Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1417/2025 12.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 6331,23 (altı min üç yüz otuz bir manat, iyirmi üç qəpik) manat məbləğində borcun, 379,8 (üç yüz yetmiş doqquz manat, səksən qəpik) manat məbləğində cərimə və iddianın verilməsi üçün ödənilmiş 87,11 (səksən yeddi manat, on bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 iyun 2024-cü il tarixli 15 nömrəli xidmət müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə 6331,23 manat məbləğində xidmət göstərilmişdir. Lakin cavabdeh borc məbləğini ödəməkdən boyun qaçırmışdır. Xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, sifarişçi xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür. Müqavilənin 4.4-cü bəndinə görə, ödəniş 30 iş günündən artıq müddətdə gecikdirildiyi halda, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1 % miqdarında cərimə hesablanır. Təhvil-təslim aktlarına müvafiq olaraq gecikdirilmiş ödənişlər üçün son 60 günə görə, cərimə məbləği 379,8 manat təşkil etmişdir (6331,23 x 0,1% = 6,33 6,33 x 60 gün = 379,8). Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 01 iyun 2024-cü il tarixli 15 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, sifarişçi (cavabdeh) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı (iddiaçı) isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, icraçının yerinə yetirdiyi işlər bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. Həmin müqavilənin 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərinə əsasən, işi icrasından sonra təhvil-təslim aktına əsasən təhvil almaq və göstərilmiş xidmətlərin dəyərini ödəmək sifarişçinin vəzifələridir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 iş günü ərzində göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, hazırki müqavilə üzrə hesablaşmalar tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1 % miqdarında cərimə ödəyir. Həmin müqavilə üzrə 01 iyun 2024-cü il tarixli 01 nömrəli qiymət razılaşdırılması protokolu ilə tərəflər göstəriləcək xidmətlərin dəyərinin 10620 manat məbləğində olması barədə razılığa gəlmişdirlər. İş materiallarından görünür ki, 08 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10540998 nömrəli elektron qaimə-faktura üzrə 2042,3 manat, 12 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 10825018 nömrəli elektron qaimə-faktura üzrə 4288,92 manat məbləğində olmaqla, cəmi 6331,22 manat dəyərində görülmüş işlərlə bağlı həmin elektron qaiməfakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 05 iyul 2024-cü il tarixli 07/24-03 nömrəli təhvil-təslim aktı üzrə 2042,31 manat, 20 avqust 2024-cü il tarixli 08/24- 09 nömrəli təhvil-təslim aktı üzrə 4288,85 manat məbləğində olmaqla, cəmi 6331,16 manat məbləğində dəyəri olan işlər görülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında podrat müqaviləsinin elementlərini ehtiva edən 01 iyun 2024-cü il tarixli 15 nömrəli xidmət müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq qiymətlərin razılaşdırma protokolundan göstərilən işləri icra etmiş, lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 05 iyul 2024-cü il tarixli 07/24-03 nömrəli təhvil-təslim aktı üzrə 2042,31 manat, 20 avqust 2024-cü il tarixli 08/24-09 nömrəli təhvil-təslim aktı üzrə 4288,85 manat məbləğində olmaqla, cəmi 6331,16 manat məbləğində dəyəri olan işlər görülmüş, lakin cavabdeh tərəfindən həmin işlərin dəyəri ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 6331,23 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı hissəsi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 6331,16 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbinin cavabdehdən 379,8 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 379,8 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 317 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan əlavə, iddia tələbinin 87,11 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 23 iyul 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 86,48 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 6331,16 manat məbləğində əsas bоrc, 317 manat məbləğində cərimə, 86,48 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6734,64 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 6331,16 (altı min üç yüz otuz bir manat, on altı qəpik) manat məbləğində əsas bоrc, 317 (üç yüz on yeddi) manat məbləğində cərimə, 86,48 (səksən altı manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6734,64 (altı min yeddi yüz otuz dörd manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1417/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1417/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver