Məhkəmə qərarları › İş №e-2-2(119)-277/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-277/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-277/2024 01.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh X2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Azərtelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh X2 (VÖEN: **********) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən yaranmış 187,03 (yüz səksən yeddi manat, üç qəpik) manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 03 yanvar 2019-cu il tarixli rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilənin 2 saylı qoşmasında nəzərdə tutulmuş forma əsasında SİP nömrələrin ayrılması vasitəsilə rabitə xidmətlərini göstərməyi, cavabdeh isə bunun müqabilində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə riayət etmədiyindən ödəməli olduğu borc məbləği yaranmış və həmin məbləğin cavabdehdən tutulması üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış 03 yanvar 2019-cu il tarixli, AZRT/2019/1 nömrəli rabitə xidmətlərinin göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı MMC (iddiaçı) bu müqavilənin 2 saylı qoşmasında verilmiş forma əsasında hazırlanmış sifarişçinin (cavabdehin) yazılı xidmət sifarişlərinə əsasən ona SİP nömrələrin ayrılması vasitəsilə rabitə xidmətlərini göstərməyi, sifarişçi isə həmin xidmətə görə bu müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, xidmət sifarişləri hər iki tərəfdən imzalanır və təqdim edilən SİP nömrələrini, xidmətin müddətini, ödənilməli xidmət haqqını, texniki parametrləri və tərəflərin həmin tapşırıq üçün zəruri saydığı digər şərtləri özündə əks etdirir. Həmin müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, xidmət üçün sabit aylıq xidmət haqqı və s. tətbiq edilirsə, quraşdırma haqqı 1 saylı Qoşmada verilmiş tarif planına əsasında hesablanır və tərəflər arasında imzalanan xidmət sifarişlərində göstərilir. Tam olmayan ay üçün tam aylıq xidmət haqqı tətbiq olunacaqdır. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən, İddiaçı MMC tərəfindən fakturanın təqdim edilməsindən sonra sifarişçi tərəfindən 10 (on) iş günü ərzində ödəniş edilməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə 1 saylı Qoşmada iddiaçı tərəfindən göstərilən rabitə xidmətlərinin adları, onların hər birinə aid ölçü vahidləri (qəpik/dəqiqə) və ƏDV daxil olmaqla tarifləri göstərilmişdir. İş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə 2 saylı Qoşmada (“Xidmət sifariş forması”) sifariş edən qismində cavabdehin adı və ona aid əlaqə məlumatları, sifariş olunan xidmətlər və ödənişlər (birdəfəlik quraşdırma haqqı - ƏDV xaric 75 manat, aylıq ödəmə məbləği - ƏDV daxil 17,5 manat) qeyd olunmuşdur. İş materiallarında olan 26 iyul 2019-cu il tarixli AZRT_201907028 nömrəli hesab sənədindən görünür ki, 03 yanvar 2019-cu il tarixli AZRT/2019/1 nömrəli müqavilə əsasında 03 yanvar 2019-cu il tarixdən 26 iyul 2019-cu il tarixədək olan dövr ərzində göstərilən xidmətlərə görə cavabdehin iddiaçıya ƏDV daxil olmaqla 187,03 manat məbləğində borcu vardır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında rabitə xidmətlərinin göstərilməsinə dair 03 yanvar 2019-cu il tarixli müqavilə bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq iddiaçı həmin müqavilənin 2 saylı qoşmasında nəzərdə tutulan rabitə xidmətlərini cavabdehə göstərsə də, sifarişçi qismində iştirak edən cavabdeh müqavilə öhdəliklərinə riayət etməyərək həmin xidmətlərin dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun 03 yanvar 2019-cu il tarixdən 26 iyul 2019-cu il tarixədək olan dövr ərzində göstərilən xidmətlərə görə iddiaçıya 187,03 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həmin müqavilə üzrə 187,03 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Bundan əlavə, iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən, müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, rabitə xidmətlərinin göstərilməsinə dair 03 yanvar 2019-cu il tarixli müqavilə üzrə 187,03 manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 217,03 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 (VÖEN: **********) 187,03 (yüz səksən yeddi manat, üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 217,03 (iki yüz on yeddi manat, üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Azərtelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar