Məhkəmə qərarları › İş №e-2-2(119)-2345/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2345/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2345/2025 18.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə X2 İnstitutunun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə X2 İnstitutu tərəfindən cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 8850 (səkkiz min səkkiz yüz əlli) manat məbləğində borc və 108,5 (yüz səkkiz manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8958,5 (səkkiz min doqquz yüz əlli səkkiz manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya müraciət edilərək 4-cü texniki dərəcəli, Şabran rayonunda Gəndab-Xaçmaz-Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10 və 12-ci km-dən giriş yolu olan Y-17- 17R-1 Günəşli, Y-17-20 r-1 Daşlıyataq avtomobil yollarının əsaslı təmir-tikintisində istifadə olunan tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında 04 aprel 2024-cü il tarixli 627/24/Yol nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 17700 manat məbləğində təşkil etmiş, 8850 manat (ƏDV daxil) manat məbləğində pul vəsaiti isə iddiaçının hesabına ödənilməmişdir. Mövcud problem uzun müddətdir ki, davam edir və iddiaçı təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması iddiaçının üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olur. Qeyd edilən hallar müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin qanuni təmsilçisi teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu və cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" MMC arasında bağlanmış 04 aprel 2024-cü il tarixli 627/24/Yol nömrəli sınaq işlərinin aparılmasına dair müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi (cavabdeh) uzunluğu 11 km olan, 4-cü texniki dərəcəli, Şabran rayonunda Gəndab-Xaçmaz-Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10 və 12-ci km-dən giriş yolu olan Y-17- 17R-1 (10 km) Günəşli, Y-17-20 R-1 (12km) Daşlıyataq avtomobil yollarının əsaslı təmirində istifadə olunacaq materialların sahə və laboratoriya şəraitində sınaq işlərinin aparılmasını tapşırır, icraçı (iddiaçı) isə həmin işlərin yerinə yetirilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, sifarişçi görülən işlərin müqabilində icraçıya 27 mart 2024-cü il tarixli smeta sənədi və 1 nömrəli qiyməti razılaşdırma protokolu əsasında razılaşdırılmış (ƏDV 18 % ilə birlikdə) - 17700 manat məbləğində ödənişi həyata keçirir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30 faizini avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icraçı tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvilqəbul aktı ilə qəbul edir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, müqavilə qiymətinin qalan hissəsinin (70 faizi) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvilqəbul aktına və hesab-fakturaya uyğun aparılır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, ödənişlər hesab-faktura daxil olan gündən 5 iş günü müddətində köçürmə yolu ilə, istisna hallarda nağd yolu ilə həyata keçirilir. Həmin müqavilənin 6.1.4-cü yarımbəndinə əsasən, icraçı tərəfindən yerinə yetirən işlərin (xidmətlərin) dəyərini bu müqavilənin 3.4-cü bəndinə uyğun olaraq ödəmək sifarişçinin vəzifəsidir. İş materiallarında olan iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu və cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" MMC arasında bağlanmış 04 aprel 2024-cü il tarixli 1 saylı X1 tikiləcək yolun torpaq yatağı əsasının və asfalt-beton örtüyünün tikintisində işlənilən materialların sınağının dəyərini (ƏDV 18 faizlə birlikdə) 17700 manat məbləğində olduğu qeyd edilmişdir. İş materiallarında olan “İV texniki dərəcəli, uzunluğu 11 km olan, Şabran rayonunda Gəndab-Xaçmaz-Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10 və 12-ci kilometrliyindən giriş yolu olan Y-17-17R-1(10 km) Günəşli, Y-17-20 R-1 (12 km) Daşlıyataq avtomobil yollarının əsaslı təmir işlərində istifadə olunan materialların sahə və laboratoriya şəraitində sınağı üçün” smeta sənədindən görünür ki, görüləcək işlərinin ümumi dəyərinin ƏDV ilə birlikdə 17700 manat məbləğində olduğu qeyd edilmişdir. İş materiallarında olan iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu və cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" MMC arasında bağlanmış yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün 12 iyul 2024-cü il tarixli 1352/24 nömrəli aktdan görünür ki, cavabdeh tərəfindən 04 aprel 2024-cü il tarixli 627/24/Yol nömrəli müqavilə üzrə ƏDV ilə birlikdə 8850 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 04 aprel 2024-cü il tarixli 627/24/Yol nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə cavabdeh tərəfindən 20 iyun 2024-cü il tarixdə 8850 (ƏDV ilə birlikdə) manat məbləğində ödəniş həyata keçirilmiş, cavabdehin 8850 (ƏDV ilə birlikdə) manat məbləğində borcu qalmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında sınaq işlərinin aparılmasına dair 04 aprel 2024-cü il tarixli 627/24/Yol nömrəli müqavilə bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı uzunluğu 11 km olan, 4-cü texniki dərəcəli, Şabran rayonunda Gəndab-Xaçmaz-Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10 və 12-ci km-dən giriş yolu olan Y-17-17R-1 (10 km) Günəşli, Y-17-20 R-1 (12km) Daşlıyataq avtomobil yollarının əsaslı təmirində istifadə olunacaq materialların sahə və laboratoriya şəraitində sınaq işlərinin həyata keçirilməsini, cavabdeh isə görülən işlərin dəyərini ödəməyi öhdəsinə götürmüş, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh göstərilən xidmətlərin dəyərini tam ödəməyərək müqavilə öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun iddiaçıya 04 aprel 2024-cü il tarixli 627/24/Yol nömrəli müqavilə üzrə cəmi 8850 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, cavabdehdən iddiaçının xeyrinə 8850 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bunlardan əlavə, iddia tələbinin 108,5 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 30 oktyabr 2025-ci il tarixli 46085782 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 108,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, iddia təmin edilyindən iddiaçı tərəfindən ödənilmiş 108,5 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, 8850 manat məbləğində bоrc, 108,5 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8958,5 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 8850 (səkkiz min səkkiz yüz əlli) manat məbləğində əsas borc və 108,5 (yüz səkkiz manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8958,5 (səkkiz min doqquz yüz əlli səkkiz manat, əlli qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar