Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-218/2022 14.03.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, ərizəçi (borclu) Ərizəçi nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun, maraqlı şəxs (kreditor) Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ərizəçi (borclu) Ərizəçi tərəfindən verilmiş “müflis elan olunma” barədə ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi (borclu) Ərizəçi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə maraqlı şəxslər (kreditorlar) qismində Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyətini və Azərbaycan Respublikası Maraqlı şəxs2 göstərməklə, “müflis elan olunma barədə” ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin müflis elan edilməsi və Cəmiyyətin iflas prosesinə başlanılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi (borclu) Ərizəçi tərəfindən həmin ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi təşkilati-hüquqi formasında Azərbaycan Respublikası Vergilər Nazirliyində 15 avqust 2017-ci il tarixli X1 Reyestrindən Çıxarışına əsasən 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmaqla, Cəmiyyətin adına ********** №-li VÖEN verilmişdir. "xxxx" MMC-nin yarandığı vaxtdan əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınması tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazə (lisenziya) aldıqdan sonra məşğul ola bilməsindən və spirtli içkilərin idxalından ibarət olmuşdur (Cəmiyyətin Nizamnaməsinin 3-cü bəndi). Cəmiyyətin 2021-ci ilin sonuna olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi və digər ödənişlərə görə borcu yoxdur. Bununla belə, Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 03 sentyabr 2019-cu il tarixli 030CRLN19000010-5 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 36 ay müddətinə illik 15,18% olmaqla ******* (bir milyon bir yüz səksən dörd min doqquz yüz səksək beş) manat məbləğində kredit ayrılmış və həmin kredit məbləğindən 560000 manat borc ödənilmiş olsa da, qalan məbləğin ödənilməsi maliyyə çətinlikləri ilə bağlı mümkünsüz olmuşdur. Həmçinin, Abşeron rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 3(012)-1218/2021 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın obyekti olan malların dəyərinin, yəni 1700890,48 (bir milyon yeddi yüz min səkkiz yüz doxsan manat 48 qəpik) manatın 30 faizi (yəni 500000 manat) məbləğində cərimə edilməsi qərara alınmışdır. Lakin, yuxarıda göstərilən borc məbləğlərinin ödənilməsi ilə əlaqədar Cəmiyyətin balansında hər hansı əmlakı olmadığı üçün "xxxx" MMC həmin borc məbləğlərini ödəmək qabiliyyətində deyildir. Sadalanan əsaslara görə ərizəçi hesab edir ki, "xxxx" MMC müflis elan edilməli və Cəmiyyətin iflas prosesinə başlanmalıdır (Bundan sonra ərizədə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59-cu maddəsinin tələblərinə istinad olunur). Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli e-2-2(113)-6060/2021 nömrəli qərardadı ilə ərizəçi (borclu) "xxxx" MMC-nin “müflis elan olunma” barədə ərizəsinə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra maraqlı şəxs (kreditor) Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən 04 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “müflis elan olunma” barədə ərizəyə qarşı yazılı “Etiraz” təqdim edilərək, ərizəçi (borclu) Ərizəçi “müflis elan olunma” barədə ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, ərizəçi “müflis elan olunma” barədə ərizəsində bütün məlum kreditorların ərizəçiyə qarşı irəli sürdüyü tələblərin məbləğlərini və iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumatları göstərməmişdir. Halbuki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin “c” bəndinə əsasən bütün məlum kreditorların adları, poçt ünvanları və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri və “ç” bəndinə əsasən isə borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumatlar iflas haqqında məhkəməyə verilən ərizədə göstərilməlidir. Məlumat üçün bildirilir ki, ərizəçinin Maraqlı şəxs1 ASC-yə 03 sentyabr 2019-cu il tarixli 030CRLN19000010-5 saylı Kredit müqaviləsi üzrə cəmi 1166410,16 (bir milyon bir yüz altmış altı min dörd yüz on manat 16 qəpik) manat, 20 noyabr 2019-cu il tarixli 030CRLN19000010-6 saylı Kredit müqaviləsi üzrə cəmi 47285,93 (qırx yeddi min iki yüz səksən beş manat 93 qəpik) manat, 27 noyabr 2019-cu il tarixli 030CRLN19000010-7 saylı Kredit müqaviləsi üzrə cəmi 333048,59 (üç yüz otuz üç min qırx səkkiz avro 59 sent) avro və 31 yanvar 2020-ci il tarixli 030CRLN19000010-8 saylı Kredit müqaviləsi üzrə cəmi 66854,90 (altmış altı min səkkiz yüz əlli dörd manat 90 qəpik) manat məbləğində ödənilməmiş borcları vardır. Bununla bağlı Bakı Kommersiya Məhkəməsində iddia ərizəsi verilmişdir və hal-hazırda işə baxılır. Ərizəçinin kredit borcundan isə 540000 (beş yüz qırx min) manat deyil, pandemiya dövrünü əhatə edəcək olan 01 mart 2020 – 14 oktyabr 2021-ci il tarixləri arasında ərizəçinin hesabına daxil olan cəmi 310531,95 (üç yüz on min beş yüz otuz bir manat 95 qəpik) manat vəsaitin sadəcə 290700,08 (iki yüz doxsan min yeddi yüz manat 08 qəpik) manat hissəsi kredit müqavilələri üzrə öhdəliklərin icrasına yönəldilmişdir. Geri qalan vəsait isə ərizəçinin dövlət büdcəsinə olan borclarınin ödənilməsi məqsədi ilə müvafiq qurumlardan daxil olan sərəncamlar və onların ödənişi üzrə komissiya xərcləri üçün qanunvericiliyə əsasən ödənilib. Xüsusilə qeyd edilir ki, ərizəçi "xxxx" MMC 20 noyabr 2019-cu il, 27 noyabr 2019cu il və 31 yanvar 2020-ci il tarixlərində istifadə edilmiş olan məbləğlər dövriyyə vəsaitinin artırılması üçün, 03 sentyabr 2019-cu il tarixindəki ******* (bir milyon yüz səksən dörd min doqquz yüz səksən beş) manat məbləğindəki kredit isə mövcud krediti tam və ya qismən yenidən maliyyələşdirilməsi üçün götürmüş və həmin kredit məbləğləri əsasında sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. Ərizəçinin sahibkarlıq fəaliyyətində aktiv iştirakı öz ərizəsindəki işin halları ilə də sübut olunur. Belə ki, ərizəçi ərizəsində göstərir ki, “həmçinin, Abşeron rayon məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 3(012)-1218/2021 saylı qərarı ilə “Fermer İ 39" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın obyekti olan malların dəyərinin, yəni 1700890,48 (bir milyon yeddi yüz min səkkiz yüz doxsan manat 48 qəpik) manatın 30 faizi (yəni, 500000 manat) məbləğində cərimə edilməsi qərara alınmışdır". Ərizəçinin 1700890,48 (bir milyon yeddi yüz min səkkiz yüz doxsan manat 48 qəpik) manat dəyərində əmlakın ölkəyə gətirilməsi də, artıq müəyyən olunmuş məbləğ həddində "xxxx" MMC-nin əmlakının olmasını sübut edir və belə halda ərizəçi müflis hesab edilə bilməz (Bundan sonra Etirazda “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 3-cü və 11-ci maddələrinin tələblərinə istinad olunur). Həmçinin, ətraflı araşdırma zamanı müəyyən olunur ki, ərizəçi "xxxx" MMC-nin müflisləşmə proseduruna başlanılması kreditorların hüquqlarının pozulması və qanuni qüvvəyə minmiş Abşeron rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 3(012)-l 218/2021 saylı qərarının, o cümlədən hazırda Bakı Kommersiya Məhkəməsində baxılan və kredit öhdəlikləri üzrə Maraqlı şəxs1 ASC-nin qarşılıqlı iddia tələbinin təmin olunduğu halda, çıxarılan qətnamənin icra olunmaması ilə nəticələnəcəkdir. Göründüyü kimi, ərizəçinin kreditorların borcunu ödəmək əvəzinə, hazırda özünün müflisləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsinə cəhd etməsi, yuxarıda qeyd edilən öhdəliklərin icrasını mümkünsüz edir. Bundan əlavə, “müflis elan olunma” barədə ərizənin təmin olunması ərizəçinin qanunla müəyyən edilmiş imkanlardan sui-istifadəyə gətirib çıxara bilər ki, bu da həm kreditorların mənafeyi baxımından, həm də mülki qanunvericiliyin tələblərinə görə yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə müvafiq olaraq hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Ərizəçi həm də iflas prosesinin başlanması üçün borcun mövcud olması və ödənilməməsi faktı ilə deyil, hansı səbəbdən ödənilməməsi, borcun ödənilməməsinin həqiqətən ərizəçinin iradə ifadəsindən asılı olmaması, təsərrüfat fəaliyyəti nəticəsində maliyyə vəziyyətinin pisləşdiyini sübut etməlidir. Hazırkı halda isə ərizəçinin kreditorlarına ödənişlərin həyata keçirilməsinin hansı səbəbdən mümkün olmadığını müəyyənləşdirməyə imkan verən sübutlar təqdim edilmədiyindən, bu məsələyə hüquqi qiymət verilməsi mümkün deyildir. Digər tərəfdən ərizəçi məhkəməyə 2021-ci il üzrə Cəmiyyətin maliyyə vəziyyətini əks etdirən, qanunvericiliyin tələblərinə uyğun tərtib və lazımi qaydada təsdiq olunmuş maliyyə hesabatı təqdim etməmişdir. 2021-ci il üzrə Ərizəçinin maliyyə hesabatı üzrə mühasibat balansını, mənfəət və zərər haqqında hesabatını, kapitalda dəyişikliklər və pul vəsaitinin hərəkəti haqqında hesabatları müəyyən etmək mümkün olmur. Bu o deməkdir ki, hazırki il üzrə ərizəçi özünün maliyyə vəziyyətini əks etdirən mötəbər sübutlara malik deyil (Bundan sonra Etirazda “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə istinad olunur). Avropa Məhkəməsi "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Ərizəçinin məhkəməyə təqdim etdiyi “Maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatları və X3”nin 4-cü səhifəsində ərizəçinin 2020-ci il üzrə 258204 manat ticarət və digər kreditor-debitor borclarının, yəni müxtəlif ticarət subyeklərindən alacaqları 258204 manatın, habelə ərizəçinin ******* manat digər aktivlərinin (pul vəsaiti, daşınar və daşınmaz əmlaklar) olması sübut olunur. Bu özüözlüyündə bir daha onu göstərir ki, hazırkı halda ərizəçinin müflis elan olunması üçün əsaslar yaranmamışdır. Beləliklə, maraqlı şəxs (kreditor) Maraqlı şəxs1 ASC işin hallarına və qüvvədə olan maddı və prosessual hüququ normalarına, habelə iş üzrə sübutlara əsaslanaraq, hesab edir ki, “ərizəçi "xxxx" MMC-nin müflis hesab edilməsi və Cəmiyyətin iflas prosesinə başlanılması” barədə tələbi əsassız və qanunsuz olduğu üçün təmin olunmamalıdır. Ərizəçi (borclu) Ərizəçi “müflis elan olunma” barədə ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxış iclasına ərizəçinin (borclunun) nümayəndəsi Nümayəndə1 və maraqlı şəxs (kreditor) Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 gəlmiş olsalar da, məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, maraqlı şəxs (kreditor) Azərbaycan Respublikası Maraqlı şəxs2 nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxs (kreditor) Azərbaycan Respublikası Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi (borclu) Ərizəçi nümayəndəsi Nümayəndə1 “müflis elan olunma” barədə ərizəni müdafiə edib, həmin ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsi və hüquqi şəxs Ərizəçi müflis elan edilməsi və Cəmiyyətin iflas prosesinə başlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs (kreditor) Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 “müflis elan olunma” barədə ərizəni qəbul etmədiyini bildirib, ərizəyə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün Ərizəçi “müflis elan olunma” barədə ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, “müflis elan olunma” barədə ərizəni, həmin ərizəyə qarşı maraqlı şəxs (kreditor) Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “müflis elan olunma” barədə ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, nizamnamə kapitalı 10 (on) manat məbləğində olan hüquqi şəxs Ərizəçi 15 avqust 2017-ci ildə dövlət qeydiyyatına alınmaqla təsis olunmuş və Nizamnaməsində nəzərdə tutulan digər fəaliyyətlərlə yanaşı, spirtli içkilərin ölkəyə idxalı sahəsində də fəaliyyət göstərmişdir. "xxxx" MMC sahibkarlıq və kommersiya xarakterli fəaliyyəti ilə əlaqədar müvafiq qaydada bağlanmış kredit müqavilələri əsasında Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyətindən kredit olaraq pul vəsaitləri almış və spirtli içkilər idxal etmişdir. Lakin, "xxxx" MMC almış olduğu kreditləri müvafiq qaydada qaytarmamaqla, Bank qarşısında götürmüş olduğu öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Bundan əlavə, Abşeron rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 3(012)-1218/2021 nömrəli qərarı ilə Ərizəçi spirtli içkilər ölkəyə idxal edərkən gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati məsuliyyətin təsbit olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin inzibati xətanın obyekti olan 1700890,48 (bir milyon yeddi yüz min səkkiz yüz doxsan manat 48 qəpik) manat məbləğində spirtli içkilərin dəyərinin 30 faizi, yəni 500000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bundan sonra, yəni 19 noyabr 2021-ci ildə təsisçinin qəbul etmiş olduğu qərarla yaranmış maliyyə problemləri ilə əlaqədar borclu "xxxx" MMC-nin faktiki olaraq iflas olması və yuxarıda qeyd edilən borc və cərimə məbləğlərini ödəmək iqtidarında olmaması nəzərə alınaraq, Cəmiyyətin müflis elan edilməsi və iflas prosesinə başlanması üçün aidiyyəti məhkəməyə müvafiq qaydada ərizə təqdim edilməsi qərara alınmış və həmin Qərara əsasən 24 noyabr 2021-ci ildə hazırkı “müflis elan olunma” barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Həmin ərizəyə "xxxx" MMC-nin “31 dekabr 2019-cu il və 31 dekabr 2020-ci il tarixlərində bitən illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun hazırlanmış maliyyə hesabatları və X3” əlavə olunmuş və eyni zamanda, məhkəmə prosesi zamanı ərizəçi (borclu) "xxxx" MMC-nin nümayəndəsi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilrək, müflis elan edilməsi və iflas prosesinə başlanması üçün ərizə verilmiş borclu "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini həyata keçirmək və qanunla müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək məqsədilə ali təhsilli hüquqşünas X2 Cəmiyyətin əmlak inzibatçısı vəzifəsinə təyin edilməsi təklif olunmuşdur. Göründüyü kimi, ərizəçi (borclu) Ərizəçi 2017-ci ildə təsis edildikdən sonra qısa bir müddət ərzində kredit verən Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyətindən kredit şəklində borc alaraq, həmin borcu lazımi qaydada qaytarmayaraq, kredi öhdəliklərini yerinə yetirməməklə və eyni zamanda, spirtli içkilər ölkəyə idxal edərkən Gömrük qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməkdə təqsirli bilinərək, inzibati tənbeh tədbiri qismində cərimə edildiyi üçün müvafiq olaraq kredit verən Bank qarşısında və inzibati cərimənin ödənilməli olduğu Dövlət Büdcəsi qarşısında borclanmışdır. Lakin, qeyd olunan kredit borcunu qaytarmaq və inzibati tənbeh tədbiri olaraq tətbiq edilmş cəriməni ödəmək istiqamətində müvafiq qaydada fəaliyyət göstərmək əvəzinə, Ərizəçi “müflis elan edilməsi və Cəmiyyətin iflas prosesinə başlanılması” üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63-cü maddəsinin tələblərinə görə, hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər və hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası müvafiq olaraq “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərinə görə, iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir və bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Həmin Qanunun 11-ci maddəsinin tələblərinə görə, iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq olaraq - a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə - qərarlardan hər hansı birini çıxara bilər (1-ci hissə) və eləcə də, qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa, borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə, məhkəmə borclunu müflis elan etməkdən imtina edə bilər (3-cü hissə). Beləliklə də, yuxarıda qeyd olunan halları və tədqiq olunan sənədləri nəzərə almaqla, Qanunvericiliyin tələblərinə və iş materiallarında olan sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı ərizəçi (borclu) Ərizəçi kredit müqavilələri üzrə yaranmış borc öhdəliklərini və spirtli içki idxalı zamanı Gömrük qanunvericiliyinin pozulması ilə əlaqədar törətmiş olduğu inzibati xətaya görə inzibati tənbeh olaraq tətbiq olunmuş cəriməni ödəmək qabiliyyətinin olmayan sayılması üçün kifayət qədər əsaslar olmadığından və eləcə də, onun ümumilikdə ödəmə qabiliyyətinin olmayan sayılması üçün kifayət qədər sübutlar olmadığından “"xxxx" MMC-nin müflis elan edilməsi və Cəmiyyətin iflas prosesinə başlanılması” barədə ərizə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ödəmə qabiliyyəti olmayan sayılması üçün "Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əsaslar mövcud olmadığından ərizəçi (borclu) Ərizəçi “müflis elan olunma” barədə ərizəsi, yəni “ "xxxx" MMC-nin müflis elan edilməsi və Cəmiyyətin iflas prosesinə başlanılması” barədə ərizəsi təmin edilməməlidir. Eləcə də, ərizə təmin edilmədiyindən, məhkəmə xərcləri ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (borclu) Ərizəçi tərəfindən verilmiş “müflis elan olunma” barədə ərizə təmin edilməsin. Məhkəmə xərcləri ərizəçinin özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-218/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-218/2022
14.03.2022 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver