Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2501/2025 26.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 221,84 (iki yüz iyirmi bir manat səksən dörd qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” İddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-AYRRST- 001saylı 16 mart 2020-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə 546,94 manat (beş yüz qırx altı manat doxsan dörd qəpik) məbləğində borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 325,10 manat (üç yüz iyirmi beş manat on qəpik) hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hazırki tarixədək iddiaçıya ümumilikdə 221,84 manat (iki yüz iyirmi bir manat səksən dörd qəpik) məbləğində borcu qalmışdır.
3. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
4. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
5. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
7. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
8. Məhkəmə, İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir.
9. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları:
10. Belə ki, iş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh2 arasında bağlanmış 16 mart 2020-ci il tarixli NBA-AYRRST-001 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür.
11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi göstərilən servis xidməti üzrə icraçı tərəfindən göstərilən xidmətlərin ödənişini hesab-faktura təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində pul vəsaitinin icraçının hesablaşma hesabına köçürülməsini həyata keçirir.
12. İş materiallarında olan 16 mart 2020-ci il tarixli NBA-AYRRST-001 nömrəli müqaviləyə 1 nömrəli əlavə olan texniki xidmət müqaviləsi üçün qiymət razılaşdırılması protokoluna əsasən 1 ədəd kassa qeydiyyatı +tokenin qiyməti ƏDV daxil 70,8 manat razılaşdırılmışdır.
13. İş materiallarında olan 16 mart 2020-ci il tarixli NBA-AYRRST-001 nömrəli müqaviləyə 2 nömrəli əlavə olan texniki xidmət müqaviləsi üçün qiymət razılaşdırılması protokoluna əsasən 1 ədəd nəzarət kassa aparatına göstərilən aylıq servis xidmətinə görə ödəniş məbləği ƏDV daxil 9,44 manat razılaşdırılmışdır.
14. İş materiallarından görünür ki, 11 sentyabr 2020-29 aprel 2024-cü il tarixləri arasında İddiaçı tərəfindən Cavabdeh2 göstərilən xidmətlər üzrə 40 ədəd elektron qaiməfaktura təqdim olunmuşdur.
15. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilir ki, tərəflər arasında imzalanmış 16 mart 2020-ci il tarixli NBA-AYRRST-001 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh2 göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya 546,94 manat (beş yüz qırx altı manat doxsan dörd qəpik) məbləğində borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 325,10 manat (üç yüz iyirmi beş manat on qəpik) ödəmiş və hazırda 221,84 (iki yüz iyirmi bir manat səksən dörd qəpik) manat məbləğində boru qalmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
23. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
24. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
25. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, icraçı İddiaçı ilə sifarişçi Cavabdeh2 arasında 16 mart 2020-ci il tarixli NBA-AYRRST-001 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin nəzarət kassa aparatına xidmət göstərilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək göstərilən xidmətlərin dəyərini tam ödəməmişdir.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 221,84 (iki yüz iyirmi bir manat səksən dörd qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur.
28. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq İddiaçınə ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
31. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 221,84 (iki yüz iyirmi bir manat səksən dörd qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 251,84 (iki yüz əlli bir manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər.
Hakim İslam Əliyev