Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1824/2022 30.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “müqavilə öhdəliklərindən əmələ gələn borcların məcburi tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərindən əmələ gələn borcların məcburi tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə öhdəliklərindən əmələ gələn 480000 manat məbləğində borcun, 200 manat məhkəməekspert xərclərinin, 31 manat dövlət rüsumunun və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərindən əmələ gələn borcların məcburi tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iş üzrə Cavabdeh1 İddiaçı direktoru, digər Cavabdeh2 isə həmin Müəssisənin direktor müavini vəzifəsində işləmiş və onların hər ikisi də İddiaçı əmək müqaviləsi ilə işləyən işçiləri olaraq, tərəflər arasında - Əmək Qanunvericiliyi və Əmək Müqavilələri əsasında yaranan “işçi” və “işəgötürən” münasibətləri olmuşdur. Hətta, iddia ərizəsinin adında və məzmununda istifadə olunan “müqavilə öhdəlikləri” ifadəsində də cavabdehlərlə bağlanmış və məhkəməyə təqdim edilərək, iddia tələbinin əsaslandırıldığı “X1” nəzərdə tutulur. Yəni, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə öhdəliklərindən əmələ gələn 480000 manat məbləğində borcun İddiaçı xeyrinə tutulması” ilə əlaqədar yaranmış hazırkı mübahisə - tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (işçilərin) İddiaçı (işəgötürənin) müvafiq olaraq direktoru və direktor müavini vəzifəsində işlədikləri dövrdə əmək funksiyalarını yerinə yetirmələri ilə əlaqədar tələb olunan pul vəsaiti ilə bağlı mübahisədir. Qeyd etmək lazımdır ki, işçilərlə işəgötürən arasında mövcud əmək münasibətləri üzrə əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar yaranmış bu kimi mübahisələr isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla həll olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 18-ci bəndində məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən tərəflər arasındakı hazırkı mübahisə Əmək Qanunvericiliyi ilə nizamlanan münasibətlər əsasında yaranmışdır. Ona görə də, hazırkı iddia ərizəsi üzrə mübahisəyə kommersiya mübahisəsi kimi Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Çünki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmayan mübahisələrə, o cümlədən də “işəgötürən” və “işçi” arasında yaranan mübahisələrə, yəni kommersiya mübahisələrinə aid olmayan işlərə Kommersiya Məhkəmələrində deyil, aidiyyəti üzrə müvafiq ümumi (rayon, şəhər) məhkəmələrində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - iddia ərizəsini və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “müqavilə öhdəliklərindən əmələ gələn borcların məcburi tutulması” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, cavabdehlərə qarşı vermiş olduğu tələb üzrə aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1824/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1824/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver