Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2510/2025 25.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 01 may 2025-ci il tarixli 06/03397 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 2000 (iki min) manat məbləğində əsas borc, 245 (iki yüz qırx beş) manat məbləğində cərimə və 42,45 (qırx iki manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2287,45 (iki min iki yüz səksən yeddi manat, qırx beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 01 may 2025ci il tarixli 06/03397 nömrəli operativ lizinq müqaviləsi bağlanmış və 1 ədəd “Nova 340” markalı taxılyığan kombayn sonuncunun istifadəsinə verilmişdir. Bunun müqabilində cavabdeh iddiaçıya 3500 manat məbləğində ödəniş etməli olsa da, 1500 manat məbləğində ödəniş etmiş və nəticədə onun iddiaçıya 2000 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləği dəfələrlə ondan tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyin icrasından yayınmışdır. Bununla əlaqədar ödənilməli olan pul vəsaitinin cavabdehdən məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 01 may 2025-ci il tarixli 06/03397 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin 1.1-ci bəndinə əsasən, hazırkı müqavilə şərtlərinə əsasən, lizinq verən (İddiaçı ASC) tərəfindən 1 ədəd “Nova 340” markalı taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə lizinaq alanın (Cavabdeh) istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülən texnika kombayn olduqda müqavilə xx.xx.2025-xx.xx.2025-ci il tarixli istifadə müddətinə ümumi dəyəri 3500 manat olmaqla bağlanılır. Müqavilə dəyərinə bütün növ vergi və rüsumlar daxildir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, müvəqqəti istifadəyə götürülmüş texnikanın ödəniş müddəti texnikanın mövsümi işləmə xüsusiyyətindən, faydalı iş imkanı və s. amillərdən asılı olaraq müəyyən edilir və lizinq alan (istifadəçi) müqaviləyə Əlavə 2də nəzərdə tutulmuş ödəniş qrafikinə (kombaynlar istisna olmaqla) uyğun olaraq müəyyən edilmiş öhdəliyin tam şəkildə ödənilməsini təmin etməlidir. Lizinq alan (istifadəçi) bütün texnika və aqreqatlar üçün ümumi müqavilə dəyərinin 50 faizi və ya 2 aylıq hissəsi qədər (kombaynlar istisna olmaqla) həcmində avans ödəməlidir. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, lizinq alan ödəniş məbləğini müqavilə (istifadə) müddəti ərzində (Əlavə 2-yə uyğun) uyğun olaraq (kombaynlar istisna olmaqla) ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 2.2.17-ci yarımbəndinə əsasən, lizinq alan müqavilə müddəti bitdikdən sonra texnikanı parka təhvil verməsinə baxmayaraq, bu müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0,1 faizi miqdarında cərimə ödənilməsini təmin edir. İş materiallarında olan 20 may 2025-ci il tarixli 06/03397 nömrəli akt 1-dən görünür ki, İddiaçı ASC-nin Xaçmaz RN-nin Şabran rayon bölməsinin istifadəsində olan 1 ədəd “Nova 340” markalı taxılyığan kombayn (buraxılış ili - 2019, dövlət qeydiyyat nömrəsi **- AB-***, şassi nömrəsi: 0082024) saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 21 iyul 2025-ci il tarixli 06/03397 nömrəli akt 2-dən görünür ki, cavabdeh tərəfindən 1 ədəd “Nova 340” markalı taxılyığan kombayn (buraxılış ili - 2019, dövlət qeydiyyat nömrəsi **-AB-***, şassi nömrəsi: 0082024) saz vəziyyətdə Xaçmaz RNnin Şabran rayon bölməsinin rəhbərinə təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış 01 may 2025-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh 01 may 2025-ci il tarixli 06/03397 nömrəli operativ lizinq müqaviləsinə əsasən istifadəyə götürdüyü “Nova 340” markalı taxılyığan kombaynı (buraxılış ili - 2019, dövlət qeydiyyat nömrəsi **-AB-***, şassi nömrəsi: 0082024) təyinatı üzrə istifadə etməyi, saz və dəst halda təhvil verəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 17 iyul 2025-ci il tarixli ödəniş sənədi üzrə 230 manat, 24 iyun 2025-ci il tarixli ödəniş sənədi üzrə 270 manat və 25 iyul 2025-ci il tarixli ödəniş sənədi üzrə 1000 manat məbləğində olmaqla, cavabdeh tərəfindən iddiaçının bank hesabına cəmi 1500 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 24 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 01 may 2025-ci il tarixli 06/03397 nömrəli operativ lizinq müqaviləsi üzrə cavabdehin iddiaçıya 2000 manat məbləğində borcu vardır və 245 manat məbləğində cərimə hesablanmışdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1 ədəd “Nova 340” markalı taxılyığan kombaynın ümumi dəyəri 3500 manat olmaqla cavabdehin istifadəsinə verilməsi ilə bağlı tərəflər arasında 01 may 2025-ci il tarixli 06/03397 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilə bağlanılmış, texnika cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən istifadə haqqından 1500 manat məbləğində ödəniş edilsə də, o, öhdəliyini tam icra etməyərək texnikadan istifadə üzrə yaranmış 2000 manat məbləğində borcunu iddiaçıya ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 may 2025-ci il tarixli 06/03397 nömrəli operativ lizinq müqaviləsinə əsasən cavabdehdən 2000 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 245 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 2.2.17-ci yarımbəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 245 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 100 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin ödənilmiş 42,45 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 17 noyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edən zaman iddiaçı tərəfindən 42,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 41 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 may 2025-ci il tarixli 06/03397 nömrəli müqavilə üzrə 2000 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə və 41 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2141 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 01 may 2025-ci il tarixli 06/03397 nömrəli müqavilə üzrə 2000 (iki min) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə və 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2141 (iki min yüz qırx bir) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2510/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2510/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver