hər hansı etirazının olmadığını bildirmişdir (göstərilənlərlə bağlı müvafiq arayış tərtib edilərək iş materiallarına əlavə edilmişdir). Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 06 mart 2023-cü il tarixli 81 nömrəli xam pambığın alqı-satqısına dair müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtləri daxilində satıcı (Cavabdeh2) mülkiyyətində, istifadəsində və ya icarəsində olan 10 ha torpaq sahəsində (icarəyə və va istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquqmüəyyənedıcı sənədlər bu müqaviləyə əlavə olunur) pambıq əkməyi və istehsal olunmuş bütün xam pambığı alıcıya (iddiaçı “Aztəsərrüfat" MMC-yə) satmağı, alıcı isə satıcının istehsal etdiyi xam pambığı qəbul etməyi və ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə qalan hissəsini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən, satıcı torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara va 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair" Təlimatın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mükiyyətinə tədarük mövsümü vaxtı təhvil verir. Həmin müqavilənin 2.1.10-cu yarımbəndinə əsasən, satıcının alıcıdan aldığı avans məbləği (har hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı alıcıya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə, o halda satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə satıcının sahəsində aparılan işlər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması nəticəsində satıcının alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur. Həmin müqavilənin 2.2.7-ci yarımbəndinə əsasən, alıcı, satıcı xam pambığın yığımı və təhvili zamanı müqavilə şərtlərini pozduqda və pambığı başqa alıcıya satdığı müəyyən edildikdə bu zaman dəymiş ziyanı hesablayır və satılan pambığın dəyərini, həmçinin onun dəyərinin 20%-i miqdarında satıcıdan cərimə tələb edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcı bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlüklə 30 noyabr 2023-cü il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan standarta uyğun şəkildə alıcıya təhvil verir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, təhvil verilmiş məhsulun miqdarı hər iki tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı ilə pambıq qəbulu qəbzi əsasında rəsmiləşdirilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığın dəyərinin 20%-i həcmində (xam pambığın 1-ci növ qiyməti ilə) cərimə ödəyir. İş materiallarına əlavə edilmiş həmin müqaviləyə 1 nömrəli Əlavə olan X2 tərəflər göstəriləcək aqrotexniki xidmətlərin adlarını, texnikaların modellərini və hər hektar üçün xidmətin dəyərini razılaşdırmışdırlar. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış 10 sentyabr 2023-cü il tarixli üzləşmə aktından görünür ki, fermer Cavabdeh2 yekun borcu 13602,2 manat məbləğində təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 2023-ci il mövsümü üzrə müqaviləçisi Cavabdeh2 hesabat cədvəlindən görünür ki, cavabdehin ödənilməmiş borcu 3135,88 manat məbləğində təşkil edir. İş materiallarında olan 14 fevral 2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya 12 fevral 2025-ci il tarixinə 3135,88 manat məbləğində əsas, 156,8 manat məbləğində cərimə olmaqla, cəmi 3292,7 manat məbləğində borcu vardır. İş materiallarına həmçinin müvafiq texnikalarla göstərilmiş avans xidmətlər barədə aktlar, iddiaçı tərəfindən cavabdehin hesabına ödənişlər həyata keçirildiyini təsdiq edən ödəniş tapşırıqları, qaimə-fakturalar əlavə edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında bağlanılmış 06 mart 2023-cü il tarixli 81 nömrəli xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən, Cavabdeh2 mülkiyyətində, istifadəsində və ya icarəsində olan 10 ha torpaq sahəsində pambıq əkməyi və istehsal olunmuş bütün xam pambığı iddiaçı “Aztəsərrüfat" MMC-yə satmağı, alıcı isə satıcının istehsal etdiyi xam pambığı qəbul etməyi və ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə qalan hissəsini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilə öhdəlikləri iddiaçı tərəfindən icra edilsə də, cavabdeh öhdəliklərini lazımi qaydada həyata keçirməmiş və iddiaçının ödədiyi avans məbləğlərinə müvafiq olaraq xam pambıq təhvil verməmiş, eyni zamanda onun dəyərini də ödəməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 2023-ci il mövsümü üzrə müqaviləçisi Cavabdeh2 hesabat cədvəlindən görünür ki, cavabdehin ödənilməmiş borcu 3135,88 manat məbləğində təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 3135,88 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehdən 156,8 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (müqavilənin 5.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 52,93 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 18 iyul 2025-ci il tarixli **********33 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 52,93 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 52,92 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3135,88 manat məbləğində əsas borc, 156,8 manat məbləğində cərimə və 52,92 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3345,6 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 3135,88 (üç min yüz otuz beş manat, səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 156,8 (yüz əlli altı manat, səksən qəpik) manat məbləğində cərimə və 52,92 (əlli iki manat, doxsan iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3345,6 (üç min üç yüz qırx beş manat, altmış qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Aztəsərrüfat" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1393/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1393/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver