Məhkəmə qərarları › İş №e-2-2(119)-211/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-211/2024

01.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-211/2024 01.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “daşınmaz əmlakdan çıxarılma və həmin əmlakın təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “daşınmaz əmlakdan çıxarılma və həmin əmlakın təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, sahəsi 1570 kv.m olan qeyri-yaşayış sahəsindən və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən çıxarılması, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddia ərizəsində hər hansı müqavilə öhdəliyinin yerinə yetirilməsi ilə bağlı tələbi irəli sürülməmişdir. Ümumiyyətlə, tərəflər arasında bağlanmış icarə müqaviləsi mülki qanunvericiliyin tələblərinə zidd tərtib edilmiş, həmin müqavilə notarial qaydada təsdiq olunmamış və daşınmaz əmlak üzərində icarə hüququ dövlət qeydiyyatına alınmamışdır. İddia ərizəsində tələb kimi müəyyən edilən daşınmaz əmlakdan çıxarılma mülkiyyət hüququna toxunduğuna görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad edilməklə müstəsna aidiyyət üzrə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Qeyd olunanlara əsasən o, işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, hazırkı iddiaya cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, kommersiya işi ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanılmış 05 aprel 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən ünvan 1 ünvanında yerləşən, daimi istifadəsinə verilmiş ümumi sahəsi 1570 kv.m olan qeyriyaşayış sahəsini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi, icarəçi icarə obyektini qəbul edib əvəzində icarəyəverənə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir və icarə müddəti 10 il müəyyən edilir. Göründüyü kimi, tərəflər arasında 05 aprel 2019-cu il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və həmin müqaviləyə əsasən İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1570 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verilmişdir. Tərəflər arasında olan hazırkı mübahisə onların arasında yaranmış müqavilə münasibətlərindən irəli gəldiyi üçün məhkəmə hesab edir ki, hazırkı kommersiya işinə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasından və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllə ünvanında rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına əsasən Bakı şəhəri, Xətai rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir - 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 35,44, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “daşınmaz əmlakdan çıxarılma və həmin əmlakın təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar