Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2373/2025 08.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 569,5 ABŞ dolları (beş yüz altmış doqquz ABŞ dolları, əlli sent) məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 01 iyul 2020-ci il tarixdə XG-1684 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə 25 yanvar 2024-cü il tarixdə XG-1684/2020-1 nömrəli əlavə razılaşma imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi (cavabdeh) həvalə edir, icraçı (iddiaçı) isə inmarsat sistemi, o cümlədən beynəlxalq sahil radiostansiyaları vasitəsilə sifarişçinin obyektlərindən həyata keçirilən telekommunikasiyaya görə dəniz rabitəsi administrasiyaları və radioşirkətləri ilə hesablaşmaların təşkilini öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi təqdim olunmuş hesablara uyğun olaraq lazımi məbləği icraçının hesablaşma hesabına köçürür. Köçürülən məbləğ qeyd edilənlərdən ibarətdir: inmarsat sistemi, o cümlədən beynəlxalq sahil radiostansiyaları vasitəsilə sifarişçinin gəmilərindən həyata keçirilən telekommunikasiyaya görə dəniz rabitəsi administrasiyaları və radioşirkətlərinə verdiyi ödənişdən və dəniz rabitəsi administrasiyaları və radioşirkətləri ilə qarşılıqlı hesablaşmaların təşkili üçün çəkilən xərcləri örtmək məqsədilə dəniz rabitəsi xidmətinin göstərməsinə görə təqdim olunmuş ümumi məbləğin 30 faizi. İcraçının hesabına pul köçürərkən bank əməliyyatlarına görə xərcləri sifarişçi çəkir. İcraçıdan hesab alındıqdan sonra 10 təqvim günü ərzində sifarişçi ödənişi həyata keçirməyə borcludur. Müqavilənin 3.1-ci bəndinə əsasən, sifarişçinin gəmilərinə lazımi dəniz telekommunikasiyaya xidmətlərinin göstərilməsi məqsədilə beynəlxalq dəniz rabitəsi administrasiyaları və radioşirkətləri ilə əlaqə yaratmağı öhdəsinə götürür. Cavabdehlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 01 iyul 2020-ci il tarixli XG-1684 nömrəli inmarsat sistemi və beynəlxalq sahil radiostansiyaları vasitəsilə sifarişçinin gəmi və dəniz obyektlərindən həyata keçirilən telekommunikasiyaya görə dəniz rabitəsi administrasiyaları ilə hesablaşmalar üzrə işlərin aparılmasına dair müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi (cavabdeh) həvalə edir, icraçı (iddiaçı) isə inmarsat sistemi, o cümlədən beynəlxalq sahil radiostansiyaları vasitəsilə sifarişçinin obyektlərindən həyata keçirilən telekommunikasiyaya görə dəniz rabitəsi administrasiyaları və radioşirkətləri ilə hesablaşmaların təşkilini öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi təqdim olunmuş hesablara uyğun olaraq lazımı məbləği icraçının hesablaşma hesabına köçürür. Köçürülən məbləğ qeyd olunanlardan ibarətdir: inmarsat sistemi, o cümlədən beynəlxalq sahil radiostansiyaları vasitəsilə sifarişçinin gəmilərindən (qurğularından) həyata keçirdiyi telekommunikasiyaya görə dəniz administrasiyalarına və radioşirkətlərinə verdiyi ödənişdən və üstəgəl dəniz rabitəsi administrasiyaları və radioşirkətləri ilə qarşılıqlı hesablaşmaların təşkili üçün çəkilən xərcləri örtmək məqsədilə dəniz rabitəsi xidmətinin göstərilməsinə görə təqdim olunmuş ümumi məbləğin 30 faizi. İcraçının hesabına pul köçürərkən bank əməliyyatlarına görə xərcləri sifarişçi çəkir. İcraçıdan hesab alındıqdan sonra 10 təqvim günü ərzində sifarişçi ödənişi həyata keçirməyə borcludur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və qüvvədəolma müddəti 2020-ci il dekabr ayının 31-ə kimi davam edir. Tərəflərdən hər hansı biri qarşı tərəfi 10 gün qabaqcadan məlumatlandırmaqla bu müqaviləni istənilən vaxt xitam edə bilər. Əgər sifarişçi müqaviləni bu bəndə uyğun olaraq xitam edərsə, bu halda onun bu müqavilə üzrə bütün maliyyə öhdəlikləri dərhal icra olunmalıdır, əks halda müqavilə sifarişçinin ödənişlə bağlı öhdəlikləri hissəsində qüvvədə qalır. İş materiallarında olan həmin müqaviləyə 25 yanvar 2024-cü il tarixli XG-1684/2020- 1 nömrəli Əlavə razılaşmanın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərinə əsasən, sifarişçi icraçıdan müvafiq hesab-faktura alındıqdan sonra 10 təqvim günü ərzində 5000 manat məbləğində (depozit məbləği) ödənişi həyata keçirməyə borcludur. Tərəflər hər növbəti rüb üzrə yerinə yetirilmiş işlərə dair üzləşmə aktını imzalayırlar. Ödənilmiş depozit məbləği 500 manatadək azaldıqdan sonra, sifarişçi tərəfindən növbəti 5000 manat (depozit məbləği) bu bənddə nəzərdə tutulan qaydada ve müddətdə icraçının hesabına köçürülür. Bu qayda hazırkı müqavilə üzrə yaranacaq münasibətlərə tətbiq edilir. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli **********00 nömrəli hesab (“invoice”) sənədindən görünür ki, iddiaçı tərəfindən cavabdehə “peyk-rabitə və hesablaşmaya görə 30 %” adlanan 569,5 ABŞ dollar məbləğində dəyəri olan xidmət göstərilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi tərəfindən İddiaçı QSC-yə ünvanlanmış 29 aprel 2024-cü il tarixli məktubun məzmununda “22 aprel 2024-cü il tarixli məktuba cavab olaraq nəzərinizə çatdırırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi yaranmış borcu ən qısa zamanda ödənilməsinə zəmanət verir. Qiymət təklifini verməyinizi xahiş edirik” qeyd edilmişdir. İş materiallarına, həmçinin hesab (“invoice”) sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 01 iyul 2020-ci il tarixli XG-1684 nömrəli müqavilə və həmin müqaviləyə 25 yanvar 2024-cü il tarixli XG-1684/2020-1 nömrəli Əlavə razılaşma bağlanılmış, həmin müqavilə üzrə iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq inmarsat sistemi, o cümlədən beynəlxalq sahil radiostansiyaları vasitəsilə sifarişçinin obyektlərindən həyata keçirilən telekommunikasiyaya görə dəniz rabitəsi administrasiyaları və radioşirkətləri ilə hesablaşmaların təşkilini icra etmiş, lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə 569,5 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 10 sentyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia təmin edildiyindən 30 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 569,5 ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsindən 569,5 ABŞ dolları (beş yüz altmış doqquz ABŞ dolları, əlli sent) məbləğində borc ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2373/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2373/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver