Məhkəmə qərarları › İş №e-2-2(119)-1857/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1857/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1857/2025 07.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Suleimanov Maftunun, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “pul tələbi" barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 36000 (otuz altı min) manat məbləğində əsas borc, 4392 (dörd min üç yüz doxsan iki) manat məbləğində cərimə və 211,18 (iki yüz on bir manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 40603,18 (qırx min altı yüz üç manat on səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 avqust 2024-cü il tarixli 01-İS/24 nömrəli müqaviləyə əsasən iddiaçıya məxsus quşçuluq kompleksi, müqaviləyə əlavədə göstərilən 6 dəst broyler saxlama və yetişdirmə avadanlıqları cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Həmin müqavilə üzrə sözügedən 6 dəst broyler saxlamanın və yetişdirmə avadanlıqlarının istifadə edilməsinə görə bir il müddətinə, hər ay 4000 (dörd min) manat olmaqla, ümumilikdə 48000 (qırx səkkiz min) manat məbləğində haqq müəyyən olunmuşdur. Cavabdeh müqavilə üzrə iddiaçıya 12000 (on iki min) manat məbləğində ilkin odəniş ödəniş etmiş, onun 36000 (otuz altı min) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən istifadə haqqı üzürsüz səbəbdən vaxtında ödənilmədikdə müəyyən edilmiş müddətdən keçən hər gün üçün istifadəçi tərəfindən icarə haqqının 0,2 faizi həcmində cərimə ödənilir. Buna əsasən hazırkı dövrədək olan əsas borcun məbləği 36000 (otuz altı min) manat və gecikdirilmiş günlər üzrə hesablanmış cərimənin məbləği isə 4392 (dörd min üç yüz doxsan iki) manat təşkil etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Suleimanov Maftun iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiyini bildirib izahatında qeyd etmişdir ki, müqavilədə göstərilən obyektin istifadəyə götürülməsinə qədər həmin ərazidə uzun müddət fəaliyyət olmadığından ərazi istifadəyə yararsız olmuş və iddiaçı tərəfindən cavabdehə tam yararlı vəziyyətdə təhvil verilməmişdir. İcarə haqqının məbləği razılaşdırılan zaman iddiaçıya çatışmazlıqların olduğu deyilmiş, iddiaçı isə gələcəkdə icarə haqqının məbləğini yenidən nəzərdən keçirəcəklərini bidirmişdir. Tərəflər şifahi danışıqlar aparıb icarə haqqını 4000 manatdan 2000 manata endirmiş, bundan sonra istifadəyə verilən kompleksin və avadanlıqların yaxşılaşdırılmasına cavabdeh tərəfindən 100.000 manata yaxın vəsait qoyulmuşdur. Aparılan yaxılaşdırma işləri sonradan icarə verənin xeyrinə qalacağından icarə haqqını 1500 manata qədər azaldılması xahiş edilmiş, lakin iddiaçı əvvəldən razılaşdırılan 2000 manata da razı olmadığını bildirmişdir. Cavabdeh istifadəyə verilən kompleksdə əlavə tikinti, quraşdırma işləri aparmamış, yalnız avadanlıqları, habelə elektrik və axın xətlərində ciddi problemlər olduğu üçün onları dəyişmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan istifadəyə verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə istifadəçi Cavabdeh arasında bağlanmış 14 avqust 2024-cü il tarixli 01-İS/24 nömrəli avadanlıqların istifadəyə verilməsi barədə müqaviləyə əsasən istifadəyə verən ona məxsus Samux rayonu, Sərkar kəndi ərazisində quraşdırılmış quşçuluq kompleksini, bu müqaviləyə əlavədə göstərilən 6 dəst broyler saxlama və yetişdirmə avadanlıqlarını bir il müddətinə istifadəçinin istifadəsinə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə aylıq ödəniş 4000 (dörd min) manat (vergi və rüsum xaric) olmaqla, 1 illik ümumi istifadə haqqı 48000 (qırx səkkiz min) manat (vergi və rüsum xaric) təşkil edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən 1 (bir) ay ödənişə möhlət verilir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istifadəçi bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş məbləğdə istifadə haqqını hər növbəti ayın 1-dək ödənilməsini təmin edir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən istifadəçi istifadəyə verənin razılığı olmadan istifadəyə götürülmüş avadanlıq kompleksində heç bir əlavə tikinti və quraşdırma işləri aparmır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən istifadə haqqı vaxtında ödənilmədikdə müəyyən edilmiş müddətdən keçən hər gün üçün istifadəçi tərəfindən istifadə haqqının 0,2 faizi həcmində cərimə ödənilir. İş materiallarında olan "Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 15 avqust 2024-cü il tarixli broyler saxlama və yetişdirmə avadanlıqlarının təhvil-təslimi aktından görünür ki, Samux rayonu ərazisində quraşdırılmış 6 dəst broyler saxlama və yetişdirmə avadanlıqları tam saz və işlək vəziyyətdə Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 18 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 14 avqust 2024-cü il tarixli 01- İS/24 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12000 manat məbləğində ödəniş etmiş, onun 36000 manat məbləğində əsas borcu, 4392 manat məbləğində cərimə borcu qalmışdır. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 20 avqust 2024-cü il tarixli qüsur aktında göstərilir ki, Cavabdeh Samux rayonu ərazisində yerləşən toyuq termolarına baxış keçirilmiş və aktda qeyd olunan elektrik avadanlıqlarının və ehtiyyat hissələrinin alınıb quraşdırılması vacib bilinmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 21 avqust 2024-cü il tarixli alış aktında göstərilir ki, müəssisəyə baxış keçirildikdən sonra aktda göstərilən 81087 manat məbləğində müxtəlif ehtiyat hissələri topdan və pərakəndə satış məntəqələrindən alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (istifadəyə verən) kirayəçiyə (icarəçiyə) istifadəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi istifadəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 14 avqust 2024-cü il tarixli 01-İS/24 nömrəli avadanlıqların istifadəyə verilməsi barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən istifadəyə verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona məxsus Samux rayonu, Sərkar kəndi ərazisində quraşdırılmış quşçuluq kompleksini, 6 dəst broyler saxlama və yetişdirmə avadanlıqlarını tam saz və işlək vəziyyətdə istifadəçi Cavabdehnə təhvil vermişdir. İddiaçı müqavilədən irəli gələn üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh istifadə haqqını tam və vaxtında ödəməməklə, öhdəliklərini lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı istifadəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında istifadə haqqının iddiaçıya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında avadanlıqların istifadəyə edilməsinə barədə dair hüququndan istifadə etmiş olsa da, istifadə haqqını tam ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, iddiaçı sözügedən müqavilə üzrə ödənilməmiş istifadə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə məhkəmə hesab edir ki, 14 avqust 2024cü il tarixli 01-İS/24 nömrəli avadanlıqların istifadəyə verilməsi barədə müqavilə üzrə Cavabdeh tərəfindən ödənilməmiş 36000 (otuz altı min) manat məbləğində əsas borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 4392 (dörd min üç yüz doxsan iki) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1800 (min səkkiz yüz) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “211,18 (iki yüz on bir manat on səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 203,4 (iki yüz üç manat qırx qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, Cavabdehndən 203,4 (iki yüz üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 36000 (otuz altı min) manat məbləğində əsas borc, 1800 (min səkkiz yüz) manat məbləğində cərimə və 203,4 (iki yüz üç manat qırx qəpik) manat məbləğidə dövlət rüsumu olmaqla, cəmi 38003,4 (otuz səkkiz min üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdehndən 36000 (otuz altı min) manat məbləğində əsas borc, 1800 (min səkkiz yüz) manat məbləğində cərimə və 203,4 (iki yüz üç manat qırx qəpik) manat məbləğidə dövlət rüsumu olmaqla, cəmi 38003,4 (otuz səkkiz min üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar