Məhkəmə qərarları › İş №e-2-2(119)-1666/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1666/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1666/2025 12.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 2476,5 (iki min dörd yüz yetmiş altı manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş 44,8 (qırx dörd manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2521,3 (iki min beş yüz iyirmi bir manat, otuz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (kreditor) arasında bağlanmış 27 dekabr 2023-cü tarixli 01/23 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədilə kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. 08 aprel 2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş (hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir), iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən zaminə - iddiaçıya təqdim edilmiş 10 aprel 2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 2476,5 manat məbləğində borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə həmin borc tam şəkildə iddiaçı tərəfindən kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 2476,5 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı MMC (əvvəlki adı ilə "xxxx" MMC) arasında bağlanmış 27 dekabr 2023-cü il tarixli 01/23 nömrəli əməkdaşlıq və zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə görə "xxxx" MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka sifarişçilərin (borcalan) adları və kredit məbləği əks olunan kredit sifariş cədvəlini (siyahı) təqdim edir. Bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, borcalan bu müqavilənin 1.3-cü bəndində göstərilən kredit xətti (limiti) müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə dərhal banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, zaminliklə təmin edilən öhdəlik zaminin banka təqdim etdiyi kredit tələbi cədvəlinə uyğun fərdi sahibkarlarla (borcalan) bağlanmış və gələcəkdə bağlanacaq kredit xətti (limiti) müqavilələrindən (kredit müqaviləsi) irəli gələn borc öhdəliyidir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə 5 iş günü əvvəldən zaminə məlumat verməklə bu müqavilə ilə zaminin könüllü ödəmək üçün müəyyən edilən müddət bitdikdən sonra 5 iş günü ərzində kredit məbləğini, hesablanmış faizləri, o cümlədən gecikdirilmə faizlərini zaminin razılığı olmadan (akseptsiz qaydada) onun bank hesab(lar)ından tutmaq bankın hüquqlarından biridir. İş materiallarında 27 dekabr 2023-cü il tarixli 01/23 nömrəli əməkdaşlıq və zaminlik müqaviləsinə 22 fevral 2024-cü il tarixli 01 nömrəli və 01 mart 2024-cü il tarixli 02 nömrəli Əlavələrlə tərəflər müqavilənin məzmununda dəyişiklik edilməsi barədə razılığa gəlmişdirlər. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2024cü il tarixli 616 nömrəli kredit xətti (limiti) müqaviləsinin 1.1-ci bəndinə əsasən, bank bu müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verməyi, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin məqsədi tərəflərin gələcək mülki (iqtisadi) münasibətlərini təşkil etmək, gələcəkdə veriləcək kreditin əsas şərtlərini aydın müəyyən etməkdən ibarətdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, kreditin təyinatı kənd təsərrüfatı məhsulu olan pambıq istehsalı xərclərinin maliyyələşdirilməsidir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin, o cümlədən mövcud olduğu təqdirdə gecikdirilmiş vaxt üçün hesablanan faizlərin (gecikdirilmə faizlərinin) ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən, bu müqavilə üzrə kredit xətti (limiti) hər il cari ilin əvvəlində borcalanla İddiaçı MMC (əvvəlki adı ilə "xxxx" MMC) arasında bağlanmış müqaviləyə əsasən MKT tərəfindən tərtib edilmiş kredit tələbi cədvəlinə uyğun olaraq müəyyən edilən, lakin hər bir halda 100000 manatdan çox olmayan məbləğdə verilə bilər. Həmin müqavilənin 4.4.1-ci yarımbəndinə əsasən, kredit üzrə yaranmış borcu və hesablanmış faizləri, o cümlədən texniki overdraft nəticəsində yaranmış borcu vaxtında və tam ödəmək borcalanın vəzifəsidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təsdiqlənmiş 10 aprel 2025-ci il tarixli arayışın məzmunundan görünür ki, 08 aprel 2024-cü il tarixli 616 nömrəli kredit xətti (limiti) müqaviləsi üzrə cavadeh Cavabdeh yaranmış 2476,5 manat məbləğində borcu İddiaçı MMC tərəfindən 07 fevral 2025-ci il tarixdə tam şəkildə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh "xxxx" ASC-də müştəri kodu “***-*******-32” olan bank hesabından görünür ki, cavabdehin borcu üzrə İddiaçı MMC tərəfindən 07 fevral 2025-ci il tarixdə 474 manat, 38,93 manat, 661,5 manat, 67,86 manat, 10,55 manat, 365,4 manat, 36,93 manat, 5,74 manat, 118,5 manat, 11,14 manat, 1,9 manat, 395 manat, 24,28 manat, 6,17 manat, 236,99 manat, 10,27 manat, 3,78 manat, 7,56 manat məbləğində olmaqla, cəmi 2476,5 manat məbləğində pul vəsaiti ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış 27 dekabr 2023-cü il tarixli 01/23 nömrəli əməkdaşlıq və zaminlik müqaviləsinə əsasən, İddiaçı MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə banka borcalanların adları və kredit məbləği əks olunan kredit sifariş cədvəli təqdim etməyi, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açmağı öhdəsinə götürmüşdür. Eyni zamanda "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2024-cü il tarixli 616 nömrəli kredit xətti (limiti) müqaviləsinə əsasən, bank müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin kənd təsərrüfatı məhsulu olan pambıq istehsalı xərclərinin maliyyələşdirilməsini, cavabdeh isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, 08 aprel 2024-cü il tarixli 616 nömrəli kredit xətti müqaviləsi üzrə cavadeh Cavabdeh yaranmış 2476,5 manat məbləğində borcu iddiaçı (zamin) İddiaçı MMC tərəfindən 27 dekabr 2023-cü il tarixli 01/23 nömrəli zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq 07 fevral 2025-ci il tarixdə tam şəkildə ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 2476,5 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələb əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia təmin edildiyindən aşağıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş 44,8 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2476,5 manat məbləğində borc və 44,8 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2521,3 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 2476,5 (iki min dörd yüz yetmiş altı manat, əlli qəpik) manat məbləğində borc və 44,8 (qırx dörd manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2521,3 (iki min beş yüz iyirmi bir manat, otuz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar