Məhkəmə qərarları › İş №e-2-2(119)-287/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-287/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-287/2023 22.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh3, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Vəkil2, Cavabdeh1 qanuni təmsilçisi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab olunması və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab olunması və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin İddiaçı icarəsində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kv.m. olan qeyri-yaşayış sahəsinin 80 kv.m. hissəsinə münasibətdə etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixədək uzadılmış hesab olunması və ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 359.7 kv.m. olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh3 məxsus olmuş 4/6 hissəsindən İddiaçınə icarəyə verilmiş 80 kv.m. hissəsindən iddiaçının istifadəsinə Cavabdeh3 tərəfindən maneələr yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359.7kv.m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh3 məxsus 4/6 hissəsindən 80 kv.m hissəsi İddiaçınə icarəyə verilmiş, icarə müqaviləsi Quba regional “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş, 3M-535 reyestr nömrəsi ilə qeydə alınmışdır. İcarə müqaviləsinin 2-ci bəndindən də göründüyü kimi, icarə müqaviləsi imzalanan zaman həmin qeyri-yaşayış sahəsi X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən 14 sentyabr 2009-cu il tarixdə verilmiş **********54-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 4/6 hissə (239.8 kv/m) Cavabdeh3 məxsus olmuşdur. Həmin icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti 13 oktyabr 2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusunun 24 oktyabr 2022-ci il tarixli, 1735 saylı arayışında bildirilir ki, xx.xx.2018-ci il tarixində 3M-535 reyestr nömrəsi ilə bağlanan müqavilə "Elektron notariat" X1 ləğv olunmayıb, qüvvədədir. Cavabdeh3 məxsus **********54-06301 reyestr nömrəli, ********** reyestr nömrəli, xx.xx.2009-cu il tarixli çıxarış "Elektron notariat" X1 aşkar olunmamışdır, yüklülük barədə arayışı əldə etmək istəyən zaman sistem həmin çıxarış əsasında əqd bağlandığını və forma 1 məlumatına baxışın məhdudlaşdırıldığını göstərmişdir. Bu da o deməkdir ki, Cavabdeh3 həmin əmlakı özgəninkiləşdirib”. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilmiş vəkil sorğusuna xx.xx.2022-ci il tarixli, **********11 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “Cavabdeh3 Amanşahovnanın adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat, **********54-06301 reyestr nömrəli çıxarışa əsasən adına ümumi birgə mülkiyyətdə olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binası aşkar edilmiş və həmin qeyri-yaşayış binası Xaçmaz rayonu, 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-2952 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. X4 adına respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir”. 21 noyabr 2022-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş, 3M524 reyestr nömrəsi ilə qeydə alınmış icarə müqaviləsindən görünür ki, Cavabdeh2 sözügedən qeyri-yaşayış binasından 200 kv.m sahəni Cavabdeh1nə icarəyə vermişdir. Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya icarə müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilərək, icarə obyektinin təhvil verilməsi tələb edilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə eyni məzmunlu daha bir bildiriş göndərilmiş və əlavə olaraq icarə obyektinin yerləşdiyi ünvan üzrə dərman vasitələrinin satışı fəaliyyəti ilə məşğul olmaq üçün alınmış lisenziyanın da ləğv edilməsinin təmin olunması xahiş edilmişdir. Halbuki, icarə obyektinin mülkiyyətçisi, yəni Cavabdeh2 tərəfindən 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin 3cü bəndinə müvafiq olaraq müqavilənin pozulmasına dair İddiaçınə heç bir təklif irəli sürülməmişdir. İcarə obyektinin mülkiyyətçisinin dəyişməsi ilə bağlı iddiaçıya heç bir məlumat verilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən vəkil sorğusuna 30 noyabr 2022-ci il tarixdə verilmiş cavab məktubu ilə iddiaçıya məlum olmuşdur ki, icarə obyekti 28 dekabr 2018-ci il tarixdən digər Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bundan əlavə, icarə obyekti yeni mülkiyyətçi Cavabdeh2 tərəfindən 21 noyabr 2022-ci il tarixdə digər Cavabdeh1nə icarəyə verilmişdir. İddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə cavabdehlərə pretenziya məktubu göndərilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 pretenziya məktublarını xx.xx.2022-ci il tarixdə qəbul etmiş, lakin məktuba hər hansı münasibət bildirməmişlər. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ona poçt vasitəsilə göndərilmiş pretenziya məktubunun qəbulundan imtina etsə də, pretenziya məktubu xx.xx.2022-ci il tarixdə həmin müəssisənin Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmiş, lakin məktuba münasibət bildirilməmişdir. İddiaçı tərəfindən mübahisənin mediasiya vasitəsilə həll edilməsi mediasiya təşkilatına müraciət edilmiş, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmiş və “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Vəkil2 01 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz göndərərək iddia ərizəsinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, icarə obyektinin mülkiyyətçisinin dəyişməsi ilə 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin hər hansı şərti dəyişdirilməmişdir, mülkiyyətçi dəyişdikdən sonra da icarə müqaviləsi üzrə öhdəliklər icra olunmuş, mülkiyyətçinin dəyişməsi ilə icarəçinin hər hansı hüququ pozulmamış, sonradan da müqavilə onun qüvvədə olma müddətinin bitməsi ilə xitam olunmuşdur. İddiaçının müqaviləni təzələmək hüququnun olduğu icarəyəverən tərəfdən təkzib edilmir və bu hüquq da pozulmamışdır. Belə ki, icarəçi bu hüququndan o halda istifadə edə bilərdi ki, icarə sahəsi eyni şərtlərlə bir neçə icarəçiyə təklif olunsun, yaxud bir neçə icarəçi icarə sahəsini icarəyə götürmək istəsin. Bu halda icarəçinin icarə sahəsini icarəyə götürməkdə üstünlük hüququ vardır. Lakin əgər icarə sahəsi daha sərfəli şərtlərlə icarəyə təklif olunursa və icarəçi də həmin şərtlərlə icarə müqaviləsi bağlamaq istəmirsə, bu halda icarə sahəsi daha sərfəli şərtlərlə başqa icarəçiyə icarəyə verilə bilər ki, mülkiyyətçinin bu hüququ məhdudlaşdırıla bilməz. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsi mülkiyyətçi üçün daha sərfəli şərtlərlə, yəni əvvəla daha böyük bir sahə icarəyə verilməklə və daha çox icarə haqqı müəyyən edilməklə bağlanmışdır və həmin müqavilə bağlananadək, daha dəqiqi, iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə müddətin bitməsi əsası ilə xx.xx.2022-ci il tarixdə xitam verilməsinə dair icarəyəverən tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişin iddiaçı tərəfindən alındığı tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə iddiaçı tərəfindən icarəyəverənə icarə müqaviləsinin mülkiyyətçi üçün daha sərfəli şərtlərlə bağlanması ilə bağlı hər hansı təklif irəli sürülməmişdir. Halbuki, iddiaçı icarəyəverənin, sonuncuya məxsus qeyri-yaşayış sahəsinin daha böyük hissəsini və real bazar qiymətlərinə müvafiq olaraq daha böyük icarə haqqı müqabilində icarəyə vermək niyyətində olduğunu bilmişdir. Beləliklə, qeyd edilənlər əsasında bəlli olur ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinin tələbləri pozulmamışdır. Belə ki, Qanununun 13-cü maddəsinin 5-ci bəndinin tələbinə tamamilə müvafiq olaraq icarəyəverən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək haqqında ərizəsini icarəçiyə göndərmiş, bundan sonra da müddətin bitməsi ilə müqaviləyə xitam verilmişdir. İcarə sahəsindən iddiaçıya aid olmuş bütün malların və mebellərin iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı ilə videomüşahidə altında toplanaraq çıxarılıb, iddiaçıya məxsus saxlanc yerinə (anbara) gətirilərək yenə də iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı ilə və videomüşahidə altında boşaldılaraq təhvil verildiyini təsdiq edən videgörüntülər təsdiq edir ki, icarə müqaviləsi xitam olunduqdan sonra icarə sahəsində iddiaçıya aid hər hansı əşya qalmamışdır, hazırda da yoxdur. Bu faktı Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 16(105)-16/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının icrası zamanı aparılmış icra hərəktlərinin nəticələri də təsdiq edir. Belə ki, qərardadla İddiaçı icarə obyektində fəaliyyətinə Cavabdeh3 və digər şəxslər tərəfindən hər hansı maneənin törədilməsi qadağan edilmiş, lakin İddiaçı icarə obyektində hər hansı fəaliyyəti və həmin icarə obyektində hər hansı mal-materialı olmadığından qərardadın icrası da mümkün olmamışdır. İddiaçının icarə obyektinin mülkiyyətçisi, yəni Cavabdeh2 tərəfindən 12 oktyabr 2018-ci il tarixli müqavilənin 3-cü bəndinə müvafiq olaraq müqavilənin pozulmasına dair İddiaçınə heç bir təklif irəli sürməməsi ilə bağlı dəlili də əsassızdır. Əvvəla buna diqqət yetirmək lazımdır ki, müqavilənin 3-cü bəndində qeyd edilmiş «pozulma» ifadəsi müqavilənin Mülki Məcəllənin 423-cü maddəsi ilə nəzərdə tutulmuş ləğvini deyil, həmin Məcəllənin 689.1-ci maddəsi ilə nəzərdə tutulmuş xitamını nəzərdə tutur. O ki, qaldı icarə müqaviləsinin pozulması, xitam olunması ilə bağlı yeni mülkiyyətçi tərəfindən icarəçiyə təklif göndərilməsi məsələsinə, məhkəməyə təqdim olunmuş Cavabdeh2 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə Cavabdeh2 daşınmaz əmlakın alqı-satqısı ilə bağlı səlahiyyətlər də daxil olmaqla, bütün əmlakının idarə edilməsi ilə bağlı Cavabdeh3 geniş səlahiyyətlər vermişdir. Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm olan qeyri-yaşayış sahəsinin 80 kvm hissəsi, habelə həmin hissənin icarəyə verilməsinə dair iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh3 tərəfindən icra edilmiş hər bir hərəkət eyni zamanda digər Cavabdeh2 tərəfindən edilmiş (edilməsinə əvvəlcədən razılıq verilmiş, habelə sonradan da bəyənilmiş) hərəkət olmuşdur. Yeni mülkiyyətçi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsi Cavabdeh3 ilə İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə xitam verildikdən sonra bağlanmış müqavilədir və həmin müqaviləni də mülkiyyətçi Cavabdeh2 tərəfindən verilmiş etibarnamə əsasında məhz Cavabdeh3 bağlamışdır. Bu mənada mülkiyyətçi etibarnamə üzrə nümayəndəsi vasitəsilə Cavabdeh1 ilə 21 noyabr 2022-ci il tarixdə yeni icarə müqaviləsi bağlamaqla nümayəndəsi Cavabdeh3 İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi ilə bağlı həyata keçirdiyi hərəkətləri bəyəndiyini bəyan etmişdir. İcarəyəverən Cavabdeh3 ilə icarəçi İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış, xx.xx.2022-ci il tarixinədək müddəti uzadılmış, xx.xx.2022-ci il tarixdə müddətin bitməsi ilə xitam verilmiş icarə müqaviləsi ilə bağlı İddiaçı tərəfindən məhkəmədə qaldırılmış “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair hazırkı mübahisə üzrə icarə müqaviləsinin xitam edilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1 və 423.2-ci maddələri ilə deyil, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1, 697.1 və 700.3-cü maddələri ilə tənzimlənir. Bundan başqa qeyd olunur ki, icarəyəverən Cavabdeh3 ilə icarəçi İddiaçı arasında Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm olan qeyri-yaşayış sahəsinin 80 kvm hissəsinin icarəsi ilə bağlı xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsində nəzərdə tutulmuşdur ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. İcarə müddətinin sonunda tərəflərdən hər hansı biri müqavilənin pozulması ilə bağlı digər tərəfə təklif verməmiş, bu səbəbdən müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə, yəni müqavilənin müddətinin bitməsinə 1 ay 13 gün qalmış icarəyəverən icarəçiyə müddətin bitməsi ilə əlaqədar olaraq icarə müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərərək Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kvm təşkil edən qeyri-yaşayış sahəsinin 80 kvm hissəsinin xx.xx.2011-ci il tarixədək icarəyə verilməsinə dair İddiaçı ilə bağlanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tairxdə bitdiyini, bununla da icarə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin müddətinin bitməsi ilə xitam verildiyini nəzərə alınaraq icarə obyektinin xx.xx.2022-ci il tarixdən gec olmayaraq boşaldılıb təhvil verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə isə yeni bir müraciət göndərərək icarə obyektini təhvil verərkən icarə obyektinin yerləşdiyi Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanı üzrə dərman vasitələrinin və tibbi avadanlıqların satışı fəaliyyəti ilə məşğul olmaq üçün alınmış lisenziyanın da ləğv edilməsinin təmin olunmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə müqavilənin qüvvədə olma müddəti müəyyən edilmişdir. Həmin müddət bitmiş və icarə hüquq münasibətlərinə müddətin bitməsi ilə xitam verilmişdir. Müqavilə ilə müəyyən edilmiş müddətin bitməsi ilə icarəçinin icarə obyektindən istifadə ilə bağlı hüquqlarına da xitam verilmişdir. Yəni, müddət bitdikdən, bununla da icarə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçinin icarə haqqını tam ödəmişdirsə, yeganə bir vəzifəsi qalmışdır ki, o da icarə obyektini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsində nəzərdə tutulmuş qaydada müddətin bitdiyi tarixdən gec olmayaraq icarəyəverənə təhvil verməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinin tələbinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağalmağa məcbur etməyə yol verilmir. Müddətinin bitməsi ilə xitam olunmuş müqavilə üzrə icarə hüquq münasibətlərinin davam etdirilməsinə icarəyəverənin məcbur edilməsi, onu müqavilə bağlamağa məcbur etməkdir. Mülki Məcəllənin 423-cü maddəsi qüvvədə olan, yəni hələ şərtləri dəyişdirilməmiş, ləğv edilməmiş müqavilələr üzrə tərəflər arasında yaranmış mübahisələri tənzimləyir. Çünki qüvvədə olan müqavilənin şərtlərini yalnız qarşılıqlı razılıqla dəyişdirmək olar, eyni zamanda onu qarşılıqlı razılıqla ləğv etmək olar. Əgər tərəflərdən biri müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə razı deyildirsə, bu halda qanunverici həmin məsələnin həllini məhkəmənin səlahiyyətinə vermişdir. Çünki, əgər qüvvədə olan müqavilənin birtərəfli dəyişdirilməsinə və ya ləğv edilməsinə yol verilsəydi, bu halda mülki hüquq subyektləri arasında hərc-mərclik yaranar, mülki dövriyyənin sabitliyi pozulardı. Müddətinin bitməsi ilə xitam olunmuş müqavilə isə qüvvədə olmayan müqavilədir. Bu baxımdan müqavilənin müddətinin bitməsi ilə xitam olunmasını, qüvvədə olan, icra olunan müqavilənin ləğv edilməsindən fərqləndirmək lazımdır. Müddət bitmişdirsə, daha müqavilə yoxdur. Yəni həmin müqavilə üzrə bütün hüquq münasibətlərinə, öhdəliklərə xitam verilmişdir. Xitam olunmuş müqavilənin ləğv edilməsinə ehtiyac yoxdur ki. Xitam olunmuş müqavilənin Mülki Məcəllənin 423-cü maddəsi ilə nəzərdə tutulmuş mənada ləğv edilməsi mümkün də deyil. Xitam olunmuş müqavilənin ləğv edilməsi, yalnız fiziki mənada, yəni məsələn yandıraraq, cıraraq və sair bu qaydada məhv edilməsi ilə mümkündür ki, Mülki Məcəllənin 423-cü maddəsi bu qaydada ləğvi deyil, icra olunan, qüvvədə olan müqavilənin hüquq çərçivəsində ləğvini nəzərdə tutur. İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin 3cü bəndinin tələbinə görə icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 8-ci bəndinin tələbinə görə müqavilənin ləğv edilməsi tərələrin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Heç bir əsas olmadan tərəflərdən hər hansı biri icarə müqaviləsini ləğv edərsə aylıq icarə haqqının 6 mislini ödəməyi öhdəsinə götürür. Qeyd edilən bəndlərin müqayisəli təhlili göstərir ki, müqavilənin 3-cü bəndi ilə müəyyən edilmiş münasibətlər müqavilənin müddətinin bitməsi ilə pozulmasını, xitam olunmasını nəzərdə tutan münasibətlər olmaqla “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 689.1, 697.1, 700.3-cü maddələri ilə tənzimlənir. İcarə müqaviləsinin 8-ci bəndi ilə müəyyən edilmiş münasibətlər isə müqavilənin qüvvədə olduğu müddətdə ləğv edilməsini nəzərdə tutan münasibətlər olmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsi ilə tənzimlənir. Bu səbəbdən icarə müqaviləsinin 3-cü bəndinin tətbiqi ilə bağlı yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsi tətbiq edilə bilməz. Müddətinin bitməsi ilə xitam olunmuş icarə müqaviləsinin tərəfi olan icarəyəverəni həmin, qüvvədə olmayan icarə müqaviləsinin müddətini uzatmağa məcbur etmək olmaz. Əksi mülkiyyətçini (icarəyəverəni) bağlamağa razı olmadığı yeni müqavilə bağlamağa məcbur etmək olar ki, bu da yolverilməzdir. Bu cür məcburetmə Mülki Məcəllənin 390.1 (azad surətdə müqavilələr bağlamaq) və 390.3-cü (müqavilə bağlamağa məcburetməmə) maddələrinin pozulması olar. Məhkəməyə təqdim olunmuş İddiaçı Xaçmaz filialı üzrə səlahiyyətli nümayəndəsi (meneceri) Samir Yusiflinin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, o, icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyini, bununla da aptekdəki malın və inventarın yığılması üçün xx.xx.2022-ci il tarixdək möhlət verilməsini icarəyəverəndən xahiş etmişdir. Bundan sonra icarəçiyə malının və inventarının yığılması üçün möhlət verilmiş, daha sonra mal və inventar videomüşahidə, habelə mühafizə polisinin nəzarəti altında yığılıb qablaşdırılmış və icarə obyektindən çıxarılaraq icarəçinin saxlanc yerinə daşınıb, orada icarəçinin iştirakçı ilə icarəçinin saxlanc yerinə (anbarına) boşaldılaraq videomüşahidə altında icarəçiyə təhvil verilmişdir. İddiaçı Xaçmaz filialı üzrə səlahiyyətli nümayəndəsi (meneceri) Samir Yusiflinin xx.xx.2022-ci il tarixli bildirişi ilə təsdiq edilir ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi müqavilənin digər, yəni iddiaçı tərəfin də razılığı ilə müddətin bitməsi ilə xitam olunmuş, bundan sonra icarəçi icarə sahəsindəki özünə məxsus olan bütün əşyalarını (dərman vasitələrini, mebellərini və sair) çıxarıb, icarə sahəsini boşaldaraq icarəyəverənə təhvil vermişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Vəkil2 etirazı ilə bağlı 08 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, etirazda, qeyd olunur ki, guya, səlahiyyətsiz (icarə obyektinin mülkiyyətçisi olmayan) şəxs – Cavabdeh3 tərəfindən icarə müqaviləsinə xitam verilməsi barədə bildiriş sonradan Cavabdeh2 tərəfindən “bəyənilmişdir” və bu səbəbdən də həmin bildirişə əsasən icarə müqaviləsinə xitam verilməli idi. Bununla bağlı cavabdehlərin nümayəndəsi Cavabdeh2 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə istinad edilir. Etirazda göstərilən dəlillər tamamilə əsassız olmaqla, iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdehlərin nümayəndəsinin mövqeyinə görə, bir Cavabdeh2, digər cavabdeh- səlahiyyətsiz şəxs Cavabdeh3 icarə müqaviləsinə xitam verilməsi barədə iddiaçıya göndərdiyi bildirişi sonradan “bəyəndiyi” üçün həmin etibarsız bildirişə etibarlı əqd kimi baxılmalıdır. Halbuki, nəzərə almaq lazımdır ki, Cavabdeh2 sonradan “bəyəndiyi” həmin əqd (bildiriş) həmin bəyənməyə münasibətdə üçüncü şəxs olan iddiaçının mənafeləri pozur. Belə ki, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə səlahiyyətli şəxs tərəfindən hər hansı etibarlı əqd - bildiriş təqdim edilmədiyindən elə həmin müqavilənin 3-cü bəndinə uyğun olaraq icarə müqaviləsinin müddəti daha 1 il müddətinə uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Göründüyü kimi, cavabdehlərin nümayəndəsinin Mülki Məcəllənin 358-ci maddəsinə istinadən iddiaçının mənafelərini pozan əqdi “bəyənməsi” Mülki Məcəllənin 351.5-ci maddəsinə zidd olduğu üçün qəbul edilə bilməz. Bundan əlavə, Cavabdeh3, iddiaçıya göndərdiyi bildirişlərdə hər hansı etibarnaməyə (yəni, səlahiyyətli olduğuna) istinad etməmiş, bildirişləri öz adından göndərmiş, Cavabdeh2 tərəfindən də Cavabdeh3 verilmiş etibarnamə iddiaçıya təqdim edilməmişdir.Halbuki Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Digər tərəfdən, hətta həmin etibarnamə təqdim edilmiş olsaydı belə, həmin etibarnamədə onun qüvvədə olma müddəti göstərilmədiyindən Mülki Məcəllənin 363.1-ci maddəsinin tələbləri baxımından bir ildən sonra, yəni xx.xx.2022-ci ildə qüvvədən düşmüşdü. Şərh edilənlərdən də göründüyü kimi, qanunvericiliyin imperativ tələblərinə cavab verməyən bildiriş əsasında müqaviləyə xitam verilməsi barədə bildiriş heç bir hüquqi nəticə yaranmayan, əhəmiyyətsiz əqd olmuşdur və həmin bildirişə istinadən cavabdehlərinin nümayəndəsinin sonrakı dəlilləri də əsassız olmaqla, ümumiyyətlə müzakirə predmeti ola bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, İddiaçı X9 adlı işçisinin olmadığını bildirmişdir. Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddiaçı ilə aralarındakı müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. O, Cavabdeh2 ona verdiyi xx.xx.2020-ci il tarixli etibarnamə əsasında xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə İddiaçınə müddətin bitməsi ilə əlaqədar icarə müqaviləsinə xitam verilməsi barədə bildirişlər göndərərək obyektin təhvil verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi X9 ona məktub ünvanlayaraq müqavilənin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyini, malın və inventarın yığılması üçün xx.xx.2022-ci il tarixinədək vaxt verilməsini xahiş etmişdir. Daha sonra İddiaçınə aid mallar iddiaçının nümayəndəsinin iştirakı ilə obyektdən çıxarılaraq ona təhvil verilmişdir. Göstərilənlərə əsasən o, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qanuni təmsilçisi Nümayəndə2 izahatında 21 noyabr 2022-ci il tarixdə Cavabdeh2 ilə sözügedən qeyri-yaşayış sahəsinin ona məxsus hissəsinə dair icarə müqaviləsi bağladığını bildirərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən 14 sentyabr 2009-cu il tarixdə verilmiş **********54-06301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359.7kv.m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh3 məxsus 4/6 hissəsindən 80 kv.m. hissəsi İddiaçınə icarəyə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə görə icarə müddəti 13 oktyabr 2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Cavabdeh3 14 sentyabr 2009-cu il tarixdə verilmiş **********54- 06301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən adına paylı mülkiyyyətdə olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixli, 4Ə-2952 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirmişdir. İş materiallarından görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən ümumi sahəsi 359.7kv.m olan qeyri-yaşayış sahəsinin 229,75 kv.m. hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ X10 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 18 dekabr 2020-ci il tarixdə verilmiş **********54-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh3 tərəfindən İddiaçınə göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdə göstərilir ki, İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddəti 1 il – xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Eyni zamanda icarə müqaviləsinin müddətinin 12 oktyabr 2022-ci il tarixdə bitəcəyi bildirilmiş və icarə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilməsi nəzərə alınaraq icarə obyektinin xx.xx.2022-ci il tarixdən gec olmayaraq boşaldılaraq təhvil verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh3 tərəfindən İddiaçınə göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, icarə obyektinin boşaldılaraq təhvil verilməsi ilə yanaşı, təhvil verilərkən həmin obyektin yerləşdiyi Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanı üzrə dərman vəsaitlərinin satışı fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı almış olduğu lisenziyanın da ləğv edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Xaçmaz filialı üzrə satış meneceri Yusifli Samir icarə müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyini, bununla da aptekdəki malın və inventarın yığılması üçün xx.xx.2022-ci il tarixdək möhlət verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" QSC-nin baş auditoru Şahmar Qurbanov, Xaçmaz RSŞ-nin satış müdiri Samir Yusifli, fiziki şəxs Nümayəndə2 tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, “Xaçmaz Dokta 1140” aptekində olan 15712,65 manat dəyərində və “Xaçmaz Dokta 721” aptekində olan 10811,02 manat dəyərində mallar sayılaraq Samir Yusifliyə təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış (Cavabdeh2 adından müqaviləni xx.xx.2020-ci il tarixli 13877 nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 imzalamışdır) 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359.7kv.m olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh2 məxsus 200 kv.m. hissəsi Cavabdeh1nə icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti 21 noyabr 2025-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2020-ci il tarixli 13877 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 anasına daşınmaz əmlakın alqı-satqısı və digər məsələlər barədə səlahiyyətlər vermişdir. İş materiallarında olan X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli və X3 ilə İddiaçı arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli icarə müqavilələrindən görünür ki, həmin müqavilələri İddiaçı adından onun etibarnamə üzrə nümayəndəsi kimi X9 imzalamışdır (X2 Leylaya yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli bildiriş göndərmiş və İddiaçı malları xx.xx.2022-ci il tarixli akta əsasən ona təhvil verilmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 355-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. - 356-cı maddəsinə əsasən əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. - 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. - 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. - 689.1-ci maddəsinə görə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. “İcarə haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh3 arasında 12 oktyabr 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359.7 kv.m. olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh3 məxsus 4/6 hissəsindən 80 kv.m. hissəsi xx.xx.2021-ci il tarixinədək İddiaçı MMC-yə icarəyə verilmişdir. İcarəçi həmin icarə obyektində dərman vasitələrinin satışı ilə məşğul olmuşdur. Cavabdeh3 həmin qeyriyaşayış sahəsinin ona məxsus hissəsini xx.xx.2018-ci il tarixdə Cavabdeh2 bağışlamış və sonuncunun mülkiyyət hüququ müvafiq qaydada ödvlət qeydiyyatına alınmışdır. İcarə müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürmədiklərindən müqavilə xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddətinin bitməsinə bir neçə ay qalmış – xx.xx.2022-ci il tarixdə Cavabdeh3 icarə müqaviləsinə xitam verilməsinə dair İddiaçı MMC-yə bildiriş göndərərək icarə obyektinin təhvil verilməsini tələb etmiş, daha sonra xx.xx.2022-ci il tarixdə eyni məzmunlu daha bir bildiriş göndərərək əlavə olaraq icarə obyektinin yerləşdiyi ünvan üzrə dərman vasitələrinin satışı fəaliyyəti ilə məşğul olmaq üçün alınmış lisenziyanın da ləğv edilməsini xahiş etmişdir. 2022-ci ilin noyabr ayında İddiaçınə məxsus mallar sözügedən icarə obyektindən çıxarılaraq X6 təhvil verilmişdir. Bundan sonra “Farmstore" MMC ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanda yerləşən ümumi sahəsi 359.7 kv.m. olan qeyri-yaşayış binasının paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 200 kv.m. hissəsi “Farmstore" MMC-yə icarəyə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli müvafiq bildirişləri Cavabdeh3 İddiaçınə öz adından göndərmiş, həmin bildirişlərdə sözügedən icarə obyektinin mülkiyyətçisi Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi olduğu qeyd edilməmişdir. Buna baxmayaraq işin halları ilə müəyyən olunur ki, Cavabdeh3 həmin bildirişləri göndərməsinə mülkiyyətçinin sonradan hər hansı etirazı olmamış, daha sonra isə Cavabdeh3 etibarnamə əsasında sözügedən qeyri-yaşayış sahəsinin Cavabdeh2 məxsus 200 kv.m. hissəsini “Farmstore" MMC-yə icarəyə vermişdir. Beləliklə, iddiaçı iddia ərizəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin İddiaçı icarəsində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 359,7 kv.m. olan qeyriyaşayış sahəsinin 80 kv.m. hissəsinə münasibətdə etibarsız hesab edilməsinə, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixədək uzadılmış hesab edilməsinə və ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 359.7 kv.m. olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət üzrə Cavabdeh3 məxsus olmuş 4/6 hissəsindən İddiaçınə icarəyə verilmiş 80 kv.m. hissəsindən İddiaçı istifadəsinə Cavabdeh3 tərəfindən maneələr yaradılmasının qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslılığı müəyyən edilməmişdir. Göründüyü kimi iddia tələbi üç hissədən ibarətdir. - 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin bir hissəsinin etibarsız hesab edilməsi; - 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılmış hesab olunması; - icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324-cü maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, 21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin bir hissəsinin etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə hesab edir, iddia tələbi “12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılmış hesab edilməsi” hissəsində də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.3-cü maddəsində əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə şərh olunan hüquq normalarına istinadən hesab edir ki, müqavilə azadlığı prinisipinə əsasasən tərəflər müqavilənin şərtləri barədə razılaşmaqla qanunvericiliyinə zidd olmayan müqavilə bağlaya bilərlər və şəxs müqavilə bağlanmasına, o cümlədən qanunla nəzərdə tulumuş hallar istina olmaqla müqavilə münasibətlərinin uzadılmasına məcbur edilə bilməz. Məhkəmə iddia tələbinin “icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” hissəsinin bilavasitə "21 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin bir hissəsinin etibarsız hesab edilməsi və 12 oktyabr 2018-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılmış hesab olunması" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə təmin olunmadığından “icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab olunması və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbi barədə iddia ərizəsi rədd edilməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab olunması və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbi barədə iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar