Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2301/2022 30.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı verilmiş iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" Mənzil Tikinti Kooperativinin tikdiyi bina ilə sakini olduqları Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 saylı ünvanda yerləşən binanın ümumi sərhədlərinin aralığında yerləşən ərazinin mülkiyyət aidiyyətinin müəyyənləşdirilməsi, eyni zamanda yaşadıqları binanın sakinlərinin həmin ərazidən ictimai yola nəqliyyat və piyada keçidlərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin tikdiyi bina ilə sakini olduqları Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 saylı ünvanda yerləşən binanın ümumi sərhədlərinin aralığında yerləşən ərazinin mülkiyyət aidiyyətinin müəyyənləşdirilməsi, eyni zamanda yaşadıqları binanın sakinlərinin həmin ərazidən ictimai yola nəqliyyat və piyada keçidlərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, hazırkı mübahisənin İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmur. İddiaçı qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik fiziki şəxs olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyi üçün hazırkı iddia ərizəsinə kommersiya məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndinə görə Mülki- Prosessual Məcəllənin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Beləliklə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, məhkəmə aidiyyəti qaydaları pozulmaqla verildiyinə görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qeyd edilən mübahisə ilə bağlı müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı tərəfindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı verilmiş iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2301/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2301/2022
30.12.2022 · Sair işlər - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver