Məhkəmə qərarları › İş №e-2-2(119)-149/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-149/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-149/2025 27.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12849,19 (on iki min səkkiz yüz qırx doqquz manat on doqquz qəpik manat məbləğində əsas borc, 750,83 (yeddi yüz əlli manat səksən üç qəpik) manat məbləğində faiz borc, 109,53 (yüz doqquz manat əlli üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 13709,55 (on üç min yeddi yüz doqquz manat əlli beş qəpik) manat məbləğində borcun, müvafiq bildirişlərin qeydə alınması üçün 51 (əlli bir) manat ödənilmiş məbləğində rüsumun və məhkəmədə iddia qaldırmaq üçün 132 (yüz otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1ndə 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış və 159.6 kv.m köməkçi sahədən ibarət olan 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyənləşdirilməklə hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13709,55 (on üç min yeddi yüz doqquz manat əlli beş qəpik) manat məbləğində borcun və 132 (yüz otuz iki) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı kredit müqaviləsinə əsasən ilik 21 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 14 iyul 2023-cü il tarixində cavabdehə 17000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 13 iyul 2023-cü il tarixdə İddiaçı ASC ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 və Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Maliyyə arayışına əsasən Cavabdeh2 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12849,19 manat, faiz borcuna görə 750,83 manat, cərimə borcuna görə 109,53 manat olmaqla, cəmi 13709,55 manat təşkil edir. 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1ndə 0.06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi İddiaçı ASC qarşısında 13 iyul 2023-cü il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı kredit müqaviləsinə əsasən “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. “İpoteka haqqında” Qanunun 36-cı maddəsinin tələblərinə riayət olunaraq iddiaçı bank tərəfindən ipoteka qoyan cavabdehə müvafiq bilidirişlə müraciət edilmiş və ipoteka predmeti kimi çıxış edən əmlaka tutmanın yönəldiməsi barədə bildirişin rəsmi qaydada qeydə alınması barədə müvafiq reyestr orqanına müraciət olunmuşdur və bildiriş həmin orqanda qeydə alınmışdır. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı kredit müqaviləsi üzrə əsas borca görə 12849,19 manat, faiz borcuna görə 750,83 manat, cərimə borcuna görə 109,53 manat olmaqla, cəmi 13709,55 manat məbləğində pul tutulmalı, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti satıldıqdan sonra cavadehlər ipoteka predmetindən çıxarılmalı, həmin ipoteka predmeti boşaldılmış vəziyyətdə təhvil verilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 24 oktyabr 2025-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, əmlakın qiymətləndirilməsi rəyi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması məsələsinin də yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27 oktyabr 2025-ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə təqdim edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmənin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 13 iyul 2023-cü il tarixli SHMFS-377 nömrəli baş kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcverən borcalana müqavilənin ayrılmaz tərkib hissəsi sayılan ayrıca razılaşmalar əsasında illik 30 faiz dərəcəsi ilə, qaytarılma müddəti 84 ay müddətinədək, kreditin qaytarılması gecikdirildiyi halda gündəlik 1 faizədək təşkil edən dəbbə pulu, kreditin qaytarılması gecikdirildiyi halda illik 60 faizədək təşkil edən cərimə olmaqla, maksimal məbləği 100.000 manat təşkil edən kredit limiti ayırmağı, borcalan isə razılaşmalar üzrə limit çərçivəsində borcverən tərəfindən verilən kredit, kredit xətti, qarantiya və akkreditivdən müqavilədə və razılaşmalarda nəzərdə tutulmuş şərtlər daxilində istifadə etməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə, o cümlədən razılaşmalar üzrə öhdəliklərin icrasının əsas təminatı Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, ikimərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evidir. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 13 iyul 2023-cü il tarixli razılaşmanın 1.1-ci bəndinə əsasən borcverən bu müqavilənin şərtləri daxilində borcalana əsas vəsaitlərinin artırılması məqsədilə 17000 manat məbləğində bərpaolunan kredit xətti açmağı, borcalan isə aldığı kredit xəttini müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi sayılan “Kredit ödəniş cədvəli”nə uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, cəriməni, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin razılaşmanın 2.2-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilmişdir. Razılaşmanın 2.3-cü bəndinə əsasən kreditə görə illik 21 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 22 faiz təşkil edir. Razılaşmanın 2.13.3-cü bəndinə əsasən, borcalan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada aylıq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək ödənilməlidir. Bu müqavilə üzrə verilmiş kreditin müddəti bitdikdə və borcalan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3cü bəndində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni 42 faiz borc tam ödənilən günədək hesablanır və borcalan tərəfindən tam ödənilməlidir. Razılaşmanın 4.1.4.1-ci bəndinə görə borcalan Cavabdeh2 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, ikimərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evini baş kredit müqaviləsinin təminatı qismində bankın xeyrinə yüklü etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli razılaşma üzrə ödəniş qrafikinə əsasən borcun sonuncu ödəniş tarixi 14 iyul 2026-ci il tarixi müəyyən olunmuşdur. İş materiallarında olan borcverən İddiaçı ASC, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 13 iyul 2023-cü il tarixli SHMFS-377 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı Baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 24 oktyabr 2024-cü il tarixli arayışa əsasən borclu Cavabdeh2 13 iyul 2023-cü il tarixli SHMFS-377 nömrəli müqavilə üzrə 24 oktyabr 2024-cü il tarixinə 12849,19 manat əsas borcu, 750,83 manat faiz borcu, 109,53 manat cərimə borcu olmaqla, cəmi borcu 13709,55 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 24 oktyabr 2024cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 24 oktyabr 2024-cü il tarixinə hesablanmış 12849,19 manat əsas borc, 750,83 manat faiz borcu, 109,53 manat cərimə borcu olmaqla, cəmi 13709,55 manat borcunun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 Baladadaş oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1ndə yerləşən 31 nömrəli fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli SHMFS-377 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, ikimərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyul 2023-cü il tarixli SHMFS-377 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi sonrakı ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh1 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 31 nömrəli fərdi yaşayış evinin sonrakı ipoteka müqaviləsi ilə yenidən ipoteka ilə yüklü edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli xx-xx/5028 nömrəli bildirişə əsasən İddiaçı ASC Cavabdeh2 13 iyul 2023-cü il tarixli SHMFS-377 nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 13500,99 manat borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kredit müqaviləsinin təminatı olan ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi məqsədilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC 07 oktyabr 2024-cü il tarixli xx-xx/5044 nömrəli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 14 saylı Ərazi İdarəsinə müraciət edərək, 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının 26 avqust 2025-ci il tarixli 9/3094 nömrəli rəyinə görə 13 iyul 2023-cü il tarixli SHMFS-377 nömrəli baş kredit müqaviləsi üzrə 13 iyul 2023-cü il tarixli razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-yə olan borcu 24 oktyabr 2024-cü il tarixə əsas borc üzrə 12974,34 manat, 635,74 manat, 09 yanvar 2025-ci il tarixə əsas borc üzrə 11964,34 manat, faiz borcu üzrə 635,74 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 14 oktyabr 2025-ci il tarixli 491/E nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, ikimərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 85517 manat, likvid dəyəri 68414 manat təşkil edir. Həmin rəyə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən, ikimərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinin birlikdə bazar dəyəri 98070 manat, likvid dəyəri 78183 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və Cavabdeh2 arasında 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 13 iyul 2023-cü il tarixli razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı ASC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermişdir. Lakin Cavabdeh2 kredit müqaviləsi üzrə ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Odur ki, kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. 24 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən iddiaçı tərəfindən 13 iyul 2023cü il tarixli SHMFS-377 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 13 iyul 2023-cü il tarixli razılaşma üzrə 12849,19 manat əsas borc və 750,83 manat faiz borcu hesablansa da, həmin məbləğlər 26 avqust 2025-ci il tarixli 9/3094 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə məhkəmə hesab edir ki, əsas və faiz borcunun məbləği müəyyən edilərkən məhkəmə-mühasibatlıq ekspertizasının 26 avqust 2025-ci il tarixli 9/3094 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək, həmin rəydə gəlinmiş nəticəyə uyğun müəyyənləşdirilməlidir. Odur ki, 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair 13 iyul 2023-cü il tarixli razılaşma üzrə iddiaçının xeyrinə 11964,34 (on bir min doqquz yüz altmış dörd manat otuz dörd qəpik) manat əsas borc və 635,74 (altı yüz otuz beş manat yetmiş dörd qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi “109,53 (yüz doqquz manat əlli üç qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 13 iyul 2023-cü il tarixli SHMFS-377 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin 13 iyul 2023-cü il tarixli SHMFS-377 saylı baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalanın kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). - 9.2-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir. - 9.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, 13 iyul 2023-cü il tarixli SHMFS-377 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli, üç otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyul 2023-cü il tarixli SHMFS-377 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi sonrakı ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli, üç otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinin likvid qiyməti müəyyən edilərkən "xxxx" MMC tərəfindən verilmiş 14 oktyabr 2025-ci il tarixli 491/E nömrəli mütəxəssis rəyi nəzərə alınaraq, ipoteka predmetinin likvid qiyməti 78183 (yetmiş səkkiz min yüz səksən üç) manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İş materiallarında olan ödəniş sənədlərindən müəyyən olunur ki, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən 51 (əlli bir) manat məbləğində rüsum ödənilmişdir. Odur ki, iddia tələbi ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün iddiaçı tərəfindən ödənilmiş 51 (əlli bir) manatın cavabdehlərdən tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “132 (yüz otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 128,13 (yüz iyirmi səkkiz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin məktubu ilə müəyyən olunur ki, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsinə görə İddiaçı ASC tərəfindən 500 (beş yüz) manat məbləğində ödəniş olunmuşdur. Odur ki, iddia tələbi mütəxəssis rəyinin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər müştərək qaydada tutulması hissəsində də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11964,34 (on bir min doqquz yüz altmış dörd manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 635,74 (altı yüz otuz beş manat yetmiş dörd qəpik) manat məbləğində faiz borcu, 109,53 (yüz doqquz manat əlli üç qəpik) manat məbləğində cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində rüsum, 128,13 (yüz iyirmi səkkiz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul olmaqla, cəmi 13388,74 (on üç min üç yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 13388,74 (on üç min üç yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli, üç otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 13388,74 (on üç min üç yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli, üç otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 78183 (yetmiş səkkiz min yüz səksən üç) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəm QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11964,34 (on bir min doqquz yüz altmış dörd manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 635,74 (altı yüz otuz beş manat yetmiş dörd qəpik) manat məbləğində faiz borcu, 109,53 (yüz doqquz manat əlli üç qəpik) manat məbləğində cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində rüsum, 128,13 (yüz iyirmi səkkiz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul olmaqla, cəmi 13388,74 (on üç min üç yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 13388,74 (on üç min üç yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli, üç otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 13388,74 (on üç min üç yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli, üç otaqlı, 63.1 kv.m yaşayış, 159.6 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 78183 (yetmiş səkkiz min yüz səksən üç) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar