Məhkəmə qərarları › İş №e-2-2(119)-15/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-15/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-15/2024 09.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Baldadaş oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 13 mart 2023-cü ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit Müqaviləsinə əsasən 27 fevral 2023-cü il tarixinə hesablanmış 81720,14 manat əsas borc və 11495,76 manat faiz borcu olmaqla, cəmi 93215,9 (doxsan üç min iki yüz on beş manat 90 qəpik) manat məbləğində borcun, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı olmaqla, cəmi 90 (doxsan) manat məbləğində xərcin və 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0211 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə (ümumi sahə 153,6 kv.m) yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5A, mənzil 42-dən (ümumi sahə 66.6 kv.m) və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0211 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən (ümumi sahə 153.6 kv.m) çıxarılması və həmin evlərin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, bank İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 26 aprel 2019-cu il tarхili GA.157851.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmışdır. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi ipotekaqoyan Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0211 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə 153,6 kv.m) 26 aprel 2019-cu il tariхli 200840-157851/2 nömrəli Sonrakı İpotеka Müqaviləsinə və ikinci təminatı kimi borcalan və ipotekaqoyan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5A, mənzil 42 (ümumi sahə 66.6 kv.m) 31 yanvar 2020-ci il tariхli GA.157851.2 nömrəli İpotеka Müqaviləsinə əsasən banka ipotеkaya qoyulmuşdur. Borcalan Cavabdeh1 22 aprel 2022-ci il tarixdə Banka yazılı müraciət edərək 31 yanvar 2020-ci il tarixli 200842-787908/2 nömrəli Kredit müqaviləsi üzrə ümumi borcunun kapitallaşdırılması şərti ilə yeni kredit rəmiləşdirilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış Baş Sazişə əsasən borcverən İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli kredit müqaviləsi ilə illik 18 faiz dərəcəsi ilə 48 ay müddətinə 82912 (səksən iki min doqquz yüz on iki) manat məbləğində krеdit verilmişdir. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, Borcalan bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmetinə tutma yönəldilməsi barədə 16 yanvar 2023-cü il tarixli Bildiriş ipotekaqoyan Cavabdeh1 və Cavabdeh2 16 yanvar 2023-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildirişlər poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 24 yanvar 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (“bildiriş”in dövlət qeydiyyatına alınması barədə ərizə, X2 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişləri iddia ərizəsinə əlavə edilir). Çünki, Kredit Müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, borcverən İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Borcalan tərəfindən öz öhdəliyini yerinə yetirməməsi - bağlanmış Baş Sazişin 3.4-cü bəndinin pozulmasını özündə şərtləndirmişdir. Həmin bəndin tələblərinə əsasən, müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada əsas borcu və faiz borcunu ödəmək borcalan Cavabdeh1 öhdəliyidir. Sazişin 3.4.6-ci bəndinin tələbinə əsasən, Borcalanın öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn bütün xərcləri bu Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə Banka ödəmək öhdəliyi vardır. Sazişin 5.1.5-ci və 5.1.6-cı bəndlərində nəzərdə tutulmuş hallar baş verdikdə isə Bank kredit müqavilələri üzrə öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdehin (Borcalanın) öz öhdəliyini icra etməməsi nəticəsində 27 fevral 2023-ci il tarixə onun Banka 81720,14 manat əsas borc və 11495,76 manat faiz borcu olmaqla, cəmi 93215,9 (doxsan üç min iki yüz on beş 90 qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İpotekaqoyan Cavabdeh2 ilə Bank arasında bağlanmış 26 aprel 2019-cu il tariхli 200840-157851/2 nömrəli Sonrakı İpotеka Müqaviləsi və borcalan və ipotekaqoyan Cavabdeh1 ilə Bank arasında bağlanmış 31 yanvar 2020-ci il tariхli GA.157851.2 nömrəli ipotеka müqaviləsi 26 aprel 2019-cu il tariхli GA.157851.1 nömrəli Baş Sazişin və Sazişə əsasən bağlanmış kredit müqaviləsinin təminatı kimi çıxış edir. Eyni zamanda, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Mediasiya prosesi də keçirilmişdir. Cavabdeh1 ilə bağlı 22 dekabr 2022-ci il tarixli MŞB-18-00211 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Mediasiya arayışı, digər Cavabdeh2 ilə bağlı isə 22 dekabr 2022-ci il tarixli MŞB-18-00211 nömrəli “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” Mediasiya arayışı verilmişdir (Arayışlar da iddia ərizəsinə əlavə edilmişdir). İddiaçı ASC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 (dörd yüz) manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclaslarında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh1 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit Müqaviləsinə əsasən 27 fevral 2023-cü il tarixinə hesablanmış 81720,14 manat əsas borc və 11495,76 manat faiz borcu olmaqla, cəmi 93215,9 manat məbləğində borcun, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqı olmaqla, cəmi 90 manat məbləğində xərcin və 400 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5A, mənzil 42 ünvanında yerləşən mənzilə və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0211 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5A, mənzil 42-dən və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0211 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış çıxarılması və həmin evlərin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirərək, iddia tələbi üzrə yalnız əsas borcun ondan tutulmasına etiraz etməsə də, iddia tələbində qeyd olunan faiz borcunun silinməsini və borcun ipoteka predmetinə yönəldilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 aprel 2019-cu il tarхli GA.157851.1 nömrəli "Kredit Limitinin ayrılması haqqında" Baş Saziş və həmin Baş Saziş əsasında bağlanılmış 31 yanvar 2020-ci il tarixli 200875-787908/2 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN **********) – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən dövriyyə vəsaitin artırılması məqsədilə borcalan Cavabdeh1 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 100000 (yüz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan borcalan Cavabdeh1 Banka ünvanladığı 22 aprel 2022-ci il tarixli "Kreditin restrukturizasiya" barədə ərizəsi əsasında bağlanılmış 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN **********) – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən əsas vəsaitin artırılması məqsədilə borcalan Cavabdeh1 48 ay müddətinə illik 18 % dərəcəsi ilə 82912 (səksən iki min doqquz yüz on iki) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 36 (otuz altı) faiz hesablanır və bu faiz Borcalan tərəfindən tam həcmdə ödənilir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, bu Kredit Müqaviləsi 26 aprel 2019-cu il tarixli “GA.157851.1" nömrəli "Kredit limitinin ayrılması haqqında Baş Saziş” əsasında bağlanmışdır və onun ayrılmaz tərkib hissəsi sayılır. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 22 aprel 2026-cı il müəyyən olunmuşdur. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit Müqaviləsi üzrə 27 fevral 2023-cü il tarixə bank İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 81720,14 manat məbləğində əsas bоrcu və 11495,76 manat faiz borcu оlmaqla, cəmi 93215,9 (doxsan üç min iki yüz on beş manat 90 qəpik) manat məbləğində kredit borcu vardır. Lakin, mübahisənin obyektiv həlli məqsədi ilə bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit Müqaviləsi üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 05 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 10 iyul 2023-cü il tarixli 9/4355 nömrəli Ekspert Rəyindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində tərəflər arasında bağlanmış 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 27 fevral 2023-cü il tarixinə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 81720,14 manat məbləğində əsas kredit borcunun və 10726,25 manat məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit Müqaviləsi bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək, həmin Müqavilə üzrə borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Buna görə də, məlum kredit müqaviləsi üzrə cəmi 82912 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığına görə borcalan Cavabdeh1 27 fevral 2023-cü il tarixə hesablanmış 81720,14 manat məbləğində əsas borcun və 11495,76 manat məbləğində faiz borcunun tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında borcverən İddiaçı ASC-nin nümayəndəsi və borcalan Cavabdeh1 iştirak etmiş olsa da, tərəflər arasında hər hansı bir razılıq əldə olunmamışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc - “Borcalan” olaraq Cavabdeh1 tutulmalıdır. Lakin, 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh1 tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10 iyul 2023-cü il tarixli 9/4355 nömrəli Ekspert Rəyi də mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehdən tutulmalı olan borc məbləğləri həmin Rəyə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 10 iyul 2023-cü il tarixli 9/4355 №-li Ekspertiza Rəyində Cavabdeh1 ilə bağlanmış 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən borcun hesablandığı 27 fevral 2023-cü il tarixə “əsas borc 81720,14 manat və faiz borcu 10726,25 manat miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən Cavabdeh1 27 fevral 2023-cü il tarixə hesablanmış “81720,14 manat məbləğində əsas borcun və 11495,76 manat məbləğində faiz borcun“ tutulması tələb olunur. Buna görə də, iddia ərizəsində tələb olunan 81720,14 manat məbləğində əsas borc tam olaraq tutulmalı olduğu halda, 27 fevral 2023-cü il tarixə hesablanaraq tələb edilən “11495,76 manat məbləğində faiz borcu” 10 iyul 2023-cü il tarixli 9/4355 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmadığı üçün 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit müqaviləsi üzrə həmin Ekspertiza Rəyi ilə 27 fevral 2023-cü il tarixə müəyyən edilmiş "10726,25 manat” miqdarında faiz borcu Cavabdeh1 tutulmalıdır. Eləcə də, məhkəmə, iddianın “Cavabdeh1 tutulmalı olan borcun ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 yanvar 2020-ci il tarixli GA.157851.2 nömrəli İpoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan “Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5A, 42 nömrəli mənzil (ümumi sahə 66,6 kv.m) ipoteka qoyan (borcalan) Cavabdeh1 tərəfindən ipoteka saxlayan (borcverən) İddiaçı ASC qarşısında 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. İş materiallarında olan 26 aprel 2019-cu il tarixli 200840-157851/2 nömrəli X1 görünür ki, ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan “ünvan 2 ünvanında yerləşən 0,0211 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahə 153,6 kv.m) ipoteka qoyan Cavabdeh2 tərəfindən ipoteka saxlayan (borcverən) İddiaçı ASC qarşısında 22 aprel 2022-ci il tarixli 200875-787908/3 nömrəli Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmetlərinə dair ipoteka saxlayan İddiaçı ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişləri müvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı hazırkı iddia ərizəsində cavabdehlərə məxsus məlum ipoteka predmetlərinin “ilkin satış qiymətlərinin müəyyən edilməsi” barədə verilmiş iddia tələbinə əsasən qəbul olunmuş 24 avqust 2023-cü il tarixli qərardadla yuxarıda qeyd olunan ipоtekа predmetlərinin ilkin satış qiymətinin təyin olunması məqsədilə “həmin daşınmaz əmlakların likvid qiymətinin müəyyən edilməsi” ilə əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli 3-16- 16/2-10/6945, 9/7036 nömrəli Ekspert Rəyi ilə ipoteka qoyan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5A, 42 nömrəli mənzilin likvid dəyəri cəmi 68000 (altmış səkkiz min) manat məbləğində, ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 0,0211 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin birlikdə likvid dəyəri isə cəmi 119000 (yüz on doqquz min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin tələblərinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (maddə 34.1.1) və yaxud, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (maddə 34.1.3) - ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadında qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Odur ki, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 tutulmalı olan pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus və Cavabdeh2 məxsus ipoteka predmetlərinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli və tutmanın yönəldiyi Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 68000 manat məbləğində və Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 119000 manat məbləğində edilməlidir. Eləcə də, məhkəmə qeyd etməyi lazım bilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2024-cü il tarixli e-2-2(119)-15/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “İpoteka predmetləri hərracda satıldıqda Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5A, mənzil 42-dən (ümumi sahə 66.6 kv.m) və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0211 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən (ümumi sahə 153.6 kv.m) çıxarılması və həmin evlərin boşaldılması” tələbinə aid hissəsində icraata Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh1 (VÖEN **********) 81720,14 manat əsas borc və 10726,25 manat faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və tutulan borc məbləği İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5A, 42 nömrəli mənzilə və Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 0,0211 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli və tutmanın yönəldiyi Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 68000 manat məbləğində və Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 119000 manat məbləğində müəyyən edilməlidir. Eləcə də, məlum kredit müqaviləsi üzrə borcalan qismində Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının 200 (iki yüz) manat hissəsi və ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 60 (altmış) manat məbləğində xidmət haqqı da Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə, borcalandan tutulması təmin olunan borcun məbləğinə mütənasib olaraq dövlət nəfinə ödənilməli olan 367,34 (üç yüz altmış yeddi manat 34 qəpik) manat məbləğində dövlət rüsumu və iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti də Cavabdeh1 dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 (VÖEN **********) 81720,14 (səksən bir min yeddi yüz iyirmi manat 14 qəpik) manat əsas borc, 10726,25 (on min yeddi yüz iyirmi altı manat 25 qəpik) manat faiz borcu, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 60 (altmış) manat xidmət haqqı olmaqla, cəmi 92736,39 (doxsan iki min yeddi yüz otuz altı manat 39 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 tutulmalı olan cəmi 92736,39 (doxsan iki min yeddi yüz otuz altı manat 39 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5A, 42 nömrəli mənzilə və Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 0,0211 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 92736,39 (doxsan iki min yeddi yüz otuz altı manat 39 qəpik) manat məbləğində borc ödənilsin. Tutmanın yönəldiyi Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat məbləğində və Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 119000 (yüz on doqquz min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 dövlət nəfinə 367,34 (üç yüz altmış yeddi manat 34 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar