Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-212/2024 19.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı X tərəfindən cavabdeh Mənzil Tikinti Koorperativinə qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı X “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Mənzil Tikinti Koorperativinə qarşı “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək məhkəmədən iddiaçı ilə cavabdeh arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” 28 aprel 2015-ci il tarixli 8 nömrəli müqaviləyə əsasən cavabdehdən 2022-ci il üçün 3563,49 (üç min beş yüz altmış üç manat, qırx doqquz qəpik) manat məbləğində tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və mediasiya xərci olaraq ödənilmiş 70 (yetmiş) manat pul vəsaitinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən tərtib olunaraq iş materiallarına əlavə edilmiş və məhkəməyə təqdim olunmuş cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədin məzmunundan görünür ki, iddiaçı pretenziya qaydasında məktubla cavabdehə müraciət edərək hesablanmış borcun 10 gün ərzində ödənilməsini xahiş etmiş, bu baş vermədiyi təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş, həmin pretenziya məktubunun və iddia ərizəsinin cavabdehə elektron qaydada göndərilməsini təsdiq edən "Onlayn kargüzarlıq” sənədindən görünür ki, hər iki sənəd 18 yanvar 2024-cü il tarixində cavabdehə göndərilmiş, eyni zamanda hazırkı iddia ərizəsi də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə eyni tarixdə, yəni 18 yanvar 2024-cü il tarixində məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçı hazırkı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsi barədə vermiş olduğu pretenziya müraciətinin nəticəsini özünün müəyyən etdiyi 10 (on) gün müddətində gözləməyərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənəddə göstərilən müddəti (yuxarıda istinad edilən məktuba əsasən 10 gün) gözləmədən elə həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu isə mübahisənin məhkəməyə qədər nizama salınmasının mümkünlüyünü istisna edən haldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Təsvir olunanlara əsasən məhkəmə, həmçinin qeyd etməyi zəruri bilir ki, iş materiallarına pretenziya məktubunun cavabdehə göndərilməsini təsdiq edən, üzərində xx.xx.2023-cü il tarixi qeyd edilmiş poçt xəbərnaməsi əlavə edilsə də, Mülki Prosessual Məcəllənin yuxarıda istinad olunan 150.1.6-cı maddəsinin tələbinə əsasən, pretenziya məktubu cavabdehə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilməli (göndərilməli) olduğundan, həmin xəbərnamə sənədin cavabdehə lazımi qaydada göndərilməsini təsdiq edən sənəd hesab edilmir. Belə ki, Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və bu sənədin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.6-cı maddəsində imperativ qaydada təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Beləliklə, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməsinə baxmayaraq, mübahisənin həlli üçün həmin sənəddə nəzərdə tutulmuş müddət başa çatmadığından hazırkı vəziyyətdə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı tərəfindən Cavabdeh Mənzil Tikinti Koorperativinə qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişin tutulması” barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-212/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-212/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver