Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1907/2025 24.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 28 dekabr 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borcun silinməsi və cavabdehdən 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Quba X8 əməkdaşları 28 dekabr 2024-ci il tarixində iddiaçıya məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən iaşə (Gülüstan restoran) obyektində yoxlama apararaq ******* nömrəli akt əsasında restoranda istifadə olunan qaz avadanlıqlarının gücü sayğacın maksmal qaz buraxma həddindən 13.4 m3 çox olması səbəbi ilə 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində əsassız borc yazmışlar. Yoxlama aparıldıqdan sonra iddiaçının hüquqi savadsızlığından istifadə edilərək ona həmin yoxlama aktına imza çəkdirmişlər. Cavabdeh tərəfindən təxminən 2025-ci ilin fevral ayında iddiaçıya 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borcun olması ilə bağlı bildiriş göndərilmişdir. X2 əməkdaşları tərəfindən tərtib edilmiş yoxlama sənədlərindən görünür ki, cavabdehin nümayəndələri iddiaçıya məxsus sahibkarlıq obyektinə kənar xətt olması ilə bağlı yoxlama aparmaq məqsədi ilə gəlsələr də, kənar xətt tapılmadığından sayğacın gücündən əlavə istifadə güc sərf olunması səbəbi ilə akt tərtib edərək borc hesablamışlar. Həmin borc məbləği əsassız hesablandığından bu barədə Cavabdehnə pretenziya ilə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Cavabdeh 28 oktyabr 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək İddiaçı tərəfindən verilmiş iddianın əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ X3 RQİİ-nin Quba xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “Gülüstan” ictimai iaşə obyektinin sahibi İddiaçı Quba şəhəri, Heydər Əliyev prospekti 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsində əhaliyə ictimai iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndində qeyd edilir ki, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport gostəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Qaydaların 3.4.1-ci bəndi istehlakçıya özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirməyi qadağan edir. İddiaçı müqavilə öhdəliklərinə və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan restoranda quraşdırılmış Zenner tipli G-6T markalı, **********7 nömrəli mexaniki qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 23,4 m3/saat olduğu müəyyən edilmişdir. Yəni, həmin qaz sayğacı hər saatda sayğacdan keçən 13,4 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 14472 m3 və ya 3618 manat hesablanmışdır. “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Quba şəhəri Heydər Əliyev prospekti 33 ünvanında yerləşən “Gülüstan” ictimai iaşə obyektinin sahibi İddiaçı rastoranında qaz xəttinin üstündə quraşdırılmış qaz sayğaclarına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istrismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, layihə sənədlərində və müqavilədə 1 ədəd qaz plitəsi PQ-4, 1 ədəd kombi, 1 ədəd düz axımlı su qızdırıcısı nəzərdə tutulduğu halda, faktiki olaraq həmin restoranda layihədən əlavə saatda 13,4 m3 artıq qaz sərf edən digər qaz işlədici cihazlar-1 ədəd restoran tipli PQ-6, 1 ədəd 55 KW-lik kombi, 1 ədəd PQ2, 1 ədəd axımlı su qızdırıcısı quraşdırılmışdır. Həmin Qərarın 6.5 bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan KY242264799 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, Cavabdeh təfərindən İddiaçı məxsus sahibkarlıq obyektində başlama tarixi 24 dekabr 2024-cü il, qurtarma tarixi 26 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi kimi qeyd edilmişdir. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli yoxlama aktından görünür ki, Cavabdeh nümayəndələri İddiaçı məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən sahibkarlıq obyektində yoxlama aparmış, müsəsisədə quraşdırılan qaz qurğularının gücünün sayğacın maksimal qaz buraxma həddindən çox olması müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda müəssisədə istifadə olunan qaz cihazlarının gücü sayğacın maksimal qaz buraxma həddindən 13,4 m3 çox olduğu, İSS-də quraşdırılmış qaz qurğularından əlavə qurğular quraşdırıldığı qeyd olunmuşdur. İSS-də quraşdırılmış qaz qurğularından əlavə qurğuların şəbəkədən ayrılması, itirilmiş qaz sərfinin hesablanması və dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 23,4 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq qaydaların 6.5-2-ci yarımbəndinə uyğun hesabat forması 23,4- 3 10=13,4x12x90=14472 m olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı 14472 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2025-ci ilin yanvar ayında akt əsasında İddiaçı məxsus **********00000 nömrəli abonent koduna 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyinin Xaçmaz filialının 27 noyabr 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh Xaçmaz RQİİ-si tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012ci il 12 may tarixli “Qazdan istifadə Qaydaları” haqqında 80 nömrəli Qərarına 3 nömrəli əlavənin Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 24 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda qeyd olunmuş qaz cihazlarının eyni vaxtda işləməsini göstərən (sübut edən) video görüntü olmadığından artıq sərfiyyatı dəqiqləşdirmək mümkün olmamışdır. Bundan başqa “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda sərfiyyatın aşılması və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən sahibkarlıq obyektinə sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin obyektdə quraşdırılan “G-6” markalı qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfinin 23,4 m3/saat olduğu müəyyən edilmişdir. Qaz sayğacının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması ilə əlaqədar iddiaçıya 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində dəymiş ziyanla bağlı borc hesablanmışdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin 27 noyabr 2025-ci il mütəxəssis rəyi almış, həmin rəydə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 may tarixli “Qazdan istifadə Qaydaları” haqqında 80 nömrəli Qərarına 3 nömrəli əlavənin Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələblərinin pozulduğu, eyni zamanda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda və Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda sərfiyyatın aşılması və yaxud güc artımı ilə bağlı dəymiş ziyanın hesablanmasının nəzərdə tutulmadığı qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi tərəfindən verilmiş 27 noyabr 2025-ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi əsas götürülərək Cavabdeh tərəfindən İddiaçı məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) 28 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borc məbləği silinməlidir. İddia tələbinin “ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) 28 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borc silinməlidir. Eyni zamanda Cavabdehndən 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) 28 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində borc silinsin. Cavabdehndən 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1907/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1907/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver