Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-183/2025 19.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 29 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 22790 (iyirmi iki min yeddi yüz doxsan) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 27 aprel 2024-cü il tarixli XM-077 nömrəli xidmət müqaviləsinə əsasən cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməmiş və onun 22790 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 28 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, 20790 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasında 27 aprel 2024-cü il tarixli XM-0077 nömrəli xidmət müqaviləsi bağlanmış və cavabdehə saxlama xidmətləri göstərilmişdir. Belə ki, cavabdeh tərəfindən müqavilənin predmeti olan meyvələr uzun müddət istifadəyə yararlı olması üçün iddiaçıya məxsus soyuducu kameralarına yerləşdirilmişdir. Həmin məhsullar cavabdeh tərəfindən təhvil alınmışdır. Xidmətin qüsurlu göstərilməsinə dair cavabdehin hansısa iddası yoxdur. Bununla bağlı qarşı tərəf üzləşmə aktı da imzalamış və 20790 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin ediılməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanan 27 aprel 2024-cü il tarixli XM-0077 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilə ilə icraçı (İddiaçı MMC) özünə məxsus ərazidə sifarişçiyə (Cavabdeh) (təfsilatı, həcmi, qiyməti, icra müddəti və növü bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə qeyd edilməklə) xidmət göstərməyi, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş muzdu icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, icraçının göstərdiyi bütün xidmətlərin növü və qiyməti, həcmlərə görə endirim faizləri və s. xüsusi hallar bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə (X1 (QRP)) ilə müəyyənləşdirilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, tərəflər arasında Əlavələrlə başqa cür razılaşma yoxdursa, xidmətlər üçün nəzərdə tutulan muzdun ödənişi məhsullar sifarişçiyə təhvil verildiyi gün 100% olaraq ödənilməlidir. Həmin müqavilənin 4.1.2-ci yarımbəndinə əsasən, xidmətlərin dəyərinin bu müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödənilməsini sifarişçidən tələb etmək icraçının hüququdur. Həmin müqavilənin 4.4.2-ci yarımbəndinə əsasən, bu müqavilə şərtlərinə uyğun çeşidləmə muzdunu razılaşdırılmış qaydada müddətdə ödəmək sifarişçinin öhdəliyidir. Həmin müqavilə əsasında tərtib edilmiş 27 aprel 2024-cü il tarixli 1 nömrəli və 11 iyun 2024-cü il tarixli 3 nömrəli Qiymətlərin razılaşdırılması protokollarından görünür ki, tərəflər göstərilən xidmətlərin növlərini və onların dəyərlərini razılaşdırmışdırlar. İş materiallarında olan 27 aprel 2024-cü il tarixli XM-0077 nömrəli xidmət müqaviləsinə 2 nömrəli əlavə olan “Müştərilər üçün gilas qəbulu xidməti şərtləri”nin 1.1-ci bəndinə əsasən, bu sənədin tərtib edilməsinin məqsədi İddiaçı MMC/İcraçı ilə əməkdaşlıq edən müştərilər üçün 2024-cü il ərzində meyvə qəbulu sezonunda təyin edilmiş xidmətlər üzrə sifarişlərin verilməsi, meyvə qəbulu, xidmətin təşkili, o cümlədən hesablaşmalar haqqında prosedurlar və normativ qaydalar toplusu yaratmaqla Müştəri/Sifarişçi məmnunluğunu artırmaq, eləcə də xidmətlərin təşkili ilə bağlı müştəriləri məlumatlandırmaqdır. Həmin sənədin 5.1-ci bəndinə əsasən, gilas qəbulu xidmətin dəyəri qiymətlərin razılaşdırılması protokoluna uyğun olaraq hesablanır. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12530827 nömrəli elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 22790,048 manat dəyərində meyvə qəbulu xidməti göstərilmişdir. İş materiallarında olan qarşılıqlı borcların üzləşdirilməsi barədə aktdan görünür ki, 01 noyabr 2024-cü il tarixinə borcun məbləği 22790 manat, üzləşmə aparılan 29 noyabr 2024-cü il tarixinə qalıq borc məbləği 20790 manat təşkil etmişdir. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 27 aprel 2024-cü il tarixli XM-0077 nömrəli xidmət müqaviləsi üzrə Cavabdeh 20790 manat məbləğində borcu vardır. İş materiallarına, həmçinin müxtəlif adda malların anbardan cavabdehə təhvil verildiyini göstərən çoxsaylı qaimə-fakturalar əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 27 aprel 2024-cü il tarixli XM-0077 nömrəli xidmət müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq cavabdeh tərəfindən sifariş edilən işi icra edərək ona təhvil vermiş, lakin cavabdeh göstərilən xidmətin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuş və nəticədə onun 20790 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla tam sübut olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 27 aprel 2024-cü il tarixli XM-0077 nömrəli xidmət müqaviləsi üzrə 20790 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 159 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 152,37 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20790 manat məbləğində bоrc və 152,37 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20942,37 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 20790 (iyirmi min yeddi yüz doxsan) manat məbləğində bоrc və 152,37 (yüz əlli iki manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20942,37 (iyirmi min doqquz yüz qırx iki manat, otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-183/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-183/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver