Məhkəmə qərarları › İş №e-2-2(119)-279/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-279/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-279/2025 26.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı verilmiş “subicarə müqaviləsinin xitam olunması, avadanlıqların daşınmasına şərait yaradılması və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə və Cavabdeh1nə qarşı “subicarə müqaviləsinin xitam olunması, avadanlıqların daşınmasına şərait yaradılması və pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsinin xitam olunması, “Azercathode" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin), inteqral sxemin Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 111 ünvanından daşınmasına şərait yaradılması vəzifəsinin Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulması, əldən çıxmış fayda olan 50000 (əlli min) manat məbləğində pul vəsaitinin, 244 (iki yüz qırx dörd) manat məbləğində dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1140 (min yüz qırx) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28-də yerləşən obyektin 50 kvadrat metr istehsal sahəsi kimi, 30 kvadrat metr anbar sahəsi kimi ümumilikdə 80 kvadrat metr sahəsi İddiaçınə subicarəyə verilmişdir. Müqavilə imzalandığı gündən icarəyə götürülmüş icarə obyektindən istehsal sahəsi kimi istifadə edilməmişdir. Hazırda həmin icarəyə götürülmüş sahənin istifadəsinə zərurət qalmamışdır və ona görə də tərəflər arasında bağlanılmış 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsi vaxtından əvvəl birtərəfli qaydada xitam olunmuşdur. Lakin İddiaçınə məxsus avadanlıqların Cavabdeh2 faktiki istifadəsində olmuş ərazidən daşınmasına şərait yaradılmamışdır. Belə ki, avadanlıqların siyahısına tökmə avadanlıq, induksiya sobası, 8 ədəd metal tökmək üçün qəlib, 1 dəst tökmə maşınlar (anod tökmə kompleksi) və inteqral sxem daxildir. “Azercathode" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsi üzrə faktiki icarəyə verilmiş sahə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 111 ünvanında yerləşir. İddiaçınə məxsus və hazırda mübahisə predmeti olan avadanlıqlar ünvan 1 ünvan Cavabdeh1 mülkiyyətindədir. Bununla bağlı Cavabdeh2nə və Cavabdeh1nə xəbardarlıq məktubu göndərilmişdir. Buna baxmayaraq hər iki müəssisə heç bir tədbir görmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilir. Həmin avadanlıqların iddiaçı tərəfindən istifadə edilə bilməməsi nəticəsində İddiaçı əldə edəcəyi 50000 manat faydadan məhrum olmuşdur. Göstərilənlərə əsasən İddiaçınə məxsus avadanlıqların Cavabdeh2 faktiki istifadəsində olan ərazidən daşınmasına şərait yaradılması vəzifəsi Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulmalı, əldən çıxmış fayda olan 50000 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbinin müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, İddiaçı hansısa şirkətdən avadanlıq alması ona həmin avadanlıqları başqa şirkətdən tələb etmək hüququ vermir. Hər bir fərdi müəyyən əşyanın təkrar olunmaz əlamətləri olmalıdır. Qanunvericiliyin tələbinə əsasən hər hansı əmlakı başqa şəxsdən tələb etmək üçün ilk növbədə sözügedən əmlakın üzərində mülkiyyət hüquqları və onun fərdi müəyyən əşya olaraq cavabdehdə olduğu sübut edilməlidir. Bundan başqa İddiaçıin nümayəndəsi təqdim etdiyi texniki pasportda qeyd olunan 13583/188 kodunu əsas götürərək yerli baxış zamanı tədqiq edilən avadanlıqların iddiaçıya məxsus olmasını iddia edir. Texniki pasportda əks olunmuş nömrələr məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı tədqiq edilən avadanlıqların üzərində aşkarlanmamışdır. Texniki pasport istehsalçı müəssisə tərəfindən verilir. Sözügedən avadanlıqların üzərində xarici dillərdə yazılar mövcuddur. Deməli sözügedən avadanlıqlar xaricdə istehsal edilib. Lakin məhkəməyə təqdim edilmiş texniki pasportda SSRİ dövrünə aid texniki standartlardan istifadə edilmişdir. Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən Cavabdeh2 ilə icarəçi İddiaçı arasında bağlanmış 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsinin 1-ci bəndinə əsasən 04 noyabr 2022-ci il tarixli 01/22 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28-də yerləşən obyekt subicarəyə verilir. İcarəyə verən göstərilən obyektin 50 kvadrat metrini istehsal sahəsi kimi, 30 kvadrat metrini isə anbar sahəsi kimi, ümumilikdə 80 kvadrat metr sahəni subicarəyə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə 30 yanvar 2024-cü il tarixədək qüvvədədir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) həftə qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə eyni müddətə uzadılmış hesab edilir. İş materiallarından görünür ki, ”Baku Cooper” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə 61603,34 manat dəyərində tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin) və inteqral sxemin satılması ilə əlaqədar 19 yanvar 2023-cü il tarixli EBCN seriyalı 296063 nömrəli elektron qaimə təqdim olunmuşdur. Həmin mallar ”Baku Cooper” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təhvil verilmiş və İddiaçı tərəfindən təhvil alınmışdır. İş materiallarında olan icarəyə verən Cavabdeh1 BM ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 fevral 2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən icarəçiyə ünvan 2 ünvanında yerləşən obyektin 50 kvadrat metrini istehsal sahəsi kimi, 50 kvadrat metrini anbar saxlama sahəsi kimi ümumilikdə 100 kvadrat metr sahəsini icarəyə verir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, istehsal ili 2014-cü il, zavod nömrəsi 13583/1888, məhsuldarlığı 2 ton olan induksiya əritmə sobasının texniki pasportu İddiaçı tərəfindən təqdim edilmiş sənədlər, məlumatlar, eləcə də istehsal sahəsində aparılmış texniki baxış işləri əsasında istehsalçı müəssisənin texniki sənədləri əsasında tərtib edilib və “Təhükəsiz istismar qaydaları”nın tələblərinə əməl etmək şərti ilə istismar edilməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 12 fevral 2024-cü il tarixdə Cavabdeh2nə qarşı “subicarə müqaviləsinə xitam verilməsi və avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 04 iyun 2024-cü il tarixli e-2- 2(119)-308/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 07 noyabr 2024-cü il 2-2(105)-90/2024 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli e-2-2(119)-308/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh2nə qarşı subicarə müqaviləsinin xitam olunması, avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qətnamədə göstərilmişdir ki, iddiaçının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən İddiaçı ilə Cavabdeh2 arasında 30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsi üzrə faktiki icarəyə verilmiş sahənin ünvanı barədə dəqiq məlumat verə bilməmiş, iş materialları ilə dəqiq ünvan öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi hər iki tərəfin bağlamış olduğu müqavilədə ünvanın düzgün göstərilməməsini nəzərə almamış, işin mahiyyəti üzrə düzgün baxılması üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq subicarə müqaviləsi üzrə ünvanın dəqiqləşdirilməli olmasıni iddiaçıya təklif etməmişdir. Məhkəmə yerində müayinə aparılması üçün 13 may 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə iddia ərizəsində faktiki icarəyə verildiyi qeyd olunan ünvan 2 ünvanında yerləşən obyektə baxış keçirmiş, həmin obyektin iddiaçının nümayəndəsinin göstərdiyi sahəsinin qapısı açılmış və orada tökmə avadanlığın, induksiya sobasının, metal tökmək üçün qəlblərin, tökmə maşının, inteqral sxemin olduğu aşkar edilmişdir. İddiaçının nümayəndəsi izahatında həmin avadanlıqların İddiaçınə məxsus olduğunu, Cavabdeh2 nümayəndəsi Vəkil2 isə həmin avadanlıqların başqa hüquqi şəxslərə məxsus olduğunu, onların iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı sübutun olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən Cavabdeh2 ilə icarəçi İddiaçı arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 4 hissədən ibarətdir: - subicarə müqaviləsinin xitam olunması; - avadanlıqların daşınmasına şərait yaradılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması; - əldən çıxmış fayda olan 50000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi. Məhkəmə iddia tələbinin “30 yanvar 2023-cü il tarixli 01/2023 saylı subicarə müqaviləsinin xitam olunması” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında subicarə müqaviləsinin müddəti 30 yanvar 2024-cü il tarixdə başa çatdığından, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 müqavilənin xitam verilməsi ilə bağlı 2023-cü ilin dekabr ayında məktub göndərdiyindən və müqavilə müddəti uzadılmadığından həmin müqavilə 30 yanvar 2024-cü il tarixdən qüvvədən düşdüyü üçün onun xitam verilməsinə zərurət qalmamışdır. Buna görə iddia tələbi bu hissədə təmin edilməməlidir. İddia tələbinin “Azercathode" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin) və inteqral sxemin ünvan 2 ünvanından daşınmasına şərait yaradılması vəzifəsinin Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 30 yanvar 2023-cü il tarixli 01/2023 nömrəli subicarə müqaviləsində Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 28-də yerləşən obyektin subicarəyə verildiyi qeyd olunsa da, müqavilədə ünvanın düzgün göstərilmədiyini, faktiki olaraq icarəyə ünvan 2 ünvanında yerləşən sahənin icarəyə verildiyini bildirmişdir. Məhkəmə bununla əlaqədar yerində müayinə aparılması üçün ünvan 2 ünvanda yerləşən obyektə baxış keçirmiş, həmin obyektdə iddiaçının göstərdiyi sahədə tökmə avadanlığın, induksiya sobasının, metal tökmək üçün qəlblərin, tökmə maşının və inteqral sxemin olduğu aşkar edilmişdir. Bundan başqa iddiaçının təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü ilin fevral ayında tərtib etdiyi induksiya əritmə sobasının texniki pasportunda olan şəkillərin məhkəmənin baxış keçirdiyi sahədə çəkildiyi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməli, İddiaçınə məxsus tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin) və inteqral sxemin ünvan 2 ünvanından daşınmasına şərait yaradılması vəzifəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulmalıdır. Bundan başqa iddiaçı iddia ərizəsində əldən çıxmış fayda olan 50000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş və həmin məbləği iddiaçının sözügedən avadanlıqlardan istifadə edə bilməməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı həmin faydanın əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslılığı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı 18 noyabr 2024-cü il tarixdə De Fendo vəkil bürosunun hesabına köçürülmüş 1140 (min yüz qırx) manat məbləğində pulun cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ - bu iş üzrə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 1140 (min yüz qırx) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 1140 (min yüz qırx) manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehlərdən tələb olunan 1140 (min yüz qırx) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddia tələbinin “244 (iki yüz qırx dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddia ərizəsi yalnız qiymətləndirilməyən hissədə təmin olunduğundan cavabdehlərdən müştərək qaydada 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçınə (VÖEN **********) məxsus tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin) və inteqral sxemin ünvan 2 ünvanından daşınmasına şərait yaradılması vəzifəsi cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 (VÖEN **********) üzərinə qoyulmalı, cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1ndən müştərək qaydada 100 (yüz) manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçınə (VÖEN **********) məxsus tökmə avadanlığın, induksiya sobasının, 8 ədəd metal tökmək üçün qəlibin, 1 dəst tökmə maşınların (anod tökmə kompleksinin) və inteqral sxemin ünvan 2 ünvanından daşınmasına şərait yaradılması vəzifəsi cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 (VÖEN **********) üzərinə qoyulsun. Cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1ndən müştərək qaydada 100 (yüz) manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar