Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-164/2025 24.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı 21 oktyabr 2024-cü il tarixdə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16203 (on altı min iki yüz üç) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 16644 (on altı min altı yüz qırx dörd) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 20 aprel 2022-ci il tarixli müqavilə bağlanmışdır. Tərəflər arasında imzalanmş üzləşmə aktına əsasən cavabdeh tərəfin iddiaçıya ödənilməmiş 16203 manat məbləğində qalıq borcu öz təsdiqini tapmışdır. Həmin müqavilə üzrə iddiaçının cavabdeh tərəfə göndərdiyi xx.xx.2024-cü il tarixli MT2409 11716048 saylı 16203 manat məbləğində qaimə faktura təsdiqlənsə də, ödəniş bu günə kimi icra edilməmişdir. Cavabdeh tərəfindən hər dəfə vəd verilərək iddiaçıya borcun ödəniləcəyi bildirilmiş, lakin iddiaçının vergi portalı üzərindən cavabdehin elektron kabinetinə göndərdiyi mübahisənin məhkəmədənkənar həll edilməsinə dair pretenziya məktubuna müsbət cavab verilməmişdir. Cavabdeh MMC müvafiq müqavilə üzrə öz öhdəliyini icra etmiş olsaydı, iddiaçının hüquqları pozulmaz və maddi durumu pisləşməzdi. Cavabdeh tərəfin müqavilə öhdəliyini lazımı qaydada icra etməməsinə görə iddiaçı digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmək məqsədi ilə özünə məxsus yük maşınını ucuz qiymətə satmışdır. Bundan başqa iddiaçı tərəfindən hüquqi yardımla bağlı 300 manat məbləğində vəkil xidmət haqqı və məhkəməyə müraciət etmək üçün 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
3. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
8. Belə ki, iş materiallarından görünür ki, “icraçı” – İddiaçı ilə “sifarişçi” - Cavabdeh arasında 20 aprel 2022-ci il tarixli, 01 nömrəli müqavilə bağlanmışdır.
9. 20 aprel 2022-ci il tarixli, 01 nömrəli müqavilənin 1.1-ci bəndinə görə müqaviləyə əsasən "icraçı" "sifarişçi" tərəfindən veriləcək layihəyə uyğun beton qarışığı ilə tikinti obyektlərinin təmin olunmasını və obyektlərə daşınıb təhvil verilməsini, “sifarişçi" isə bu işləri müqaviləyə uyğun olduğu təqdirdə qəbul etməyi və malın dəyərinin "icraçı"ya ödənilməsini üzərinə götürür.
10. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur.
11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli razılaşma protokolu ilə müəyyənləşdirilir.
12. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı tərəflər arasında razılaşdırılmış avans məbləğini aldıqdan sonra işə başlayır. Layihə ilə müəyyən olunmuş həcmin hər 10%-i görüldükdən sonra işin faktiki yerinə yetirilmiş həcminə görə razılaşdırılmış məbləğlər ödənilir və əvvəlcədən ödənilmiş avans məbləğ növbəti ödənişlərdən hissəhissə tutulur. Sonuncu məbləğ sifariş tam görülüb qurtardıqdan sonra 5 (beş) bank günü ərzində "icraçıya” ödənilir. Bütün ödənişlər köçürmə yolu ilə həyata keçirilir.
13. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən "icraçı" görülən işləri "sifarişçi" ilə razılaşdırdıqdan sonra lahiyəyə uyğun olaraq 15 gün ərzində həyata keçirməyi öhdəsinə götürür.
14. İş materiallarında olan tərəflər arasında imzalanmış Üzləşmə aktına əsasən müəyyən olunur ki, 29 aprel 2022-ci il tarixdən 03 iyul 2022-ci il tarixədək olan dövr üzrə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdehnə ümumilikdə 58232,3 manat dəyərində mallar təqdim edilmiş, Cavabdeh tərəfindən həmin malların dəyərindən 42029,3 manat ödənilmiş, sifarişçinin icraçıya 16203 manat məbləğində borcu qalmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
16. Həmin Məcəllənin 567-ci madəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
21. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 20 aprel 2022-ci il tarixli 01 nömrəli müqavilə bağlanmış, iddiaçı (icraçı) cavabdehin (sifarişçi) sifarişi əsasında ümumi dəyəri 58232,3 manat olan malları cavabdehə təqdim etmiş, lakin cavabdeh həmin malların dəyərini tam ödəməmişdir. İş materiallarında olan üzləşmə aktına əsasən müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya 16203 manat məbləğində borcu yaranmışdır. Buna görə hazırkı iddia ərizəsində ümumilikdə 16203 (on altı min iki yüz üç) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuşdur.
22. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.
23. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
27. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
28. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 20 aprel 2022-ci il tarixli 01 nömrəli müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş malları cavabdehə təhvil versə də, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də Cavabdehndən qeyd edilən müqavilə üzrə 16203 (on altı min iki yüz üç) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər.
31. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 05 sentyabr 2024-cü il tarixli ödəniş sənədini əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. İddia tələbinin “ödənilmiş 141 (yüz qırx bir) manat məbləğində dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinin həcminə uyğun hesablanmış 138,61 (yüz otuz səkkiz manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 16203 (on altı min iki yüz üç) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində vəkil xidmət haqqı və 138,61 (yüz otuz səkkiz manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16641,61 (on altı min altı yüz qırx bir manat 61 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
37. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 16203 (on altı min iki yüz üç) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində vəkil xidmət haqqı və 138,61 (yüz otuz səkkiz manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16641,61 (on altı min altı yüz qırx bir manat 61 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev