Məhkəmə qərarları › İş №e-2-2(119)-1855/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1855/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1855/2025 28.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12000 (on iki min) manat məbləğində əsas borc, 912 (doqquz yüz on iki) manat məbləğində cərimə və 128,74 (yüz iyirmi səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13040,74 (on üç min qırx manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 23 noyabr 2024cü il tarixli 04-İS/24 nömrəli müqaviləyə əsasən, iddiaçıya məxsus atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən sözügedən atmosfer kontrollu soyuducu kameran hər ay 3000 manat məbləğində ödəniş edilməsi müqabilində müvəqqəti istifadə üçün 4 ay müddətinə cavabdehin istifadəsinə verilməsinə baxmayaraq, hansısa ödəniş yerinə yetirilməmişdir. Cavabdehin iddiaçıya hal-hazırda qeyd edilən müqavilə üzrə 12000 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında başlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən, istifadə haqqı üzürsüz səbəbdən vaxtında ödənilmədikdə müəyyən edilmiş müddətdən keçən hər gün üçün istifadəçi (cavabdeh) tərəfindən icarə haqqının 0,1 faizi həcmində cərimə ödənilir. Qeyd edilən bəndə əsasən, hazırkı dövrədək olan borcun məbləği 12000 manat və gecikdirilmiş günlər üzrə hesablanmış cərimənin məbləği 912 manat təşkil etmişdir. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 12 noyabr 2025-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanmış 23 noyabr 2024-cü il tarixli müqavilə istifadə müqaviləsi adlandırılsa da, tərəflər arasında faktiki olaraq icarə münasibətləri mövcud olmuşdur. Soyuducu kamera hazırda da cavabdehin istifadəsindədir. Soyuducu kameranın istifadəsi mövsümi xarakter daşıyır, yəni il ərzində yalnız 4 ay istifadə edilir. Həmin kamera əvvəldən eyni yerdə quraşdırılmışdır və hər il cavabdehə icarəyə verilir. Hətta yaxın zamanda cavabdeh həmin soyuducu kameranı öz mülkiyyətinə keçirəcəkdir. Lakin buna baxmayaraq, cavabdeh soyuducu kameranı istifadə etdiyi müddət üçün ödənişləri ödəməlidir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2024-cü il tarixli 04-İS/24 nömrəli ”Aqroservis” ASC-yə məxsus soyuducu kameranın istifadəyə verilməsi barədə müqavilənin 1.1-ci bəndinə əsasən, istifadəyə verən (iddiaçı) Quba rayonunda atmosfer kontrollu (qaz sistemli) soyuducu kameranı hər ay 3000 manat olmaqla, müvəqqəti istifadə üçün 4 ay müddətinə istifadəçiyə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə ümumi istifadə haqqı 12000 manat təşkil edir. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, istifadəçi (cavabdeh) müqavilə şərtlərinə tam uyğun qaydada istifadə haqqını ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, istifadəçi bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş istifadə haqqını istifadəyə verən tərəfindən müəyyən edilmiş hesablara ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, istifadə haqqı üzrsüz səbəbdən vaxtında ödənilmədikdə müəyyən edilmiş müddətdən keçən hər gün üçün istifadəçi tərəfindən icarə haqqının 0,1 faizi həcmində cərimə ödənilir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, tərəflər bu müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. İş materiallarında olan cavabdehin də iştirakı ilə tərtib edilmiş və onun tərəfindən imzalanmış 26 noyabr 2024-cü il tarixli Quba rayonu 2-Nügədi kəndi ərazisində quraşdırılmış atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera avadanlığının təhvil verilməsi barədə aktdan görünür ki, “Aqroservis" ASC-nin (əvvəlki “Aqrolizinq" ASC-nin) balansında olan, Quba rayonu 2-Nügədi kəndi ərazisində quraşdırılmış atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera avadanlığı işlənmiş və təyinatı üzrə yararlı vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 18 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 23 noyabr 2024-cü il tarixli 04-İS/24 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya qalıq borcunun məbləği 12000 manat məbləğində təşkil edir və 912 manat məbləğində cərimə hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsinin hüquqi təbiətinə uyğun olan 23 noyabr 2024-cü il tarixli 04-İS/24 nömrəli müqavilə bağlanmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı atmosfer kontrollu (qaz sistemli) soyuducu kameranı hər ay 3000 manat məbləğində ödəniş edilməsi şərtilə, müvəqqəti istifadə üçün 4 ay müddətinə cavabdehin istifadəsinə (icarəsinə) vermiş, cavabdeh isə müqavilə öhdəliklərinə tam riayət etməyərək həmin obyektin istifadəsi (icarəsi) ilə əlaqədar ödənişləri icra etməmiş və nəticədə onun iddiaçıya 12000 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 23 noyabr 2024-cü il tarixli 04-İS/24 nömrəli müqaviləyə əsasən cavabdehdən 12000 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 912 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 3.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 912 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 600 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan başqa, iş materiallarında olan 03 sentyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 128,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 127,8 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12000 manat məbləğində əsas borc, 600 manat məbləğində cərimə, 127,8 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12727,8 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində əsas borc, 600 (altı yüz) manat məbləğində cərimə, 127,8 (yüz iyirmi yeddi manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12727,8 (on iki min yeddi yüz iyirmi yeddi manat, səksən qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar