Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2236/2025 18.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 71195,95 (yetmiş bir min yüz doxsan beş manat, doxsan beş qəpik) manat məbləğində əsas borcun və 303,6 (üç yüz üç manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh istifadə edilən təbii qazın dəyərinin vaxtında ödənilməsi barədə üzərinə öhdəlik götürsə də, müqavilə öhdəliklərinə əməl etməyərək istifadə edilən qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 30 iyun 2025-ci il tarixinə iddiaçıya 71195,95 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi üçün cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli AMX-6012/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə ilə müəyyən edilir ki, cavabdehin Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən sahibkarlıq obyektində (abonent kodu: **********00090) müvafiq qaydada G-1000 markalı 83045815 nömrəli qaz sayğacı quraşdırılmaqla təbii qazla təchiz edilmişdir. Həmin müqavilənin “Müqavilənin predmeti” adlanan 1-ci bəndində göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İş materiallarında olan abonentin saldosu ilə müəyyən olunur ki, cavabdehə məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən sahibkarlıq obyektində istifadə olunan təbii qaza görə 71195,95 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş 31 may 2025-ci il tarixdə tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, cavabdehin iddiaçıya 71195,95 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinin tələblərinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsinə uyğun olaraq 30 oktyabr 2019cu il tarixli AMX-6012/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmış, quraşdırılmış sayğac vasitəsilə iddiaçı (İddiaçı İB) cavabdehə (Cavabdeh) məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən yerləşən sahibkarlıq obyektini (abonent kodu: **********00090) həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq təbii qazla təchiz etmiş, cavabdeh isə qaz sayğacının göstəricilərinə uyğun olaraq istifadə etdiyi qazın dəyərini iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməli olsa da, həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun 71195,95 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, istifadə olunmuş təbii qaza görə 71195,95 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələb əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 303,6 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə, iş materiallarında olan 17 iyul 2025-ci il tarixli **********42 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 303,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia təmin edildiyindən 303,6 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 71195,95 manat məbləğində borc və 303,6 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 71499,55 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 71195,95 (yetmiş bir min yüz doxsan beş manat, doxsan beş qəpik) manat məbləğində borc və 303,6 (üç yüz üç manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 71499,55 (yetmiş bir min dörd yüz doxsan doqquz manat, əlli beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2236/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2236/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver