Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1445/2022 23.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 5095 (beş min doxsan beş) manat dəymiş maddi ziyan və 100 (yüz) manat mediasiyaya görə ödənilən xidmət haqqı olmaqla, cəmi 5195 (beş min yüz doxsan beş manat) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizədə - həmin tələb “istifadəyə verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “istifadəçi” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 06/00819 nömrəli operativ lizinq müqaviləsi əsasında istifadəyə verilmiş texnikaya vurulmuş maddi ziyan ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, “istifadəyə verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istifadəçi” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 06/00819 nömrəli Müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı ASC-nin mülkiyyətində olan 1 (bir) ədəd "Sampo Rosenlew SR-2045" markalı taxılyığan kombayn (buraxılış ili - 2014-cü il, Şassi № A48091, 561484) 01 iyun 2021-ci il tarixindən 31 iyul 2021-ci il tarixinədək “istifadəçi” Cavabdeh istifadəsinə verilmiş və həmin Müqaviləyə əsasən istifadəyə verilən kombayndan iki aylıq istifadə üçün ümumi istifadə (icarə) haqqı 4500 (dörd min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Lakin, verilmiş iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 06/00819 nömrəli müqavilənin predmeti olan 561484 şassi nömrəli "Sampo Rosenlew SR-2045" markalı taxılyığan kombayn İddiaçı ASC-yə qaytarılıb təhvil verilərkən kombaynda texniki nasazlıq və çatışmazlıq müəyyən olunmuş və həmin maddi ziyan müvafiq qaydada hesablanaraq 5095 (beş min doxsan beş) manat məbləğində dəyərləndirilmişdir. İş materiallarında olan “SR-2045 Sampo” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə maliyyə arayışından görünür ki, Quba rayonunda 30 iyul 2021-ci il tarixində texnikaya baxış keçirilməsi haqqında tərtib edilmiş akta əsasən Xaçmaz Regional Nümayəndəliyinin Quba rayon bölməsinin istifadəsində olan və mexanizator Cavabdeh tərəfindən 19 aprel 2021-ci il tarixli 06/00819 nömrəli müqavilə əsasında operativ lizinqə götürülmüş 561484 şassi nömrəli "Sampo Rosenlew SR-2045" markalı taxılyığan kombayn Bölməyə təhvil verilərkən kombaynda nasazlıq və çatışmazlıq müəyyən olunmuş və həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər ümumilikdə hesablanaraq cəmi 5095 (beş min doxsan beş) manat məbləğində dəyərləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2.1-ci maddəsinə əsasən, ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür. Həmin Məcəllənin 700.2.3-cü maddəsinə əsasən, icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur. Həmin Məcəllənin 700.2.5-ci maddəsinə əsasən, əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Təsvir olunanlarla müəyyən olunur ki, 19 aprel 2021-ci il tarixli 06/00819 nömrəli Müqavilə üzrə istifadəyə verilmiş "Sampo Rosenlew SR-2045" markalı taxılyığan kombayna texniki qüsurlara görə 5095 manat məbləğində maddi zərər dəymiş və həmin zərər cavabdeh (“istifadəçi”) Cavabdeh tərəfindən ödənilməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh oğlu ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh (VÖEN **********) 5095 (beş min doxsan beş) manat məbləğində zərər İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin, iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən 100 (yüz) manat məbləğində mediatora ödənilmiş xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdeh dövlət nəfinə 70,95 (yetmiş manat 95 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 5195 -ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 5095 (beş min doxsan beş) manat məbləğində zərər və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 5195 (beş min yüz doxsan beş manat) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 70,95 (yetmiş manat 95 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1445/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1445/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver