Məhkəmə qərarları › İş №e-2-2(119)-2663/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2663/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2663/2025 23.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 889,72 (səkkiz yüz səksən doqquz manat, yetmiş iki qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 30 iyun 2025-ci il tarixli ******* nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, icraçı (iddiaçı) sifarişçiyə (cavabdehə) alış sifarişində nəzərdə tutulan malları və ya xidmətləri tədarük etmək, sifarişçi isə bu ümumi şərtlər və bu müqaviləyə əlavə edilən və imzalanan alış sifarişinin şərtləri əsasında belə malları və ya xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəmək barədə öhdəlik götürür. Tərəflər arasında imzalanmış elektron qaiməfakturaya və təhvil-təslim aktına əsasən mallar və göstərilmiş xidmətlər icraçı tərəfindən sifarişçiyə təhvil verilmiş və sifarişçi tərəfindən təhvil alınmışdır. Lakin 889,72 manat (ƏDV daxil) dəyərində olan borc məbləği sifarişçi tərəfindən icraçıya bu günədək ödənilməmiş və sifarişçi tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. Məhkəmə iclaslarında iddiaçının qanuni təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddiaçı tərəfindən Laçın rayonunda təmir işlərinin həyata keçirildiyini, cavabdeh tərəfindən hansısa ödəniş həyata keçirilmədiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 30 iyun 2025-ci il tarixli ******* nömrəli satış və xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, alıcının (cavabdehin) müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında satıcı (iddiaçı) ona məxsus satılanın sahiblik və mülkiyyətini alıcıya ötürür və həmin mallardan istifadə etməklə öz fəaliyyət sahəsinə aid olaraq xidmətləri göstərir, alıcı isə satılan və xidmət qarşılığında satıcıya pul ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, ödəniş şərtləri təqdim edilmiş hesab fakturanın dəyərinin 100 faiz öncədən ödənilməsi ilə razılaşdırılır və ya tərəflər arasında əlavə razılaşma protokolu imzalanaraq bu müqaviləyə əlavə edilir. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, satılanı alıcının sahibliyinə və mülkiyyətinə ötürmək satıcının öhdəliyidir. Bu öhdəliyi yerinə yetirmək üçün satıcı sifarişin icrası vaxtında və yerində malları alıcıya təhvil üçün hazır hala gətirməlidir. Mallar alıcıya təhvil üçün hazır hala gətirildikdə satıcı öhdəliyini icra etmiş sayılır. Alıcının, satıcının təqsiri ucbatından yaranmış hallar istisna, malı təhvil almaması (və ya ala bilməməsi) satıcının öhdəliyini yerinə yetirmiş hesab olunmasına əngəl törətmir. Həmin müqavilənin 3.2.1-ci yarımbəndinə əsasən, malın və xidmətin qiymətini ödəmək öhdəliyi - Alıcı müqavilədə müəyyən olunmuş qaydada malın və xidmətin qiymətini ödəməlidir. Bu öhdəlik alıcının əsas öhdəliyidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı müqavilə üzrə bütün sənədləri (elektron-qaimə faktura/hesab-faktura, X1 və təhvil-təslim aktı və s.) alıcıya imzalaması üçün təqdim edir və Alıcı 5 gün ərzində sənədləri imzalamağa və 1 nüsxəsini satıcıya təqdim etməyə borcludur, bundan əsassız imtina edə bilməz. Bu müddət ərzində alıcı heç bir etiraz bildirməzsə, qəbul etmiş sayılır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, tərəflər arasında işlərin icrasına başlama tarixindən etibarən, müəyyən dövrlər ərzində göstərilmiş xidmətlər və satılmış malların siyahısını özündə əks etdirən təhvil-təslim aktı (02 nömrəli Əlavə) imzalanılır. İş materiallarında olan 30 iyun 2025-ci il tarixli ******* nömrəli müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılması protokolu üzrə tərəflər malların və xidmətlərin dəyərini razılaşdırmışdırlar. İş materiallarından görünür ki, 03 iyul 2025-ci il tarixli MT2507 seriyalı 10256731 nömrəli elektron qaimə-faktura üzrə 889,72 manat məbləğində təhvil verilmiş mallar və xidmətlərlə bağlı həmin elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan tərəflərin möhürləri ilə təsdiqlənmiş və nümayəndələri tərəfindən imzalanmış 01 iyul 2025-ci il tarixli ******* nömrəli malların təhvil-təslimi haqqında aktın məzmunundan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 889,72 manat məbləğində mallar və xidmətlər təhvil verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında alqı-satqı və podrat müqavilələrinin elementlərini ehtiva edən 30 iyun 2025-ci il tarixli ******* nömrəli müqavilə bağlanmış, iddiaçı həmin müqavilənin predmeti olan malları və xidmətləri cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflərin möhürləri ilə təsdiqlənmiş və nümayəndələri tərəfindən imzalanmış 01 iyul 2025-ci il tarixli ******* nömrəli malların və xidmətlərin təhvil-təslimi haqqında aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 889,72 manat məbləğində mallar və xidmətlər təhvil verilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 889,72 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia təmin edildiyindən aşağıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 889,72 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 919,72 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdehndən 889,72 (səkkiz yüz səksən doqquz manat, yetmiş iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 919,72 (doqquz yüz on doqquz manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar