Məhkəmə qərarları › İş №e-2-2(119)-2563/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2563/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2563/2025 30.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 316,85 (üç yüz on altı manat, səksən beş qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş məbləğə illik beş faizlə hesablanmış 16,02 (on altı manat, iki qəpik) manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 09 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə broker xidməti göstərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə cəmi 316,85 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 27 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 11916715 nömrəli elektron qaimə-faktura təqdim olunmuş, lakin cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2024-cü il tarixli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi üçün sifariş müqaviləsinin 1.1-ci bəndinə əsasən, təmsilçi (iddiaçı) öz əsasnaməsinə uyğun olaraq sifarişçinin (cavabdehin) tapşırığı ilə onun hesabına idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında xidmətlərini göstərir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, elektron gömrük bəyannaməsini doldurulması üçün sifarişçi tərəfindən təmsilçiyə təqdim olunan sənədlər sifarişin tərkib hissəsi sayılan gömrük rəsmiləşdirilməsi zamanı zəruri sayılan sənədlərin adları (təsnifatı) əlavə olunur. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, sifarişçi malın mülkiyyətçisinin gömrük prosedurları altında yerləşdirilməli olan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini və gömrük əməliyyatlarını həyata keçirmək məqsədilə təmsilçini tələb olunan bütün zəruri müşayiət sənədləri ilə təmin edir. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, təmsilçi gömrük orqanlarında sifarişçini təmsil edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, təmsilçi sifarışçiyə ona təqdim olunmuş sənədlər əsasında elektron gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə məsuliyyət daşıyır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, təmsilçi sifarişçiyə göstərdiyi xidmətlərin tarifinə uyğun olaraq təqdim etdiyi ödəniş tapşırığı əsasında məbləği təmsilçinin bank hesabına və post terminal vasitəsilə ödəyir. İş materiallarından görünür ki, 27 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 11916715 nömrəli elektron qaimə-faktura üzrə 316,85 manat məbləğində xidmətin göstərilməsi ilə bağlı həmin elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli gömrük bəyannmaməsindən görünür ki, gömrük bəyannaməsində olan məlumatların düzgünlüyü 09 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan 27 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 316,85 manat məbləğində əsas borcu, 18,23 manat məbləğində faiz borcu vardır. İş materiallarına, həmçinin sifarişə əsasən tələb olunan sənədlərin adları (təsnifatı) əks olunmuş cədvəl əlavə edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 787.1-ci maddəsinə əsasən, broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Həmin Məcəllənin 787.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 788.1-ci maddəsinə əsasən, brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 09 sentyabr 2024-cü il tarixli gömrük təmsilçilik xidmətlərinin göstərilməsi üçün sifariş müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə təmsilçi qismində çıxış edən iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq cavabdehin tapşırığı üzrə və onun tərəfindən təqdim olunmuş sənədlər əsasında gömrük prosedurlarının həyata keçirilməsi (gömrük bəyannaməsinin doldurulması) üzrə öhdəlikləri həyata keçirsə də, cavabdeh göstərilən xidmətin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuş və nəticədə onun 316,85 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 316,85 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin “beş faiz illik gecikdirmə faizi üzrə 16,02 manat məbləğində borcun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məzmununda və ona əlavə edilmiş sənədlərdə tələb olunan məbləğin hüquqi əsası kimi konkret qanunvericilik normasına istinad edilməmiş (445.1 və 449.1-ci maddələrinin hər ikisinə istinadlar edilmişdir), eyni zamanda həmin məbləğin konkret olaraq hansı tarixdən başlayaraq hansı tarixədək hesablanmağa başladığı (iş materiallarına əlavə edilmiş maliyyə arayışında gecikmə günləri 420 gün qeyd edilməklə fərqli məbləğ - 18,23 manat göstərilmişdir) qeyd edilməmişdir. Göstərilənlərə əsasən, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. Həmçinin iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununda hüquqi yardımın göstərilməsi ilə əlaqədar qeyd edilən məbləğdə ödəniş həyata keçirildiyi qeyd edilsə də, həmin ödənişi təsdiq edən hər hansısa sənəd və ya ödəniş qəbzi məhkəməyə təqdim edilməmişdir (iş materiallarına əlavə edilmiş 24 sentyabr 2025-ci il tarixli elektron qaimə-faktura özlüyündə həmin halın təsdiqi üçün kifayət deyildir). İddia tələbinin həmin hissədə əsaslılığı iş materialları ilə sübut olunmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 02 dekabr 2025-ci il tarixli **********53 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30 manat təşkil edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən həmin məbləğdə dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 316,85 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 346,85 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 316,85 (üç yüz on altı manat, səksən beş qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 346,85 (üç yüz qırx altı manat, səksən beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar