Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1628/2024 25.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 06 fevral 2023-cü il tarixli MM.01/02 nömrəli əməkdaşlıq müqaviləsi üzrə 1948,82 (min doqquz yüz qırx səkkiz manat, səksən iki qəpik) manat məbləğində borcun və 39,49 (otuz doqquz manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli MM.01/02 nömrəli əməkdaşlıq müqaviləsinə əsasən, cavabdeh özünə məxsus mağazalarda və digər satış nöqtələrində iddiaçının müştəriləri tərəfindən seçilən malları onlara satır, iddiaçı isə həmin malların dəyərini müştəri ilə bağlanılmış kredit müqaviləsi əsasında cavabdehə ödəyir. Həmin müqaviləyə uyğun olaraq cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə edilən müraciət əsasında bildirilən müştəriyə 2475 manat məbləğində kredit ayrılmış və iddiaçı tərəfindən həmin kredit üzrə 1948,82 manat pul vəsaiti cavabdehin hesabına köçürülmüşdür. Lakin müştərinin mebeli bəyənməməsi səbəbindən kredit müqaviləsi ləğv edilmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən geri qaytarılmalı olan 1948,82 (manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi və 1948,82 manat məbləğində pul vəsaitinin və ödənilmiş 39,49 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 06 fevral 2023-cü il tarixli MM.01/02 nömrəli əməkdaşlıq müqaviləsinin 1.1-ci bəndinə əsasən, tərəfdaş (Cavabdeh MMC) özünə məxsus mağazalarda və digər satış nöqtələrində “BOKT”-un (iddiaçı "xxxx" ASC-nin) müştərisinin seçdiyi malları onlara sataraq, “BOKT”-un təsdiq etdiyi ünvana çatdırır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, “Satış obyekti”nin dəyəri “Satış obyekti” “BOKT”un təsdiq etdiyi ünvanda quraşdırıldıqdan sonra “BOKT” ilə müştəri arasında bağlanmış kredit müqaviləsi əsasında “BOKT” tərəfindən “Tərəfdaş”a ödənilir. Tərəflər alqı-satqının xüsusiyyətlərindən asılı olaraq digər formada (nisyə, hissə-hissə və s.) ödəniş növü seçə bilərlər. Həmin müqavilənin 3.1.3-cü yarımbəndinə əsasən, satıcıdan satış obyektini təsdiq etdiyi ünvanda hazır vəziyyətdə və istismara yararlı şəkildə müştəriyə təhvil verməyi tələb etmək BOKT-un hüququdur. İş materiallarında olan 01 mart 2023-cü il tarixli AZ230301010 nömrəli ödəniş tapşırığından görünür ki, VİM-703-0004-23 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 1948,82 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçının müştərisi X1 tərəfindən iddiaçı təşkilatın direktoruna ünvanlanan ərizədə “Viona H.Aslanov (VEGA-1)” satış nöqtəsindən VİM-703-0004-23 saylı kredit müqaviləsi üzrə alınan dəyəri 2475 manat olan mebelin bəyənilməməsi səbəbi ilə həmin kredit müqaviləsinə xitam verilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 06 fevral 2023-cü il tarixli alqı-satqı və borc müqavilələrinin ünsürlərindən ibarət olan əməkdaşlıq müqaviləsi bağlanılmış, müqaviləyə əsasən tərəfdaş qismində çıxış edən cavabdeh özünə məxsus mağazalarda və digər satış nöqtələrində iddiaçının müştərisinin seçdiyi malları onlara sataraq, iddiaçının təsdiq etdiyi ünvana çatdırmağı, iddiaçı isə həmin malın dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının müştərilərindən biri olan X1 ona satılmış malı bəyənməmiş, yəni bununla əlaqədar onunla iddiaçı arasındakı kredit münasibətlərinə xitam verilmiş, lakin həmin malın müştəriyə satılması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə ödənilmiş 1948,82 manat məbləğində pul vəsaiti ona geri qaytarılmalı olsa da, bu, cavabdeh tərəfindən həyata keçirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 1948,82 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 39,49 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 39,49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 39,49 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1948,82 manat məbləğində əsas borc və 39,49 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1988,31 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 1948,82 (min doqquz yüz qırx səkkiz manat, səksən iki qəpik) manat məbləğində borc və 39,49 (otuz doqquz manat, qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1988,31 (min doqquz yüz səksən səkkiz manat, otuz bir qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1628/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1628/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver