Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1589/2025 15.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, plakat və reklam bannerlərinin sifarişi üçün ödənilmiş 1050 (min əlli) manat məbləğin "xxxx" MMCdən 12 aylıq kreditlə götürülən təhlükəsizlik kameralarının əldə edilməsi üçün sərf edilən 1104 (min yüz dörd) manat məbləğində pul vəsaitinin, bukletlərin hazırlanması və sifarişi üçün cavabdehə ödənilmiş 2000 (iki min) manat məbləğində pul vəsaitinin, 2000 (iki min) manat məbləğində əldən çıxmış faydanın və 5000 (beş min) manat məbləğində mənəvi zərərin, ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinin “Tərəflər” bölməsinə iddiaçı və cavabdehlərin adları qeyd edilmiş, lakin onların olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatlar göstərilməmişdir. Eyni zamanda, iddia ərizəsinin məzmununda cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat qeyd edilməmişdir. Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsinin məzmununda və “Tərəflər” bölməsində tərəflərin ünvanları barədə məlumatları və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatı qeyd etməməklə Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən 149.2-ci maddəsinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1589/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1589/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver